Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında
08 aprel 2016 10:30 (UTC +04:00)

Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında

 

Ümummilli Lider Heydər Əliyevin 93 illiyi münasibətilə

“Heydər Əliyev şəxsiyyəti multikultural və tolerant dəyərlər işığında”

məqalə müsabiqəsinə təqdim olunur.

SSRİ-nin süqutu Azərbaycanın təkcə siyasi baxımdan deyil, etno-mədəni və dini cəhətdən də yeni mərhələyə qədəm qoymasını şərtləndirdi. Bu dövrədək vahid ittifaq çərçivəsində müxtəlif mədəniyyətlərin nümayəndələri və milli azlıqlarla birgə yaşayış qaydalarına tabe olan Azərbaycan xalqı üçün müstəqillik və demokratik dövlət quruluşu yolundakı addımlar multikultural konturların dəqiqləşdirilməsini də zəruri etdi. Bu baxımdan müstəqilliyini yeni bərpa etmiş dövlət milli kimlik, mənəvi dəyərlər və digər etnik və dini qrupların azadlıqları məsələsində paritetə nail olmalı idi. Ulu Öndər Heydər Əliyev belə bir şəraitdə multikulturalizmi demokratik dövlət quruluşunun təməl prinsipi elan etdi və fundamental insan hüquqlarının tərkib hissəsi kimi dini dözümlülüyün konstitusion əsaslarını müəyyən etdi.

1990-cı illərin əvvəllərində mövcud siyasi şəraitdə milli azlıqların və ölkə sərhədləri daxilində məskunlaşan başqa xalqların nümayəndələrinin dini, etnik və linqvistik tələblərinin təmin olunması dövlət və dövlətçilik ənənələrinin inkişafında mühüm addım idi. SSRİ-nin tərkib hissəsi kimi 70 il ərzində Azərbaycanda din qadağan olunmuş və ateizm təbliğ edilmişdi. Müstəqilliyin bərpasından sonra Azərbaycan cəmiyyətində İslam dininin öz mövqelərini möhkəmləndirməsi və bununla yanaşı, digər dini konfessiyalara şəraitin yaradılması prioritet məsələ idi. Məhz bu dövrdə Xose Kazanovanın təbirincə desək, 1970-ci illərdən başlayaraq dünyada gedən “dinin ictimailəşməsi” tendensiyası Azərbaycanda da geniş yayılmağa başladı. Bu tendensiyanın əsasını “dünyəvi cəmiyyətlərdə dinin öz əvvəlki rolunu itirməsi və ictimai rezonansa çevrilməsi təşkil edirdi”. [5] Müxtəlif xalqların özünü hər hansı bir etnik mədəniyyətə deyil, ümumilikdə İslam ümmətinə aid etməsi bu prosesin əsas istiqamətini formalaşdırsa da, Heydər Əliyevin mövqeyi sayəsində multikulturalizm prinsipi əsasında milli-mənəvi dəyərlərə qayıdış fonunda xalqın milli kimliyi formalaşdırıldı.

Kommunizm və ateizm ideologiyalarının təbiət və xüsusiyyətlərinə yaxından bələd olan Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dünyəvi dövlətdə dinin yerinin dəqiqləşdirilməsi sahəsində mühüm işlər gördü. Həmin dövrdə Azərbaycanda xarici missionerlərin öz ideyalarını təbliğ etməsi üçün əlverişli şərait mövcud idi. Onlar arasında ən nüfuzluları İran dindarları, ərəblər və Türkiyədən olan dini aktivistlər və bir sıra xristian qrup və sektaları idilər.[4] Xüsusilə də, 1993-cü ildə Səudiyə Ərəbistanı, Liviya, Qətər, BƏƏ, Küveyt və İordaniyanın Azərbaycana dini təsiri böyük idi.[3]

Xarici amillərin təsirini minimuma endirməyi rəhbər tutan Heydər Əliyev ölkədə İslam dininin bərqərar olması ilə yanaşı, sosial siyasətin bir hissəsi kimi digər dinlərə mənsub olan insanlara münasibətdə də tolerantlığı təbliğ edirdi və qeyd edirdi ki, “İslam dini Allah tərəfindən göndərilən digər dinlərdən heç birinə qarşı qərəzli deyil”.[1]

