Siyavuş Novruzov: “Müsavatda repressiya gedir”
17 noyabr 2014 17:20 (UTC +04:00)

Siyavuş Novruzov: “Müsavatda repressiya gedir”

 

 

Səxavət Əlisoyun Müsavatdan çıxarılması onu göstərir ki, orada repressiya gedir. Çünki Səxavət Əlisoy seçkilərin saxtalaşdırıldığını, qurultayın düzgün keçirilmədiyini, Mərkəzi Nəzarət-Təftiş Komissiyasının və Divanın düzgün seçilmədiyini dəfələrlə bəyan edib. Bu günsə öz fikrini, demokratik düşüncəsini səsləndirdiyinə görə partiyadan çıxarıldı”.


 

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Müsavat Partiyası Divanının bu gün keçirilən iclasında Səxavət Əlisoyun partiyadan kənarlaşdırılmasına münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, S.Əlisoy sadəcə tələb edib ki, Müsavat Partiyasının nizamnaməsinin tələbləri yerinə yetirilsin və fakt ortaya qoyub ki, partiya nizamnaməsinin tələbləri kobud şəkildə pozulub, seçkilər saxtalaşdırılıb: “O tələb edir ki, demokratik qaydada qurultay keçirilsin. Çünki bir qrup tərəfindən Müsavat Partiyası monopoliyadadır. Ömrü boyu yalandan demokratiyadan, fikir plüralizmindən danışanlar, Azərbaycanda keçirilən seçkiləri saxtalıqda ittiham edənlər bu gün özləri hansı vəziyyətdə olmalarını ortaya qoydular. Partiya rəhbərliyinə seçkilərdə hətta ən iyrənc saxtakarlığa əl atırlar. Demək olar ki, Müsavatda tanınmış simaların əksəriyyəti bütün bu məsələ ilə əlaqədar ya partiyanı tərk edib, ya da azad fikirlərinə görə partiyadan çıxarılırlar”.

 

YAP rəsmisi Qubad İbadoğlu və Səxavət Əlisoyun Azərbaycan iqtidarı tərəfindən idarə olunması ittihamlarına da cavab verib: “İstər yerli təşkilat sədrləri, istər partiya gənclər təşkilatının sədri, istər ayrı-ayrı şəxslər, məsələn, Nəsib Nəsibli, Hikmət Hacızadə və Müsavatın əksər qurucuları son qurultayın seçiminə etirazını bildirib. Bunun iqtidara nə dəxli var axı? Buna etiraz edənlər sadəcə deyirlər ki, azad və ədalətli seçki keçirilsin, Nizamnaməyə uyğun hərəkət tələb edirlər. Onlar haqlı olaraq deyirlər ki, seçki Arif Hacılının saxtakarlığı, fitnəkarlığı ilə keçirilməməlidir. Budur söhbət. Bunun iqtidara nə aidiyyəti var? Hamınız da görürsünüz ki, Müsavat Partiyası tərəfindən bunların fikirlərinə heç kim cavab vermir, Arif Hacılının iki qardaşından başqa hamı susur. Bu da təsdiq edir ki, Müsavat Partiyası Arif Hacılı tərəfindən monopoliyaya götürülüb. Təbii ki, burada bilavasitə İsa Qəmbərin barmağı var”.

 

S.Novruzov Müsavatın gələcəyi ilə bağlı qənaətini də açıqlayıb: “Ya təkrar qurultay keçirilməlidir, ya da yeni bir Müsavat Partiyası yaranacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376
avatar

Oxşar yazılar