Gülər Əhmədova səhvini etiraf edib
26 may 2013 12:04 (UTC +04:00)

Gülər Əhmədova səhvini etiraf edib

Bu il fevralın 13-dən həbsdə olan sabiq deputat Gülər Əhmədova barəsində seçilmiş üç aylıq həbs-qətimkan tədbiri vəkillərinin bütün cəhdlərinə baxmayaraq, ev dustaqlığı ilə əvəzlənmədi. May ayının 8-də məhkum xanımın özünün də böyük ümidlərlə iştirak etdiyi məhkəmədə həbs-qətimkan tədbiri daha üç ay uzadıldı.

 

 

Məlumatlara görə, 40 dəqiqəyə yaxın davam edən prosesdə G.Əhmədova əsəb krizi keçirib və bayılıb. Vəkilləri G.Əhmədovanın xəstəlik kağızını təqdim etsələr də, ona əhəmiyyət verən olmayıb. Vəkilləri deyiblər ki, qərardan apelyasiya şikayəti verəcəklər.

 

Ciddi əsəb sarsıntısı keçirən G.Əhmədovanın bu məhkəmə qərarından bir neçə gün sonra Kürdəxanı təcridxanasında Penitensiar Xidmətin rəisi, general-leytenant Mədət Quliyevlə görüşü oldu. M.Quliyev təfsilata varmadan mətbuata yalnız onu dedi ki, sabiq deputatın səhhətində onun həyatı üçün təhlükəli heç nə yoxdur.

 

Əldə etdiyimiz məlumata görə, G. Əhmədovanın səhhəti Kürdəxanı təcridxanasında qalmağa həqiqətən də imkan vermir. Xüsusilə psixoloji durumundan ehtiyat etdikləri üçün daima Penetensiar Xidmətin 2 qadın əməkdaşı ona növbə ilə sözün həqiqi mənasında karaul rejimində nəzarət edirlər. Elşad Abdullayevin ilk video-bombasından ta həbs edilənədək (təxminən 5 ay) basqılara güclü xarakteri sayəsində qalib gələ bilən G.Əhmədova indi çox “sınıb”.

 

Əldə etdiyimiz məlumata görə, G.Əhmədova demək olar ki, hər həftə bir vəkili (onun adını özümüz çəkmirik) vasitəsi ilə hakimiyyətdəki bir sıra şəxslərə yazdığı məktubları göndərir. O məktubları konkret hansı ünvana göndəriləcəyini yalnız “çölə” çıxarılandan sonra vəkilinə deyir. Sonuncu məhkəməsi ərəfəsində o, səlahiyyətli şəxslərdən birinə yazdığı məktubda faktiki ev dustaqlığında olduğu dövrdə “lazımsız müsahibələr” verdiyini və “ağzından ehtiyatsız sözlər çıxardığını” və nəhayət, “psixoloji gərginlik səbəbindən ölkədən müvəqqəti də olsa çıxmaq istədiyini” “həyatının ən böyük səhvi” kimi dəyərləndirib. O, məktubunda xeyli dərəcədə insanı silkələyəcək sözlər də yazıb. Sabiq deputat ona inamın itməsini anladığını və “məni elektron nəzarət qolbağı ilə ev dustaqlığına buraxın”, - kimi fikirlər yazıb.

 

Onun sonuncu məhkəmədə isterik vəziyyətdə hakimə xitabən “qanım sizin üstünüzdə qalacaq” deməsindən hakimiyyət narahat olub və dərhal dövriyyəyə Penitensiar Xidmətin rəisi girib. “1 nömrəli məhbus”la təcridxana rəisinin otağında görüşən M.Quliyev G.Əhmədova ilə “profilaktik söhbət” aparıb.

 

G.Əhmədovanın ev dustaqlığı ilə bağlı məsələnin onun səlahiyyətlərində olmadığını deyən M.Quliyev məhkum xanıma yalnız səbr arzulayıb. Həmin görüşdə G.Əhmədovanın elektron “braslet” istəyinin də müzakirə olunduğunu iddia edə bilmərik. Azərbaycanın Penitensiar Xidmətində bu cür nəzarət mexanizmi hələ ki yoxdur və bu baxımdan G.Əhmədovanın bu arzusunun necə yarandığı da maraq doğurur. Çünki Azərbaycan məhkəmələri il ərzində 1000 belə müraciətin bəlkə də birini belə təmin etmir. Üstəlik, bunun üçün dövlət pul ayırmalı və əsasən İsraildə yüksək keyfiyyətlə hazırlanan aparatlar alınmalıdır.

 

Qonşu Rusiyada son illər bu qolbaqlardan ev dustaqları üçün geniş istifadə edilir. Hətta indi Rusiyanın ən tanınmış müxalifətçilərindən biri olan Sergey Udaltsov və keçmiş müdafiə naziri Serdyukovun xanım əməkdaşı, G.Əhmədovanın ittihamından da ağır cinayətlərdə suçlanan Yevgeniya Vasilyeva ev dustaqlığında elektron qolbağı ilə nəzarətdə saxlanılırlar.

 

musavat.com

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5235
avatar

Oxşar yazılar