Hanı “səsi saxtalaşdırılan yüzminlər”? - ANALİZ
12 oktyabr 2013 19:42 (UTC +04:00)

Hanı “səsi saxtalaşdırılan yüzminlər”? - ANALİZ

Prezident seçkilərinin başa çatması ilə Demokratik Qüvvələrin Milli Şurasının mitinqi arasında cəmi 60 saatlıq məsafə var. Seçkilərlə bağlı suallar bu 60 saat ərzində meydana çıxdı və cavabını da elə bu 60 saat ərzində tapdı. Nəticələrlə bağlı bütün ittihamlara ən yaxşı cavabı müxalifətin keçirdiyi bugünkü mitinq verdi. Polisin rəsmi açıqlamasına görə, aksiyaya 1500 nəfər qatılıb. Müxalifət isə mitinqdə minlərlə şəxsin iştirak etdiyini bildirsə də, konkret rəqəm açıqlamır.

Müxalifətin aksiyasında kütləviliyin olmaması əslində bu cəbhənin belə seçkilərin nəticələrini de-fakto tanıması deməkdir. Bundan sonra hansısa bəyanatların, ittihamların heç bir siyasi çəkisi olmayacaq. Tək müxalifətin deyil, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun bəyanat və hesabatlarının belə. Çünki ortada bir məntiqsizlik var.

İlk məntiqsizlik. MSK seçkilərdə nəticələrə təsir edə biləcək ciddi qanun pozuntuları ilə bağlı quruma heç bir şikayət daxil olmadığını bəyan edib. Nə namizədlərin seçki qərargahları, nə beynəlxalq müşahidə missiyaları qanun pozuntularına dair MSK-ya şikayət təqdim ediblər. Səsvermə prosesində qanun pozuntularına yol verildiyini iddia edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu belə MSK-ya nə şikayət, nə bu iddiaları təsdiqləyən akt və ya videomaterial təqdim edib. Heç bu qurumun özü də mətbuat konfransında konkret şikayətlər daxil olması barədə məlumat verməyib. Videomaterialı xüsusi qeyd etmək lazımdır, çünki informasiya texnologiyalarının son dərəcə yüksək səviyyədə inkişaf etdiyi bu dövrdə hər kəs istənilən hadisəni kadra köçürmək üçün vasitəyə - telefon, planşet və s. – sahibdir. Belə olan halda ittiham edən tərəfin belə materiallara sahib olmaması təəccüblü görünür.

İkinci məqam. Demokratik Qüvvələrin Milli Şurasının bu gün keçirilən mitinqinə çox az sayda vətəndaşın qatılması bir çox suallara cavab vermiş oldu. Məntiqlə seçkilərdə ciddi qanun pozuntularına yol verilsəydi, Milli Şura namizədinin haqları pozulmuş olsaydı, bu gün “Məhsul” stadionuna yüzlərlə deyil, on minlərlə insan toplaşmış olardı. Mitinqə az adamın qatılması nə hava şəraiti, nə sərbəst toplaşma azadlığının pozulması, nə icra strukturlarının yaratdığı maneələr, nə də aksiya keçirilən ərazinin şəhərdən uzaq olması ilə əsaslandırıla bilər. Bakı şəhər İcra Hakimiyyəti mitinqin keçirilməsi barədə müraciəti dərhal cavablandırıb, Milli Şuraya məhz şəhərin mərkəzində, metro stansiyasının 100 metrliyində yerləşən meydanda aksiya keçirilməsinə razılıq verib. O zaman niyə seçkilərin nəticələri elan olunduqdan cəmi 60 saat sonra keçirilən icazəli mitinqə bu qədər az adam toplaşıb? Bu sual vətəndaşlara deyil, seçkilərdə kütləvi saxtakarlıqlara yol verildiyini iddia edən ATƏT DTİHB-in qısamüddətli missiyasına ünvanlanıb. Çünki, sualın cavabı səsvermə hüququndan istifadə edərək öz seçimini edən vətəndaşlara məlumdur. Müxalifətin elektorat problemi, seçkilərlə bağlı strategiya müəyyənləşərkən yol verilən yanlışlıqlar, vahid namizəd roluna uyğun şəxsin seçilməməsi və s. amilləri təkrar xatırlatmağa dəyməz.

