Qan izi: biz bu yolla getməliyikmi? – ELBƏYİ HƏSƏNLİ YAZIR
08 sentyabr 2015 13:05 (UTC +04:00)

Qan izi: biz bu yolla getməliyikmi? – ELBƏYİ HƏSƏNLİ YAZIR

1572-ci il, 24 avqust. Parisdə tarixə "Varfolomey gecəsi" kimi daxil olmuş qətliam baş verdi. Bir həftə ərzində 10 mindən çox protestant katoliklər tərəfindən qətl edildi. Budan əvvəl də bu kimi qırğınlar olmuşdu. Ancaq kimsə bilmirdi ki, bunlar hələ başlanğıcdır. Tezliklə daha böyük qətliamlar Avropanı tar-mar edəcək...

 

1618-1648. Düz 30 il ərzində Avropanın 13 ölkəsi bir-birinə qarşı məzhəb savaşına qalxdı. Bu savaşda baş rolun ifaçısı olan alman xalqı əhalisinin 60 faizindən çoxunu itirdi. Bu itkinin təsirindən qurtulmaq və öz əzəmətinə dönmək üçün almanlara 2 əsr vaxt lazım gəldi...

 

Bəzi məlumatlara görə, katolik-protestant müharibəsində 8 milyondan çox insan qırılıb. Düşünün ki, Osmanlı imperiyası da bu savaşda 60 minlik süvari ilə protestant alman kralı V Fridrixə dəstək verib...

 

Elə mənim yaşadığım İsveçrədə elə kantonlar var ki, 30 illik müharibənin nəticəsi olaraq məzhəb fərqinə görə iki yerə bölünüb...

 

Hazırda isə bir vaxtlar məzhəb savaşına səhnə olmuş Avropa ölkələri Avropa Birliyində ortaq dəyərləri bölüşürlər. Avropada dini ayrı-seçkiliyə çağırışlardan əsər-əlamət  qalmayıb...

 

Yaxın Şərq isə... indi-indi məzhəb savaşı ucbatından od tutub yanır. Dünyanın ən həssas regionlarından biri sünnilərlə şiələr arasında gedən müharibənin gətirdiyi ağlasığmaz fəlakətlərin içində can verir. Sünnilərin pənahı olan Səudiyyə Ərəbistanı ilə özünü şiələrin böyük dayağı qismində görən İran arasında regiona təsir imkanları uğrunda savaş gedir. Yəmən, Bəhreyn, Suriya, İraq, Livan... bu savaşın içində yer alıb. O da gün kimi aydındır ki, bir sıra ölkələr bu savaşın alovlanması üçün əlindən gələni əsirgəmir. Müxtəlif müstəvilərdə, açıq və gizli gedən bu rəqabət minlərlə yaşayış məntəqəsini xaraba qoyub. Dünənə qədər insanların qaynar qazan kimi qaynadığı şəhər və qəsəbələrdə indi bayquşlar ulayır. Suriyada gedən savaşa Türkiyənin sünni himayədarı kimi müdaxilə etməsi vəziyyəti daha da gərginləşdirib. Mükəmməl təşkilatlanmış terrorçuların Suriya və İraqın böyük bir ərazilərində elan etdiyi “İslam Dövləti” də digər tərəfdən sünnilərin maraqlarını ifadə edir. Onlar şiələri, xristianları və digər dini və etnik azlıqları ən amansız üsullarla yer üzündən silirlər. ABŞ-ın müttəfiqləri ilə İŞİD-ə qarşı hava hücumları təşkil etməsi, Qərbin Yaxın Şərqdə özünə yeganə etibarlı tərəfdaş kimi kürd separatçılarını görməsi, Türk Dünyası tərəfindən unudulmuş türkmənlərin Allahın ümidinə qalması və bu kimi digər faktorlar bölgədə ziddiyyətləri daha da dərinləşdir. Qərb və İsrail tərəfindən Yaxın Şərqdəki dövlətlərin sərhədlərinin dəyişdirilməsinə və yeni dövlətlərin yaradılmasına hesablanmış gedişlər də kimsəyə sirr deyil. Yerli xalqların, məzhəblərin maraqları birgəyaşayış düşüncəsini şiddətlə rədd edir. Bu sərsəm qarşıdurmanın nəticəsi odur ki, yüz minlərlə insan qırılıb, 5-6 milyon nəfər isə yurd-yuvasından didərgin düşmək zorunda qalıb. Diktatorların at oynatdığı Yaxın Şərq qarşılaşdığı problemləri çözmək gücündə deyil. Elə buna görə də müsəlmanlar baş götürüb xaçpərəst Avropaya qaçırlar. Gecə-gündüz minbərlərdən xristian dünyasını söyən din xadimlərinə qulaq asan müsəlmanlar İslam Dünyasının ölüm saçan qəzəbindən xilas olmaq üçün Xristian Dünyasına üz tuturlar. Ən maraqlısı isə odur ki, seksual azlıqları müdafiə edən “tərbiyəsiz xristianlar” da onları həqarətlə donuzla müqayisə edən müsəlmanlara qucaq açırlar...

