Prezident: "Sabitlik hər bir ölkə üçün, inkişaf üçün əsas şərtdir"
20 mart 2013 03:52 (UTC +04:00)

Prezident: "Sabitlik hər bir ölkə üçün, inkişaf üçün əsas şərtdir"

“Mən sizi və bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Bütün Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik arzulamaq istəyirəm.

Novruz xalqımızın ən sevimli bayramıdır. Azərbaycan xalqı əsrlər boyu Novruz bayramını qeyd edib. İctimai-siyasi quruluşdan asılı olmayaraq, bütün dövrlərdə bu bayram hər bir Azərbaycan ailəsində qeyd edilirdi. Bu gün isə müstəqil Azərbaycanda bu bayram dövlət bayramı kimi qeyd edilir”. 

 

APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev martın 19-da Novruz bayramı ilə bağlı Bakıda keçirilmiş şənlikdə söyləyib.

Prezident İlham Əliyev bildirib ki, bir neçə il bundan əvvəl imzaladığı sərəncam əsasında Novruz bayramı Azərbaycanda beş gün qeyd edilir, əgər şənbə və bazar günlərini əlavə etsək, vətəndaşlar bir həftə ərzində istirahət edir.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan xalqı milli mənəvi dəyərlərinə həmişə sadiq olub: “Bu dəyərlər bizi bir xalq kimi qoruyub saxlayıb. Bu gün, müstəqillik dövründə Azərbaycanda dövlət quruculuğu prosesi də məhz milli mənəvi dəyərlər üzərində qurulub.

 

Biz, əlbəttə ki, ümumbəşəri dəyərləri bölüşürük, Avropa dəyərlərinə böyük hörmətlə yanaşırıq. Ancaq bizim üçün milli dəyərlər, Azərbaycan dəyərləri hər şeydən üstündür. Müasir müstəqil Azərbaycan dövləti bu möhkəm zəmin üzərində qurulub. Bu gün Azərbaycan bütün istiqamətlər üzrə uğurla və sürətlə inkişaf edir”.

 

Prezidentin sözlərinə görə, milli mənəvi dəyərlər dövlət üçün əsas məsələdir. “Əlbəttə, elə etməliyik ki, bu dəyərlər gələcəkdə də Azərbaycanda daim üstünlük təşkil etsin. Gənclərimiz, uşaqlarımız, gənc nəsil bu dəyərlər üzərində tərbiyə alsınlar, milli ruhda böyüsünlər, Vətənə bağlı olsunlar, vətənpərvər olsunlar, daim Vətən haqqında düşünsünlər və Vətənin inkişafı üçün əllərindən gələni əsirgəməsinlər. Xüsusilə indiki zamanda, qloballaşma dövründə bunun daha da böyük əhəmiyyəti vardır. Çünki qloballaşmanın müsbət tərəfləri haqqında kifayət qədər geniş danışılır. Ancaq qloballaşmanın mənfi tərəfləri də vardır. Özümüzü bu mənfi təsirdən qorumaq və gələcəkdə, uzun illər bundan sonra da Azərbaycanı inkişaf yolu ilə irəliyə aparmaq üçün mütləq milli dəyərlər üstünlük təşkil etməlidir.

 

Bizim bayramlarımız da milli dəyərlərimizdir. Necə ki, milli musiqimiz, ədəbiyyatımız, incəsənətimiz, ana dilimiz - bütün bunlar milli dəyərlərimizi formalaşdırır. Biz ana dilimizi, Azərbaycan dilinin saflığını qorumalıyıq. Necə ki, bizdən əvvəl yaşamış nəsillər ana dilimizi qoruyublar, biz də ana dilimizi qorumalıyıq. Bu gün müstəqil Azərbaycan dövləti bu möhkəm təməl üzərində uğurla inkişaf edir”, deyə İlham Əliyev qeyd edib.

 

Prezidenti İlham Əliyev qeyd edib ki, Azərbaycan artıq 20 ildən çoxdur ki,  müstəqil dövlət kimi yaşayır: “Müstəqillik dövründə əldə edilmiş uğurlar kifayət qədərdir. Ancaq ən önəmli məsələ ondan ibarətdir ki, biz daim inkişaf edək, əldə olunmuş uğurlarla kifayətlənməyək, gələcəyə baxaq. Gələcəkdə Azərbaycan hansı istiqamətlər üzrə inkişaf edəcək, Azərbaycanın bölgədəki, dünyadakı rolu necə olacaq?! Biz bunu müəyyən edirik.

