APA-nın xəbərinə görə, prezident İlham Əliyev Ramazan ayında bu cür görüşlərin ənənəyə çevrildiyini qeyd edib
Dövlət başçısı müsəlman ölkələri ilə Azərbaycanın sıx əlaqələri olduğunu, bu ölkələrin səfirliklərinin sayının Azərbaycanda artdığını bildirib.
Dövlət başçısı bu ölkələrlə siyasi və iqtisadi əlaqələrin inkişaf etdiyini, beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq qurulduğunu bildirib: “İki il əvvəl Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsində də müsəlman ölkələrinin səyi çox əhəmiyyətli idi. Biz bu dəstəyə görə minnətdarıq”.
Prezident İlham Əliyev son illər ərzində İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Azərbaycanda nazirlər səviyyəsində beş konfransın keçirildiyini xatırladıb: “Azərbaycan gənc müstəqil ölkə olmasına baxmayaraq, İslam həmrəyliyi məsələlərində çox fəaldır. Biz bundan sonra da çalışacağıq ki, İslam aləmində birliyi daha da möhkəmləndirək. Buna böyük ehtiyac var, çünki bizim gücümüz birliyimizdədir. Biz daim bütün məsələlərdə bir-birimizə dəstək verməliyik”.
Prezident əlavə edib ki, Azərbaycan dünyada mədəniyyətlərarası dialoqla bağlı məsələlərdə müsbət irəliləyiş olmasına çalışır. Dövlət başçısı 2008-ci ildən “Bakı prosesi”nin başladığını, daha sonra müxtəlif forumlarla davam etdirildiyini xatırladıb: “Biz hesab edirik ki, müxtəlif dinlərə mənsub olan xalqlar, millətlər sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər və yaşamalıdırlar da”.
Prezident deyib ki, XXI əsrdə ayrı-seçkilik, diskriminasiya olamsı yolverilməzdir: “Bəzi ölkələrdə islamofobiya meyllərinin gücləndirilməsi bizi haqlı olaraq narahat edir və hiddətləndirir. Bu meyllərə qarşı biz birgə mövqe ortaya qoymalıyıq, səylərimizi daha da birləşdirməliyik. Eyni zamanda, İslam dininin sülhsevər, mərhəmətli din olduğunu daha geniş təbliğ etməliyik”.
Prezident ötən il Luvr muzeyində “İslam mədəniyyəti bölməsi”nin yaradılmasına ölkəmizin də dəstək verdiyini qeyd edib: “Azərbaycan ilk müsəlman ölkəsidir ki, Vatikanda öz sərgisini keçirə bilib. Ona görə hesab edirəm ki, biz bu istiqamətdə səylərimizi daha da sıx birləşdirməli və birgə fəaliyyət göstərməliyik. Öz tariximizi, dinimizi, adət-ənənələrimizi olduğu kimi dünyaya daha dolğun şəkildə təqdim etməliyik”.