Lakin təəssüflər olsun ki, din amilindən istifadə edərək Dağlıq Qarabağ münaqişəsində xristian dövlətlərindən dəstək almağa çalışan ermənilər eyni mövqedən çıxış etmirdilər. Məsələ ondan ibarət idi ki, Azərbaycan torpaqlarının 20%-dən çoxunun ermənilər tərəfindən işğal edilməsi faktı mövcud idi və bunun nəticəsində dini və etnik baxımdan bir-birinə tamamilə yad olan, lakin bənzər tarixi-siyasi şəraitdə dirçəlməyə çalışan Azərbaycan və erməni xalqlarının qarşılıqlı ittihamları multikulturalizmə təhdid kimi çıxış edirdi. Ermənilərin müstəqillik eyforiyasından qaynaqlanan torpaq iddialarına əlavə olaraq, Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırım da multikulturalizmə ən böyük zərbələrdən biri idi. Birincisi ona görə ki, azərbaycanlılar və ermənilər arasında baş qaldıran etnik düşmənçilik Azərbaycanın yurisdiksiyası altında olan başqa xalqları da potensial təhdid mənbəyinə çevirirdi. Dağlıq Qarabağ ətrafında yaranan münaqişə dini motivlərə əsaslanmasa da, Ermənistanın dini lideri I Vazgen separatist hərəkatın birbaşa təşəbbüskarlarından idi.[2] Bütün bunlar digər milli azlıqlar və dini sektalar üçün “erməni presedenti”nin yaranma ehtimallarını da istisna etmirdi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu qəbildən olan təhdidlər aradan qaldırıldı və multikulturalizmin siyasi və hüquqi əsasları bərqərar olundu. Milli azlıqların öz dillərində təhsil almaq hüququnun tanınması, müxtəlif dini mənsubiyyətə malik olan Azərbaycan vətəndaşlarına münasibətdə eyni hüquqların verilməsi, mədəniyyətlərarası dialoq mühitinin formalaşdırılması dövlətimizin sonrakı inkişafında prioritetə çevrildi.

Heydər Əliyev tərəfindən əsası qoyulan multikulturalizm konsepsiyası bir sıra amilləri özündə ehtiva edirdi:

1.     İnsan faktoru: Məlumdur ki, insan hüquqlarının qorunması və müdafiəsi ilə bağlı Azərbaycan Respublikası bir çox beynəlxalq müqavilə və konvensiyaların iştirakçısıdır və beynəlxalq təşkilatlar qarşısında öhdəliklərə malikdir. Buna görə də Azərbaycan beynəlxalq hüquq və beynəlxalq münasibətlərin əsas aktoru qismində insanı götürür və insan hüquqlarının qorunmasını demokratik dövlət quruluşunun lokomotivi kimi tanıyır. Cinsindən, dilindən, dinindən, irqindən, milli və siyasi mənsubiyyətindən asılı olmayaraq, insana münasibətdə belə mövqenin tutulması multikulturalizmin əsaslarını daha da möhkəmləndirir.

2.     Etnik münasibətlərin təhlükəsizləşdirilməsi və ya coğrafi amil: Qafqaz regionu Şərq və Qərbin kəsişməsində yerləşdiyindən tarixən müxtəlif mədəniyyətlərin nümayəndələri region dövlətlərinin mədəni müxtəlifliyinə öz töfhəsini vermişdir. Azərbaycanda ləzgi, talış, tat, kürd, udin, avar, malakan, xınalıqlı, buduqlı, inqiloy və.s. kimi milli azlıqlarla yanaşı, rus, fars, yəhudi, gürcü və.s. kimi xalqların nümayəndələri də məskunlaşmışdır. Heydər Əliyevin multikultural siyasətinin əsasını təşkil edən prinsip ondan ibarət idi ki, dövlət ilə milli azlıqlar və dini qruplar arasında olan münasibətlərə milli təhlükəsizlik aspektindən deyil, sosial siyasətin bir hissəsi kimi yanaşılırdı. Məhz belə yanaşma multikulturalizmin müsbət nəticə verməsinə gətirib çıxarmışdır.

3.     Sərhədlərin stabilliyi: Sərhədlərin stabilliyi təmin olunmayanda multikulturalizm xalq tərəfindən narahatlıqla qarşılanır. Yuxarıda qeyd edildiyi kimi, erməni işğalı bunun bariz nümunəsidir.

