Cənubi Qafqazın geosiyasi rolu istər potensialına, istərsə də geostrateji mövqeyinə görə unikal əhəmiyyətlidir. Bu region həm enerji mənbəyi olaraq, həm də ümumilikdə Xəzərin enerji resurslarının Avropaya nəqlində öz əlverişli geosiyasi mövqeyinə görə xüsusi dəyərə malikdir.
Xəzər Avrasiyanın mərkəzində yerləşmişdir. Bu dəniz üzərində nəzarəti ələ almaqla, eyni zamanda Orta Asiyaya, Rusiyanın tam içərilərinə, İrana və Cənubi Qafqaza təsir göstərmək olar. Odur ki, bu regionu Avrasiyanın “dayaq nöqtəsi” hesab etmək mümkündür.
Yeni geosiyasi reallıq ondan ibarətdir ki, Qafqazda heç bir unikal təhlükəsizlik sistemi mövcud deyildir. Hər şeydən öncə, Cənubi Qafqazda kəskin münaqişə ocaqlarının olması, xüsusilə də Qafqaz regional təhlükəsizlik sisteminin aparıcı iştirakçısı kimi qəbul edilən Azərbaycan Respublikasının ədalətsiz şəkildə cəlb olunduğu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bu sistem üçün əsas maneədir. Digər amil isə regionda təhlükəsizlik sisteminin yaradılması təşəbbüsü ilə çıxış edən, lakin konkret təklif və modellərə baxmayaraq qeyri-səmimilik nümayiş etdirən ABŞ və Rusiya faktorudur.
Təbii ki, Cənubi Qafqazda baş verən dəyişikliklər, yeni geosiyasi amillər regionun aparıcı dövləti hesab olunan Azərbaycan Respublikasından da yan keçmir. Azərbaycan həm geostrateji, həm də geosiyasi baxımdan əlverişli məkandır. Cənubi Qafqazda həyata keçirilən transmilli layihələr və burada Azərbaycanın əsas söz sahiblərindən biri olması ölkəmizin iqtisadi qüdrətini artırmaqla yanaşı, beynəlxalq miqyasda onun nüfuzunun daha da yüksəlməsində önəmli rol oynayır. Bu vaxta qədər icra edilən regional layihələrlə yanaşı, qarşıdakı dövr ərzində də yeni transmilli layihələrin həyata keçirilməsində Azərbaycan kifayət qədər potensiala, tranzit imkanlarına malik ölkə kimi qəbul olunur. Amerika-Azərbaycan Palatasının həmsədri, “Şevron” şirkətinin vitse-prezidenti R. Maatskenin Azərbaycanın geosiyasi mövqeyi ilə bağlı söylədiyi fikir bu tezisi bir daha təsdiqləyir: “Azərbaycan Avrasiyaya həm ticarət, həm də strateji yol deməkdir”.
Əsasən regionun karbohidrogen ehtiyatlarının işlənməsinə aid qlobal layihələr, əlbəttə, Azərbaycansız təsəvvür edilə bilməz. Azərbaycanın əvəzolunmazlığı təkcə istehsalçı olduğuna bağlı deyildir. Bu həm də tranzit ölkə kimi öz məhsullarını və Orta Asiya respublikalarının məhsullarını Avropaya çıxaran enerji, tranzit dəhlizi olmasına bağılıdır. Bunu Qərb dövlətləri də anlayır. Prezident İlham Əliyevin də vurğuladığı kimi Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir.
Nailə Məmmədova
“Azerbaijan Realities”