Əgər seçkilərdə seçicilərin haqları kütləvi şəkildə pozulubsa, o zaman niyə vətəndaşlar öz haqlarını müdafiə etmək üçün aksiyaya qoşulmurlar? Məntiq onu deyir ki, seçkilərdə kütləvi qanun pozuntularına yol verilsəydi, bugünkü mitinqdə kütləvilik müşahidə olunmalıydı. Çünki 60 saat “seçki saxtakarlığının unudulması” üçün çıx az vaxtdı.

Xüsusi olaraq qeyd etmək yerinə düşər ki, bütün beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in seçkiləri müşahidə edən uzunmüddətli missiyası seçkilərdə seçici fəallığının son dərəcə yüksək olduğunu qeyd edib. Hətta hesabatda Azərbaycanda seçici fəallığının digər Avropa ölkələrindəki kimi yüksək olduğu bildirilir və qeyd olunur. Azərbaycan seçicisi öz gələcək talelərini müəyyənləşdirməyə son dərəcə maraq göstərir və bu prosesdə üzərinə düşən məsuliyyəti tam dərk edir. Bu sətirlər məhz ATƏT missiyalarını seçki ilə bağlı hesabatından sitatdır.

Şərt

Əgər seçicilər kütləvi şəkildə səsverməyə gəlirsə;

İstədiyi namizədə səs verirsə;

Seçkilərdən dərhal sonra keçirilən etiraz mitinqinə cəmi iki məntəqədə qeydiyyatda olan seçicilərin sayı qədər vətəndaş qatılırsa;

Nəticə

Deməli, seçkilərdə kütləvi şəkildə saxtakarlığa yol verildiyi, nəticələrə təsir göstərə biləcək qanun pozuntularının olduğu barədə iddialar tərəfli və yanlışdır.

Normal məntiq bunun əksini ortaya qoyacaq heç bir arqument təqdim etmir. Çünki beynəlxalq təşkilatlar özləri “seçici aktivliyinin olduğunu və bunun seçicilərin seçkinin nəticələrində maraqlı olduğunu” göstərdiyini vurğulayıblar. ATƏT/DTİHB da daxil olmaqla heç bir beynəlxalq müşahidə missiyası MSK-nın seçici aktivliyi ilə bağlı açıqladığı nəticəyə etiraz etməyib, əksinə bunu təsdiqləyib. Bu gün isə “səsi saxtalaşdırıldığı iddia olunan seçici” onun üçün düzənlənmiş “icazəli mitinqə” gəlmədi. Polislə insident yaşamaq, həbs qorxusu olmadığı halda gəlmədi. Sual ortaya çıxır: hanı bəs “səsi saxtalaşdırılan yüzminlər” ? Cavab meydandakı mənzərə deyil.

Deməli, ortaya bu nəticə çıxır: vətəndaş verdiyi səsin ünvanına çatdığını hesab edir!

***

Əslində Milli Şuranın bu gün keçirdiyi mitinq 2013-cü il prezident seçkilərinin yekun nöqtəsi oldu. Mitinqin yeganə siyasi əhəmiyyəti odur ki, bu aksiya seçkilərdən sonra yaranmış bütün mümkün suallara cavab verdi. Həm də müxalifət bu gün keçirdiyi aksiya ilə cəmi 60 saat öncə seçkilərlə bağlı rəy açıqlamış ATƏT/DTİHB-na əsil həqiqəti göstərdi...

 

APA-ANALİTİCS

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7424
avatar

Oxşar yazılar