Mayın 21-də Azərbaycan prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Serbiya Respublikasının prezidenti Aleksandr Vuçiçin şərəfinə rəsmi ziyafət verilib.
APA-nın məlumatına görə, prezident İlham Əliyev Serbiya prezidenti ilə keçirdiyi görüşlərin ölkələrimiz arasında xüsusi əməkdaşlıq formatı yaratdığını deyib. Dost və strateji tərəfdaş olan ölkələrimiz arasında bir neçə il öncə imzalanan strateji tərəfdaşlıq haqqında Bəyannamənin və bu səfər çərçivəsində imzalanan strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planının əhəmiyyətini vurğulayan dövlət başçısı ikitərəfli münasibətlərimizin çox güclü təməl üzərində qurulduğunu qeyd edib. Prezident İlham Əliyev bundan sonra da Azərbaycan ilə Serbiya arasında müxtəlif sahələr üzrə məsləhətləşmələrin davam etdiriləcəyinə əminliyini ifadə edib, ölkələrimizin qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan əlaqələrinin əhəmiyyətini vurğulayıb.
Serbiya Prezidenti Aleksandr Vuçiç yüksək qonaqpərvərliyə görə prezident İlham Əliyevə təşəkkür edib. Ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu deyən Serbiya prezidenti bu münasibətlərin qarşılıqlı inama və etimada söykəndiyini bildirib. Qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsi üçün yaxşı imkanlar var. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən möhtəşəm işlərin şahidi olduğunu deyən Aleksandr Vuçiç Azərbaycan ilə Serbiya arasında siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi üçün münbit şəraitin yaranmasının əhəmiyyətini vurğulayıb. Sonda Serbiya dövlətinin başçısı ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını çatdırıb.