4.     Diversifikasiya: Multikulturalizm siyasətinin uğurla nəticələnməsi üçün başqa mədəniyyət nümayəndələrinin heterogen olması mühüm əhəmiyyətə malikdir. Homogenlik yerli əhali ilə qütbləşməni dərinləşdirdiyindən multikulturalizmə mənfi təsir edir. Bu amilin mühümlüyünü nəzərə alan Ulu Öndər tərəfindən digər dini sektaların inkişafı üçün şərait yaradılması əhəmiyyətli addım hesab olunmalıdır. Qeyd etmək lazımdır ki, SSRİ dövründə Azərbaycandakı məscidlər, minarələr və digər dini binalar dağıdılmış və ya iqtisadi məqsədlər üçün istifadə olunurdu. Müstəqilliyin bərpasından sonra Azərbaycanda cəmi 18 məscid mövcud idi. Sonrakı 7 il ərzində isə 1000-dən çox məscid tikilmişdi. Bundan əlavə, SSRİ dövründə mövcud olan 11, lakin faktiki fəaliyyət göstərən 1 sinaqoqa əlavə olaraq, 1996-cı ildə daha 2 sinaqoqda təmir-bərpa işlərinin aparılması birbaşa Heydər Əliyevin göstərişi ilə həyata keçirilmişdir və Bakıdakı yəhudi icması ilə sıx əlaqələr qurulmuşdur. Rus ortodoks kilsəsinə münasibətdə də eyni mövqe nümayiş olunmuş, 2007-ci ildə mayın 27-də Azərbaycana səfər edən bütöv Rusiya və Moskvanın partriarxı II Aleksey tərəfindən həmin kilsəyə baş kilsə statusu verilmişdir.[2] Bakıda ilk roman katolik kilsəsinin açılışından sonra isə rəsmi Vatikan da Azərbaycanı dini tolerantlıq modeli kimi tanımışdır.[3]

5.     Ateizmin ideoloji əsaslarının sarsıdılması: SSRİ-nin İslam dininə qarşı mübarizəsinin əsasında ittifaqın təhlükəsizliyinin təmin olunması dayanırdı. Lakin 70 il sonra Azərbaycanın yenidən İslama qayıdışı onu göstərdi ki, heç bir fiziki güc, siyasi və ideoloji təzyiq insanları dini inanclarından döndərə bilməz.  Bu barədə 1998-ci ildə Bakıda keçirilən “Qafqazda İslam mədəniyyəti” adlı beynəlxalq konfransda Heydər Əliyev qeyd edirdi ki, “Əgər kommunizm 70 il deyil, 170 il də davam etsəydi, o, insanlarımızı İslam dinindən uzaqlaşdıra bilməyəcəkdi”.[1]

Beləliklə, Ulu Öndərin multikulturalizm və tolerantlığa dair konsepsiyası birbaşa demokratik dəyərlərin inkişafına xidmət edirdi.

Heydər Əliyevin formalaşdırdığı strategiya cənab prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilmişdir və məhz onun hakimiyyəti dövründə multikulturalizmin daha təkmil formada institutlaşdırılması prosesinə başlanmışdır. 2016-cı ilin Cənab Prezidentimiz tərəfindən “Multikulturalizm ili” elan olunması, 15 may 2014-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılmasına dair sərəncam verilməsi, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının təşkili bu baxımdan mühüm əhəmiyyətə malikdir. 2014-cü il oktyabrın 2-də IV Bakı Beynəlxalq Humanitar Forumunun rəsmi açılış mərasimindəki nitqində cənab Prezidentimizin də qeyd etdiyi kimi, multikulturalizm bu gün  Azərbaycanda həyat tərzinə çevrilmişdir. Və şübhəsiz ki, bu prosesdə Ulu Öndər Heydər Əliyevin mühüm rolu olmuşdur.

Gülnar Quliyeva

Mənbələr:

1.    Adil Abdullah Al-Falah, “Heydar Aliyev and national-spiritual values” –Baku, Gismet - 2007.

2.    Ahmad Shahidov, “Freedom of religion and tolerance: Experience of Azerbaijan Republic” , TURSAM, 2013.

3.    Dobroslawa Wiktor-Mach, “Сhallenges of religious pluralism: The case of Azerbaijan”.

4.    İlham Aliyev, “Speech by President İlham Aliyev at the opening ceremony of the Baku summit of  religious leaders of the world”, 2010.

5.    Jose Casanova , “Public religions in the modern world”, University of Chicago, Press, 1994.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 303
avatar

Oxşar yazılar