İqor Panarin: “Ermənistan-Azərbaycan müharibəsi başlayacağı təqdirdə, KTMT beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edəcək”
“İrana qarşı müharibə sözsüz ki, Ermənistan-Azərbaycan- münaqişəsi - Dağlıq Qarabağ ətrafındakı vəziyyətə, ümumilikdə isə Xəzər regionuna təsir edəcək. Regionda vəziyyət sabit deyil, hər an dəyişə bilər. Rusiyanın Ermənistana verdiyi zəmanət də ancaq bu gün üçün öz davamlılığını qoruyur. Sabah müharibə başlayacağı təqdirdə, nələrin baş verəcəyini, kimin kimə arxa dura biləcəyini söyləmək çətindir”.
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında rusiyalı politoloq, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu Mərkəzi Asiya və Qafqaz Tədqiqat Mərkəzinin işçi qrupunun koordinatoru Aleksandr Skakov bildirib.
Onun sözlərinə görə, Ermənistanın Gömrük İttifaqına daxil olması üçün rəsmi Moskvanın təzyiqi olub: “Bəli, bu fakt danılmazdır. Lakin təkcə Moskva İrəvana təzyiq etməyib. Avropa Birliyi də İrəvana təzyiq edirdi. Bu təzyiq Rusiyanın təzyiqindən də böyük idi. Onlar Ermənistandan postsovet məkanına inteqrasiyadan tamamilə imtina etməyi tələb edirdilər. Rusiya Ukraynaya da təzyiq göstərdi. Lakin Qərbin təzyiqi yenə də Rusiyadan güclü oldu. Kreml Ukraynanı yola gətirə bilmədiyini başa düşdü və ən yaxın tərəfdaşı olan Ermənistanı Gömrük İttifaqına qoşulmağa təkid etdi”.
“Avrasiya Birliyinə üzv olan ölkələr üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı təhlükəsizlik çətiri olacaq. Ermənistan Gömrük İttifaqına daxil olmaq niyyətini açıqlayıb. Bu o deməkdir ki, İrəvanın Avrasiya birliyi yolu açılıb. KTMT həm üzvü olan Ermənistanın, həm də ümumilikdə Avrasiya Birliyi ölkələrinin təhlükəsizliyini qoruyacaq”. Bunu isə APA-ya KTMT Analitik Assosiasiyasının koordinatoru İqor Panarin bildirib.
Onun sözlərinə görə, KTMT ölkələrinə hərbi təcavüz olunacağı zaman çıxış yolu təkcə təşkilatın müharibəyə qoşulması demək deyil: “KTMT təkcə hərbi təşkilat deyil. Ermənistan-Azərbaycan müharibəsi başlayacağı təqdirdə, KTMT beynəlxalq hüquq normaları çərçivəsində hərəkət edəcək”.
Xəzər Əməkdaşlıq İnstitutunun direktoru, politoloq Sergey Mixeev isə APA-ya bildirib ki, Dağlıq Qarabağ Ermənistan ərazisi deyil: “Ona görə də KTMT-nin Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə bu müharibə qoşulması mümkün olmayacaq”.
Onun sözlərinə görə, KTMT yalnız təşkilata üzv ölkələrin təhlükəsizliyini qorumağa cavabdehdir: “Dağlıq Qarabağ Ermənistan ərazisi olmadığından KTMT-nin bu müharibəyə qoşulması mümkün deyil. Lakin Ermənistanın ərazi bütövlüyünə qarşı hər hansı təhlükə baş verərsə, o zaman KTMT nizamnaməsinə uyğun olaraq hərəkət edəcək”.