Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev müxalifət-iqtidar dialoquna qarşı çıxıb. Modern.az-ın məlumatına görə, R.Quliyev Milli Şura üzvlərinin iqtidarla dialoq getmək təklifini kəskin tənqid edib: “20 ildir müxalifət hakimiyyətdən dialoq keçirməyi xahiş edir. Başqa sözlə, sövdələşmək istəyir. İndiyə qədər heç vaxt dialoq olmayıb, görəsən indi nə dəyişib ki, höküməti dialoqa məcbur etsin. Dialoq nə deməkdir? Dialoq azad və ədalətli seçkilərə şərait yaratmaq üçün hökumətdən səmimi qarant almaq deməkdir. Hökumətin azad və ədalətli seçki keçirəcəyinə inanların ağlı ancaq şübhə doğura bilər. Sövdələşmə də ola bilməz. Çünki güclü heç vaxt gücü olmayanla sövdələşməz, sadəcə olaraq onu alıb istədiyini diktə edə bilər. Ona görədə dialoq ancaq güc ortaya qoyandan sonra baş verə bilər,məsələn, 1989-1990-cı illərdəki kimi”.
R.Quliyev daha sonra prezident seçkilərindən bəhs edib: “Bu gün Azərbaycanda 2013-cü ilin prezident seçkisi ili olduğunu xatırladan (10-15 min oxucuları eyni adamlardan ibarət olan qəzetlərdəki yazılardan başqa) mühit yoxdur. İnsanların passivliyi, biganəliyi, taleləri ilə barışmaları adamın gözünə girsə belə, biz bunu görmək istəmirik. Xahiş edirəm, fikrləşin və son vaxtlar Rusiya, Ukrayna, Gürcüstan, Qırğızıstan, Ermənistan, hətta Belarusda keçirilmiş prezident və parlament seçkilərini xatırlayın və Azərbaycanla müqayisə edin. Bizim acınacaqlı vəziyyətimizi dərk etməyə çalışın”.
ACP liderinin sözlərinə görə, Milli Şurada nizam-intizam yox dərəcəsindədir. R.Quliyev hesab edir ki, Milli Şura adından mətbuata danışmaq, siyasi bəyanatlar vermək yalnız Rüstəm İbrahimbəyova məxsusdur: “Belə bir vəziyyətdə hansısa bir təşkilatdan kimsə Milli Şuranın dialoqa hazır olduğunu elan edir. Yəqin ki, belə bəyanatın ziyanını anlamadan. Birincisi, güc ortaya qoymadan belə bir bəyanatın irəli sürülməsi hakim dairələrin özlərinə inamını qat-qat artırır. İkincisi, Milli Şurada nizam-intizamın olmadığına dəlalət edir. Demokratiyanın elementar qanunu Milli Şura qərar çıxararsa, onun adından ancaq o təşkilatın sədrinin danışmasını tələb edir. Bizdə isə istənilən bir qaraguruhçunu öz adının hansısa qəzetdə halandırılması daha çox maraqlandırır, nəinki Azərbaycanın taleyi”.