 

Hazırda qoca Avropa mühacirətə üz tutan müsəlmanların addım səsindən silkələnir. Siyasi təhlilçilər vurğulayır ki, milyonların axını yaxın gələcəkdə Avropanı da fəlakətə sürükləyəcək...

 

Jurnalist olaraq da bu prosesi yaxından izləyirəm. Türkiyəli fotoqraf Nilufər Dəmirin çəkdiyi foto hamı kimi məni də silkələdi. Dalğalarda can verən 3 yaşlı Alan Kürdinin sahilə atılmış cansız bədəninin görüntüsü Avropada və bütövlükdə dünyada ağlasığmaz sarsıntı yaratdı. İndiyə qədər media tarixində belə təsirli foto olmayıb. Bu foto ilə bağlı BBC-nin hazırladığı reportaj isə peşəkarlıq baxımından mükəmməl idi...

 

Bəs dünyanın gündəmini zəbt etmiş bu məsələ ilə bağlı ərəb mediası nə yazır? Ərəb dünyasında xüsusi çəkisi olan “Al-Jazeera” və “Al-Arabiya”nın bu məsələyə münasibətinə nəzər salaq.

 

“Al-Jazeera” xatırladır ki, bu il Avropaya üz tutan 2.500 nəfər müxtəlif səbəblərdən mənzil başına çatmadan ölüb. Elə bu günlərdə Avstriya polisi bəyan etdi ki, şose yolunda atılmış yük maşınından Suriyadan qaçan 71 nəfərin meyiti tapılıb. Hava çatışmazlığından ölənlər arasında uşaqlar da vardı.

 

Populyarlığı ilə seçilən kanal qeyd edir ki, müsəlman mühacirlərə azad və çiçəklənən Avropada münasibət eyni deyil. Belə ki, Şərqi Avropa ölkələri müsəlmanlara yer verməkdən imtina edib. Ancaq Qərbi Avropa, xüsusən Almaniya və Avstriya müsəlman qaçqınlara qucaq açıb.

 

Belə bir fonda varlı körfəz ölkələrinin Yaxın Şərqdən qaçanlara yardım etməməsi vurğulanır. Qeyd olunur ki, varlı ərəb ölkələrinin rəhbərləri canının hayında olan binəva ərəblərə məhəl qoymur. Ancaq həmin ölkələrdə yaşayan əhali  sosial şəbəkələrdə öz rəhbərlərinin qeyri-insani davranışına, onların bu məsələyə biganəliyinə etiraz edirlər. Bu, hazırda sosial şəbəkələrdə ərəblərin dartışdığı əsas mövzudur.

 

“Al-Jazeera” qeyd edir ki, körfəz ölkələri cah-calal içində itib-batır. Dünyanın ən uca göydələnləri, ən dəbdəbəli sarayları, universitet-şəhərləri körfəz ölkələrinin payına düşür. Bu ölkələrdə işçi qüvvəsinə də ehtiyac böyükdür.

 

Kanal vurğulayır ki, İŞİD körfəz ölkələrinin rəhbərlərini məhrumiyyətlərlə üzləşmiş müsəlmanlara münasibətini kəskin şəkildə pisləyir və problemin həllini xilafəti bərpa etməkdə görür.

 

“Al-Arabiya” isə xatırladır ki, hazırda od-alov içində olan Suriyada Birləşmiş Millətlər Təşkilatının hesabatına görə 525 min fələstinli yaşayır. Təbii ki, onların vəziyyəti daha ağırdır. Fələstin muxtariyyətinin rəhbəri Mahmud Abbas BMT müstəvisində bu məsələyə müdaxilə olunması üçün göstəriş verib.

 

“Al-Arabiya” başqa bir yazısında qeyd edir ki, Yaxın Şərqdən Avropaya gedənlərin təyyarə ilə daşınmasına icazə verilməlidir. Onsuz da insanlar onların Avropaya getməsinə yardım göstərən bələdçilərə adambaşına 1.000 dollar ödəyirlər. Həmin pulla təyyarəyə bilet almaq olar. Və bu yolla Avropaya qaçanların Aralıq dənizində bataraq ölməsinin qarşısını almaq mümkündür...

 

Göründüyü kimi, Ərəb Dünyasının ən ünlü TV kanalları məsələnin mahiyyəti barədə ətraflı məlumat verməkdə çətinlik çəkirlər. Səbəb də bəllidir. Hətta nisbi müstəqilliyi ilə seçilən bu kanallar da Ərəb ölkələrində mövcud olan diktatura rejimlərini tənqid etməyə cəsarət etmirlər. Kimsəyə sirr deyil ki, bu ölkələrdə mövcud olan problemlərin əsas səbəbi yerli rejimlərin mahiyyətindən doğur.

