“Hicablı qadın deyəndə bir terrorçu obrazı təsvir olunur”
“Azərbaycan qadını hələ ötən əsrin əvvəllərində - 1918-ci ildə səsvermə hüququ qazanıb, həmin dövrdə ABŞ-da qadınlar üçün belə bir hüquq tanınmamışdı”.
Lent.az-ın verdiyi məlumata görə, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bu gün parlamentdə Kanadanın Toronto Universitetinin Azərbaycan üzrə araşdırmalarla məşğul olan bir qrup tədqiqatçısı ilə keçirilən görüş zamanı söyləyib.
Rəbiyyət Aslanova deyib ki, Avropanın özündə də qadınlara seçkilərdə iştirak etmək, seçmək və seçilmək hüququnun verilməsi məsələsi sonrakı illərə təsadüf edir: “Ancaq bizi narahat edən başqa bir məqam odur ki, Azərbaycan qadınını təqdim edərkən sanki onu Şərqin, müsəlman aləminin geridə qalmış bir təbəqəsi kimi göstərməyə cəhd olunur. Yəni, bəzən Azərbaycan qadını haqqında belə yanlış təqdimatlara cəhd edilir. Bakıda gəzərkən yəqin ki, “Azad qadın” heykəlinə rast gələcəksiniz. Bu qadın çadradan imtina edən qadının, qadın azadlığının simvoludur. Ancaq dünyanın heç bir yerində azad qadına qoyulmuş monumental bir heykələ rast gələ bilməzsiniz. Bu, nə ABŞ-da, nə də Avropada var. Burada eyni zamanda, söhbət heç də çadranın atılmasından getmir, burada söhbət qadın azadlığından və ona münasibətdən gedir. Bu gün başına örpək örtüb, ancaq öz sahəsində dünyaya o qədər töhfə verə bilən, verən qadınlar ola bilər və var. Bununla yanaşı, ümumiyyətlə, Qərb dünyasında sanki müsəlman, çadralı, hicablı qadın deyəndə bir terrorçu obrazı təsvir olunur, göz önünə gətirilir. Bu, hesab edirəm ki, Qərbin Şərq, müsəlman qadınına olan ən yanlış yanaşmasıdır. Beynəlxalq təşkilatlardan birində də bu məsələ ilə bağlı çıxış edərkən bildirmişdim ki, məgər Məryəm ananı baş örtüksüz görmək və təsəvvür etmək mümkün olarmı? Demək istəyirəm ki, çadra, örpək, hicab heç də gerilik əlaməti deyil”.
Azərbaycanda əhalinin 58 faizini qadınlar təşkil etdiyini nəzərə çatdıran Rəbiyyət Aslanovanın sözlərinə görə, bu say çoxluğu da nəticə etibarı ilə qadın hüquqları məsələsinin daha çox gündəmə gəlməsinə və bu hüquqların getdikcə genişlənməsinə gətirib çıxaran müsbət məqamdır: “Azərbaycanda qadın hüquqlarının təmin edilməsi istiqamətində bütün işlər görülüb və görülməkdədir. Bu yöndə güclü hüquqi baza formalaşıb, dövlət başçısının fərmanı ilə 1998-ci ildə Azərbaycanda qadın hüquqları ilə məşğul olan Dövlət Komitəsi yaradılıb. Əgər 1995-2000-ci illərdə parlamentdə qadınların sayı cəmi 5 faiz təşkil edirdisə, bu gün parlamentin beşdə bir hissəsi qadınlardır, Milli Məclisdə 19 qadın millət vəkili təmsil olunur. Bu, həm çoxdur, həm də azdır. Eyni zamanda, son bələdiyyə seçkilərində 4 minə yaxın qadın namizəd iştirak edib və onların böyük əksəriyyəti bu gün bələdiyyə orqanlarında təmsil olunurlar. Bunun özü də bir uğurdur”.
Komitə sədri Azərbaycan xalqının tolerantlığından da danışıb: “Bakı şəhərini gəzərkən burada məscidlərlə yanaşı, kilsələrə, sinaqoqlara, hətta erməni-qriqorian kilsəsinə də rast gələcəksiniz. Ancaq çox təəssüflər olsun ki, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində, eləcə də, azərbaycanlıların 1988-ci ilə qədər yaşadığı tarixi torpaqlarında-indiki Ermənistan adlanan dövlətdə bir dənə olsun belə, məscidə rast gəlmək mümkün deyil. Onlar hamısı məhv, yerlə-yeksan ediliblər. Bununla belə, Bakının tən ortasında yerləşən erməni-qriqorian kilsəsinə getsəniz, özünüz orada hər şeyin olduğu kimi, qorunub saxlandığına şahid ola bilərsiniz. Bu, Azərbaycan xalqının böyük dözümlülüyünün, tolerantlığının göstəricisidir. Ermənilərdən fərqli olaraq vandalizm bizim üçün yolverilməz və qəbuledilməz bir haldır. Azərbaycan bu gün mədəniyyətlərarası dialoqun qurulmasına böyük önəm və yeri gəldikcə də buna öz töhfəsini verir. Bakı bu gün mədəniyyətlərarası, sivilizasiyalararası münasibətlərin qurulduğu bir mərkəzə, məkana çevrilib. Mənə elə gəlir ki, bu haqda çox danışmaqdansa, bunları gözlə görmək lazımdır və çox güman ki, görəcəksiniz də”.
Görüşdə iştirak edən Kanadanın Vaterloo Universitetinin Azərbaycan əsilli professoru İlham Axundov isə qeyd edib ki, ötən ilin sentyabr ayından etibarən Kanada Azərbaycan Tədqiqatlar İnstitutu (KATİ) və Toronto Universitetinin birgə layihəsi əsasında, Toronto Universitetinin MUNK qlobal əlaqələr fakültəsi universitetin tələbələri üçün “Azərbaycan üzrə araşdırmalar” dərsi tədris edilir və bu səfərdə iştirak edən insanlar da məhz həmin dərsə qatılan Azərbaycan üzrə araşdırmalarla məşğul olan 5 nəfər tədqiqatçıdır: “Bu baxımdan bu səfər onlar, eləcə də, bizim üçün çox önəmlidir. Çünki bu səfərdən sonra həmin tədqiqatçılar 20 səhifəlik tezislər yazmalıdırlar və aprel ayının sonlarında həmin tezislərin müzakirəsinə həsr olunmuş geniş beynəlxalq konfrans keçiriləcək. Həmin konfransdan sonra isə həmin tezisləri özündə əks etdirən press-relizlər hazırlanaraq, universitetimiz tərəfindən yayılacaq və Azərbaycana da göndəriləcək”.
Rəbiyyət Aslanova özünün də həmin konfransa qatılmaq niyyətində olduğunu bildirib və onun bu istəyi qarşı tərəfin müsbət münasibəti ilə qarşılanıb. Daha sonra görüş kanadalı tədqiqatçıların Rəbiyyət Aslanovaya ünvanlandığı suallar əsasında qarşılıqlı fikir mübadiləsi şəklində davam etdirilib.