Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun üzvü, Böyük Britaniyadan olan deputat Sayyad Kərimin başçılıq etdiyi Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Lent.az AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa İttifaqı ilə əlaqələrin uğurla inkişaf etdiyini bildirən dövlətimizin başçısı Avropa Komissiyasında keçirilən son görüşlərini məmnunluqla xatırladı və bu səfərin nəticəsi kimi yeni saziş üzərində işlərin başlandığını dedi. Prezident İlham Əliyev qeyd etdi ki, eyni zamanda, Azərbaycan Avropa İttifaqı üzv dövlətlərinin üçdəbiri ilə artıq strateji tərəfdaşlıq sənədi imzalayıb və ya qəbul edib. Bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirən Prezident İlham Əliyev əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, təhlükəsizlik, mədəni, ticarət və enerji təhlükəsizliyi sahələrində həyata keçirildiyini qeyd edərək Avropa İttifaqının Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, öz növbəsində, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun getdikcə daha da artdığını vurğuladı. Nəqliyyat infrastrukturu sahəsinə toxunan dövlətimizin başçısı ötən il istismara verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Asiya ilə Avropa arasında mühüm nəqliyyat körpüsü rolunu oynadığını və Azərbaycanın Avrasiya məkanında önəmli nəqliyyat qovşağına çevrildiyini bildirdi. Prezident İlham Əliyev əməkdaşlığımızın bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.
Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Sayyad Kərim və nümayəndə heyətinin üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə dövlətimizin başçısını təbrik etdilər. Sayyad Kərim son iki il ərzində Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın çox müsbət və konstruktiv istiqamətdə inkişaf etdiyini məmnunluqla bildirdi. O, Avropa İttifaqı ilə Azərbaycan arasında 2017-ci ildə başlanan danışıqların uğurla davam etdirildiyini qeyd etdi. Azərbaycana səfər proqramının çox sıx olduğunu qeyd edən Sayyad Kərim tərəflərin əməkdaşlığın inkişafında maraqlı olduğunu və Azərbaycanın Milli Məclisi ilə əməkdaşlıq üçün yaxşı əsas yarandığını vurğuladı. Sayyad Kərim təmsil etdiyi qurumun Azərbaycanla iqtisadi, nəqliyyat, enerji, investisiya, parlamentlərarası əlaqələr və digər sahələrdə əməkdaşlığı üçün böyük imkanların olduğunu dedi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.
10:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib.
Lent.az-ın məlumatına görə, bu barədə azərtac xəbər verib.