Parlamentdə hökumətin hesabatının müzakirəsi davam edir
15 mart 2013 16:46 (UTC +04:00)

Parlamentdə hökumətin hesabatının müzakirəsi davam edir

Milli Məclisdə hökumətin hesabatının müzakirəsi davam edir. Lent.a-ın verdiyi məlumata görə, millət vəkili Qənirə Paşayeva ötən gün millət vəkilləri və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvlərinin iştirakı ilə Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 gənclə görüş keçirildiyini söyləyib. Qənirə Paşayeva deyib ki, 18 yaşdan sonra həmin gənclər şəhid ailəsi statusunu da itiriblər: “Həmin gənclərin ev problemləri var. O görüşdə iştirak edən millət vəkilləri adından hökumətdən həmin gənclərin evlə təmin edilməsini xahid edirik”.



Qənirə Paşayeva müəllimə dövlət qulluqçusu statusunun verilməsi məsələsinin hələ də həllini tapmamasına diqqət çəkib və hökumət üzvlərinin bu məsələyə aydınlıq gətirmələrini istəyib. O, “Tütün və tütün məmulatları haqqında” qanunda 18 yaşına çatmamış uşaqlara siqaret satılmasının qadağan olunmasına baxmayaraq, qanunun tələblərinin yerinə yetirilməsi istiqamətində ciddi addımların atılmasının müşahidə olunmadığını söyləyib. Millət vəkili orqan transplantasiyası məsələsinə də toxunub: “Azərbaycanda orqan bağışlanması ilə bağlı norma və qaydalar hələ yoxdur. Orqan bağışlanmanın mexanizmi olmadan bu sahənin inkişafı mümkün deyil. Digər tərəfdən, səhiyyədə ən vacib məsələ tibbi sığortanın inkişafıdır. Niyə tibbi sığorta sistemi genişlənə bilmir?”

 


Qənirə Paşayeva 2013-cü ildə ölkədə qazlaşma prosesinin başa çatması ilə bağlı dövlət başçısının tapşırıq verdiyini xatırladıb: “Millət vəkili seçildiyim Tovuz rayonunun xüsusən cəbhəyanı kəndlərində, o cümlədən qaçqın və məcburi köçkünləri qəbul etmiş kəndlərdə qaz probleminin həlli vacibdir”.



Millət vəkili Bəxtiyar Əliyev bildirib ki, baş nazir Artur Rəsizadənin hesabatında 1 il ərzində görülən işlər əhatəli əksini tapıb. Onun sözlərinə görə, daxili və xarici siyasətdə böyük uğurlar əldə olunub, əhalinin sosial rifahı yüksəlib. Eyni zamanda 2009-2013-cü ildə regionların inkişaf proqramının həyata keçirilməsi böyük nəticə verib və bu nəticə bu gün göz qabağındadır: “Ancaq sərhədyanı və sərhəd rayonlarında bu sahədə problemlər qalmaqdadır. Digər tərəfdən, Azərbaycanda insan hüquqlarının qorunması sahəsində böyük işlər görülüb. Bəzi beynəlxalq təşkilatlar bu məsələdə ikili standartlardan çıxış edir”.
 

Bəxtiyar Əliyev müəllim və həkimlərə dövlət qulluqçusu statusu verilməsi və tibbi sığorta məsələlərinin 2010-cu ildən həllini tapmamasına diqqət çəkib. O, regionlarda sahibkarlığın inkişafı sahəsində atılan addımların sürətləndirilməsini istəyib.
 


Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycanda qeyri-neft sektorunda həyata tədbirlər nəticəsində ümumdaxili məhsulda qeyri-neft məhsullarının çəkisinin artdığını söyləyib. O qeyd edib ki, artıq Azərbaycan bir sıra ərzaq məhsulları ilə özünü təmin edir, bəzi məhsulların isə ixracına başlanılıb: “Hökumət ölkəmizdə ekoloji təmiz məhsullarının istehsalına diqqət artırılmalıdır. Aqrar sahənin inkişaf etdiyi ölkələrdə istehsal olunan kənd təsərrüfatı məhsullarının 50 faizi kooperativlərin payına düşür. Azərbaycanda da bu sahənin inkişaf etdirilməsi vacibdir: “Kənd təsərrüfatı korporasiyası haqqında” qanun layihəsi hazırda ikinci oxunuş üçün təkmilləşdirilir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828
avatar

Oxşar yazılar