 

Özünüz düşünün, belə bir şey Qərbdə ola bilərmi? Avqust ayının əvvəlində Fransada çimərliyi bağlanması ilə gündəmə gələn Səudiyyə Ərəbistanı Kralı 79 yaşlı Salman, ABŞ səfəri çərçivəsində Vaşinqtonun ən lüks oteli "Four Seasons"ın bütün otaqlarını, yəni 222 otağı icarəyə götürüb. Sənin millətin xristianlara pənah apara, sən də bu yaşında kefindən qalmayasan...

 

Başqa bir məqam. Bu günlərdə “The Associated Press” belə bir xəbər yaydı ki, Mərakeş kralının şikayəti əsasında Fransanın 2 jurnalisti tutulub. Kral VI Məhəmməd bildirib ki, jurnalistlər onu şantaj edib. Deyiblər ki, bizdə sizinlə bağlı kompromat xarakterli materiallar var. Əgər 3 milyon avro versəniz, biz bu barədə kitabımızda yazmarıq. Əks təqdirdə, sizi biabır edəcəyik. Tezliklə reket jurnalistlər mühakimə olunacaq. Amma fakt özlüyündə bir çox mətləblərdən xəbər verir. Ərəb ölkələrinə rəhbərlik edənlər istisnasız olaraq rüşvət və korrupsiya içindədir. Ona görə də Qərb jurnalistləri onlardan pul qoparmaq üçün min hoqqadan çıxırlar. Ümumiyyətlə, ərəblər demokratiyaya söykənən dövlət idarəçiliyindən çox uzaqdırlar. Onların düşüncəsində olan xilafət “Min bir gecə” nağılları kimi cazibədardır....

 

İŞİD-in ortaya qoyduğu və müsəlmanlara sırımaq istədiyi dövlət idarəçiliyi isə quldarlıq qaydalarına əsaslanır. Terrorçuların düşüncəsi irəliyə doğru yox, geriyə doğru irəliləyir. Başqa cür aşağıdakı sual-cavabı izah etmək mümkün deyil.

 

Sual 13: Cinsi yetişkənlik yaşına çatmamış qul qızlarla intim münasibətdə olmağa icazə verilirmi?

Cavab: Əgər həmin qul qızın bədəni buna imkan verirsə, olar. Əgər bədənin imkanları buna çatmırsa, onda azyaşlı qızla intim münasibətdə olmadan onunla əylənə bilərsiz…

 

İŞİD üzvlərinin dini liderlərə ünvanladığı ən populyar suallardan biri budur. Din alimləri tez-tez səslənən bu kimi sualları artıq nömrələməklə vəziyyətdən çıxmaq istəyirlər. Bu barədə “The New York Times” qəzeti yazır.

 

İŞİD-in əxlaqi dəyərlər sistemi bu kimi eybəcərliklərə söykənir və Azərbaycanda da bu terror təşkilatının məftunları çoxdur.

 

Reallıq o qədər də ürəkaçan deyil. Şübhəsiz ki, Ərəb Dünyasında baş verənlər Azərbaycandan yan keçməyəcək. Artıq ölkəmizdə islamın müxtəlif təriqətləri arasında qarşıdurma açıq şəkildə müşahidə olunur. Düzdür, hələ ki, bu qarşıdurma sərt ittihamlardan uzağa getmir. Ancaq niyyət bəllidir. Xaricdən himayə olunan dini radikallar Azərbaycanı da məzhəb savaşına sürükləyəcək. Sadəcə, pusquda durub fürsət gözləyirlər...

 

Onlara fürsət vermək Azərbaycanı Suriyadan daha pis günə qoymaq deməkdir. Odlar yurdunda yaşayan hər bir şiə bilməlidir ki, əgər o, sünnilərin xüsusi ehtiram göstərdiyi xəlifə Əbu Bəkir, Ömər və Osmanı yamanlayırsa, deməli, Azərbaycanı məzhəb savaşına sürükləyənlər arasında o da var. Əgər Azərbaycanda yaşayan sünni imam Əlini, bütövlükdə Əhli-Beyti yamanlayırsa, deməli o da eyni cinayətə imza atır. Şiə və ya sünni azərbaycanlı qarşı tərəfin dini hisslərini təhqir edəndə bilməlidir ki, öz övladlarını öz əli ilə sivilizasiyaya nifrət və qəzəb püskürən məzhəb savaşına qurban verir...

 

Avropa məzhəb savaşından haradasa 400 il öncə keçib. Böyük itkilər verdikdən sonra gəldiyi nəticə o olub ki, məzhəb savaşı yolverilməzdir, üstəlik, din dövlətdən ayrı olmalıdır. Əminəm ki, müsəlmanlar da gec-tez eyni qənaətə gələcəklər. Ancaq bunun üçün milyonlarla insanı qurban verməyə dəyərmi?...

 

Elbəyi Həsənli

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

Oxşar yazılar