 

Hesab edirəm ki, müstəqillik dövrünün tarixçəsi deməyə əsas verir ki, Azərbaycan müstəqillik dövründə böyük uğurlara imza atıb.

 

Ancaq hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz, xalqımız üçün çox ağır keçirdi. Demək olar ki, 1991-1992-ci illərdə ölkəmizdə baş vermiş özbaşınalıq, anarxiya, xaos, vətəndaş qarşıdurması müstəqilliyimizə böyük zərbə idi. Azərbaycanda müasir dövlət quruculuğu prosesi 1993-cü ildən sonra başlanmışdır. Bütün xoşagəlməz hallara xalqın tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi nəticəsində son qoyuldu, qeyri-qanuni silahlı birləşmələr tərksilah edildi, ölkəmizdə sabitlik yarandı”.

 

Dövlət başçısı qeyd edib ki, sabitlik hər bir ölkə üçün, inkişaf üçün əsas şərtdir. “Biz bu gün dünyada müxtəlif yerlərdə qanlı toqquşmaları, sabitliyin pozulmasını görürük. Dünya birliyi bu məsələləri müzakirə edərkən çıxış yollarını axtarır ki, necə etsin, o ölkələrdə, o bölgələrdə vəziyyət yaxşılığa doğru getsin. Hesab edirəm, artıq bütün mütərəqqi bəşəriyyət açıq-aydın görür ki, hər bir ölkənin uğurlu inkişafı üçün, ilk növbədə, o ölkədə sabitlik olmalıdır.

 

Ulu öndər Heydər Əliyevin yorulmaz səyləri nəticəsində 1993-cü ildən sonra Azərbaycanda başlanmış sabitlik dövrü bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək. Əgər o sabitlik o vaxt yaradılmasa idi, Azərbaycanın, ümumiyyətlə, gələcəyi böyük sual altında ola bilərdi.

 

Sabitliklə bərabər ölkəmizin əsas inkişaf istiqamətləri də məhz o illərdə - 1990-cı illərin ortalarında müəyyən edilmişdir. Çünki o vaxt Azərbaycan müxtəlif istiqamətlər üzrə inkişaf edə bilərdi. Ancaq Ulu Öndərin baxışları, onun siyasəti nəticəsində Azərbaycan ən mütərəqqi və ölkəmiz üçün ən optimal inkişaf yolunu seçib. Dövlət quruculuğu – hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu əsasında bütün islahatlar başlanmışdır. Siyasi sahədə islahatlar başlanmışdır. Azərbaycan dünya birliyinə uğurla inteqrasiya edə bilib, mötəbər beynəlxalq təşkilatlara üzv olub. Eyni zamanda, Azərbaycanda iqtisadi sahədə də bazar iqtisadiyyatı prinsipləri tətbiq edilməyə başlanıb. Bu gün Azərbaycan iqtisadiyyatının demək olar ki, 85 faizi bazar iqtisadiyyatı hesabına formalaşır”, deyə İlham Əliyev qeyd edib.

 

 

İlham Əliyev əlavə edib ki, müasir müstəqil Azərbaycanın milli ideologiyasının inkişafı və tətbiqi istiqamətində böyük işlər görülüb: “Bu ideologiya yenə də milli mənəvi dəyərlər üzərində qurulub. Azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji dayağımızdır. Bu gün müstəqil Azərbaycan bu ideoloji dayaq üzərində inkişaf edir. Hər bir dövlətin ideoloji dayaqları olmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda Ulu Öndər tərəfindən müəyyən edilmiş ideoloji əsaslar əhalimizin mütləq əksəriyyətini birləşdirir. Bu ideoloji əsaslara əhalinin mütləq əksəriyyəti müsbət yanaşır. Bu da cəmiyyətimizi, Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələrini birləşdirir. Biz, sözün əsl mənasında, böyük vahid bir ailədə yaşayırıq. Bu, bizim uğurlu inkişafımız üçün əsas şərtlər idi”.

