Həştərxan görüşü nə vəd edir?
Məlum olduğu kimi, Xəzər dənizinin hüquqi statusu ilə bağlı bu günə qədər davam edən bütün görüşlərdə dövlətlərin fərqli mövqe nümayiş etdirməyi məsələnin həllinin uzanmasına səbəb olub. Artıq Xəzərdə reallaşdırılan bir sıra layihələr nəticəsində Xəzər dənizinin statusu yalnız region dövlətlərinin problemi olmaqdan çıxaraq qlobal bir məsələyə çevrilmişdir. Çünki enerji layihələrində təmsil olunan Avropa dövlətləri və ABŞ da həmçinin məsələnin həllində maraqlıdır.
Məlum olduğu kimi 2014-cü il Aprelin 22-də Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin konfransı keçirmişdir və konfransda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan nümayəndələri tərəfindən Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçiriləcək IV Zirvə görüşünə hazırlıq məsələləri müzakirə edilmişdir.
Konfransda çıxış edən nazir E.Məmmədyarov bu haqda bildirmişdir: “Biz Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında imzalanmış sazişləri yüksək qiymətləndiririk. Bu sazişlər Xəzər dənizinin hüquqi statusunun ayrılmaz hissəsi və ümumi razılaşmaların əldə edilməsi üçün əsasdır. Azərbaycan əməkdaşlığın bütün sahələrinə, o cümlədən Xəzərin hüquqi statusuna dair bütün məsələlərin Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət, qarşılıqlı tərəfdaşlıq ruhunda, dinc yolla və danışıqlar vasitəsilə həllinə tərəfdardır”.
Qeyd edək ki, Sentyabrın 29-da Həştərxanda Xəzər regionu dövlətlərinin IV sammiti keçiriləcək. Rusiya prezidentinin rəsmi saytında qeyd edilib ki, sammitdə Xəzər dənizində sahilyanı ölkələrin qarşılıqlı fəaliyyəti ilə bağlı əsas məsələlərin, 2010-cu ildə Bakıda keçirilmiş sammitdə qəbul edilmiş qərarların həyata keçirilməsinin gedişatının müzakirəsi, region dövlətləri arasında gələcək əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi planlaşdırılır. Bundan başqa, Vladimir Putinin Xəzəryanı ölkələrin rəhbərləri ilə ikitərəfli görüşləri keçiriləcək.
Görüşlə bağlı mütəxəssislərin fikirləri isə fərqlidir. Bəziləri hesab edir ki, Xəzərin hüquqi statusu haqqında siyasi bəyanat qəbul edilə və bir sıra razılaşmalar imzalana bilər. Bəzi mütəxəssislərin fikrincə isə bu görüş Xəzər dənizinin biosərvətləri ilə əlaqədar konvensiyanın imzalanması ilə məhdudlaşacaq.
Hər halda bu günə qədər ölkələr arasında tam razılaşma əldə olunmasa da, son dövrlərdə Azərbaycan, Rusiya və Qazaxıstan dövlətlərinin mövqeyinin yaxınlaşmışdır. Həmçinin İran və Türkmənistanın da əvvəlkinə nisbətən mülayim mövqe nümayiş etdirməsi məsələnin həllində müəyyən qədər irəliləyişin olduğunu deməyə əsas verir. Bu yaxınlaşma növbəti görüşdə müəyyən nəticələrin əldə olunmasına şərait yarada bilər.
Ləman Xəlilova
“Azerbaijan Realities”