 

Prezident qeyd edib ki, hər bir ölkənin uğurlu inkişafı iqtisadi müstəqillikdən kənarda həll oluna bilməz. “İqtisadi müstəqillik siyasi müstəqilliyi də şərtləndirir. Azərbaycanda son illər uğurlu iqtisadi və siyasi islahatlar paralel olaraq aparılır. Bu islahatlar siyasi müstəqilliyimizi də böyük dərəcədə möhkəmləndirə bilib. Hətta dünya üçün ən ağır illərdə - maliyyə və iqtisadi böhran illərində də Azərbaycan iqtisadiyyatı inkişaf edib, əhalinin sosial vəziyyəti yaxşılaşıb və Azərbaycan öz məqsədlərinə çata bilib.

 

Əgər iqtisadi müstəqillik olmasaydı, istər-istəməz, siyasi arenada da imkanlarımız daha da məhdud ola bilərdi. Bu gün isə Azərbaycan iqtisadi cəhətdən tam müstəqil ölkədir. Azərbaycan yalnız öz imkanları ilə inkişaf edir. Siyasəti ancaq öz imkanları əsasında qurur. İqtisadi sahədə aparılan islahatlar həm də insanların gündəlik həyatında öz təsirini göstərir. Eyni zamanda, dünyanın aparıcı beynəlxalq maliyyə və iqtisadi qurumları da bu reallıqları görür və bunu qiymətləndirir. Avropanın aparıcı dövlətlərinin bir neçəsi böhranla üzləşdiyinə görə onların kredit reytinqləri beynəlxalq reytinq agentlikləri tərəfindən aşağı salınır, Azərbaycanın kredit reytinqləri isə artırılır. Dünyanın bir nömrəli iqtisadi forumu olan Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə, Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyinə görə MDB məkanında birinci, dünya miqyasında isə 46-cı yerdədir. Bütün bu statistik göstəricilər bir daha onu deməyə əsas verir ki, Azərbaycanda aparılan düşünülmüş siyasi və iqtisadi islahatlar öz bəhrəsini verməkdədir”, deyə ölkə başçısı qeyd edib.

 

Ölkə başçısı bildirib ki, bu gün Azərbaycan beynəlxalq maliyyə qurumlarının da donor ölkəsinə çevrilib: “Bizim çox sabit maliyyə vəziyyətimiz imkan verir ki, öz maliyyə resurslarımızı, o cümlədən hüdudlarımızdan kənara da yerləşdirə bilək və beləliklə, bizim təsir imkanlarımız da artır. Biz bölgədə aparıcı ölkəyik. Bölgədə heç bir layihə, heç bir təşəbbüs Azərbaycanın razılığı olmadan həyata keçirilə bilməz. Mən bunu dəfələrlə bildirmişəm. Yaxın tarix onu bir daha göstərir ki, yerləşdiyimiz bölgədə Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs - istər siyasi, istər iqtisadi – həll oluna bilməz.

 

Beləliklə, bizim bölgədəki mövqeyimiz kifayət qədər güclüdür.

 

Azərbaycan dünya miqyasında da çox etibarlı tərəfdaş kimi tanınır. Mənim həmkarlarımla çoxsaylı görüşlər əsnasında bir daha görmək mümkündür ki, Azərbaycana dünyada böyük hörmət, böyük rəğbət vardır. Azərbaycanın müstəqil siyasəti dünya birliyi tərəfindən qəbul olunur və təqdir edilir. Əgər belə olmasaydı, dünya dövlətlərini birləşdirən ən böyük təşkilatın ən böyük qurumu olan Təhlükəsizlik Şurasına Azərbaycan üzv seçilə bilməzdi. Bu, bizim tarixi qələbəmizdir və bu qələbə müstəqilliyimizin 20-ci ildönümünə təsadüf edib”.

 

Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan dünya miqyasında söz sahibidir: “BMT Təhlükəsizlik Şurasından yuxarı beynəlxalq qurum yoxdur. Biz artıq ikinci ildir ki, bu qurumun üzvüyük, bu qurumda sözümüzü deyirik, prinsipial mövqeyimizi ifadə edirik. Əvvəlki çıxışlarda qeyd etdiyim kimi, Azərbaycan bu qurumda beynəlxalq hüququ və ədaləti dəstəkləyir, müdafiə edir. Biz, eyni zamanda, Qoşulmama Hərəkatına üzv olmuşuq. Bu da BMT-dən sonra deyə bilərəm ki, ən böyük təşkilatlardan biridir və dərhal o təşkilatda da böyük dəstək qazana bilmişik. Bizim o təşkilatın birinci zirvə görüşündəki fəaliyyətimiz nəticəsində Qoşulmama Hərəkatı tarixdə ilk dəfə olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli qətnamə qəbul edib. Orada da vurğulanır ki, bu münaqişə ölkələrin ərazi bütövlüyü prinsipləri əsasında öz həllini tapmalıdır. Yəni, bu faktlar özlüyündə bir göstəricidir. Onu demək istəyirəm ki, xarici siyasət istiqamətində qazanılmış uğurlardan daha böyük uğurlar əldə etmək mümkün olmazdı”.

 

Sosial məsələlərin həllinə gəldikdə, prezident qeyd edib ki,  burada da çox ciddi siyasət aparılır: “Bazar iqtisadiyyatının bəzi hallarda çox acı fəsadları var. Bu gün Avropanın bəzi ölkələrində yaşanan böhran və böhrandan doğan etirazlar onu göstərir ki, bazar iqtisadiyyatı heç də hər zaman gəlirlərin ədalətli bölgüsünə gətirib çıxarmır. Belə olan halda mütləq güclü sosial siyasət aparılmalıdır. Azərbaycanda bu, belədir və bazar iqtisadiyyatı istiqamətində aparılan islahatlar insanların rifah halını yaxşılaşdırır. Əmanətlərin qaytarılması, maaşların və pensiyaların mütəmadi qaydada artırılması, ünvanlı sosial proqramın icra edilməsi, məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və bütün bu məsələlər böyük maliyyə mənbələri tələb edir. Azərbaycan dövlətinin siyasəti ondan ibarətdir ki, bu siyasətin mərkəzində Azərbaycan vətəndaşıdır, hər şey Azərbaycan vətəndaşı üçün olmalıdır. Bax biz gələcək planlarımızı bu kontekstdə qururuq. Bir daha, əziz dostlar, sizi və bütün Azərbaycan xalqını bu gözəl Novruz bayramı münasibətilə ürəkdən təbrik edirəm. Bayramınız mübarək olsun!”.

 

Sonra dövlət başçısı, xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bayram konsertinə baxdılar.

 

Daha sonra prezident İlham Əliyev və Mehriban Əliyeva Milli Parkda nümayiş etdirilən Azərbaycan xalçalarının nümunələri və toxuma prosesi ilə tanış oldular.

Dövlətimizin başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşıladılar.

 

Kosa və Keçəl prezidenti və xanımını bayram münasibətilə təbrik etdilər, dövlət başçısı ilə yumurta döyüşdürdülər.

 

Azərbaycan prezidenti və xanımı, həmçinin gənc rəssamların, modelyerlərin və el sənətkarlarının əl işlərinə tamaşa etdilər.

 

Güləşçilərin və Azərbaycan Qol Güləşi Federasiyasının üzvlərinin çıxışları diqqətlə izlənildi. Prezident İlham Əliyev Federasiyanın üzvləri ilə görüşdü, xatirə kitabına ürək sözlərini yazdı. Dövlətimizin başçısı burada qol güləşdirdi.

 

Sonra prezident İlham Əliyev və Mehriban  Əliyeva Milli Kulinariya Mərkəzinin nümayəndələri ilə söhbət etdilər. Azərbaycan prezidenti manqalda bişirilən kababın dadına baxdı. Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu mərasimdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilirdi. Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Leyla Əliyeva bayram şirniyyatlarını daddılar, çay içdilər.

 

Milli Parkda təşkil edilən “Şərq bazarı” bayram şənliyində ölkənin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri təqdim olundu, gənc pəhləvanlar, zorxana güləşçiləri, idmançılar məharətlərini göstərirdilər. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Leyla Əliyeva və şənliyin digər iştirakçıları bu səhnələri maraqla izlədilər, qədim el sənətlərinin nümunələrinə baxdılar.

 

Dövlət başçısı və xanımı bərəkətli Azərbaycan torpağında yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış oldular. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri də şənlik iştirakçılarında maraq doğurdu.

Novruz bayramı münasibətilə keçirilən şənliklərdə baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629
avatar

Oxşar yazılar