Enerji Konqresi dünyaya enerji verəcəkmi?
Nazim Cəfərsoy – politoloq
Bügünkü “Manşet”də “Enerji Konqresi dünyaya enerji verəcəkmi?” mövzusu ilə bağlı “Qafqaz Strateji Araşdırmalar Mərkəzi”nin analitiki, Nazim Cəfərsoy aparıcı İlham Tumasın suallarını cavablandırıb.
Əhəmiyyətli məsələyə həsr olunmuş bu tədbirdə ABŞ başda olmaqla Qərb ölkələrinin təmsilçiliyi müəyyən suallar doğurduğundan, sammitin gedişatı və qərarları indidən ciddi maraq doğurur. Neft-qaz istehsalçısı olan böyük ölkələr arasında siyasi ixtilafların mövcudluğu bu tədbirdə qəbul olunacaq qərarların praktik icrası haqqında qəti fikir bildirməyə imkan vermir.
Əslində, İstanbulda təşkil olunan bu sammit qlobal miqyasda çox mühüm məsələyə həsr olunduğu üçün əhəmiyyətli tədbir kimi qiymətləndirilməlidir. İstanbul sammiti enerji təhlükəsizliyi məsələlərinə həsr olunub. Yəni əsas diqqət enerji məsələləri üzərində olacaq. Əslində bu sammit Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinin müzakirəsi baxımından bir imkandır.
Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunu nəzərə alsaq, hesab edirəm ki, prezident İlham Əliyevin İstanbuldakı görüşə qatılması və keçirəcəyi görüşlər böyük siyasi-iqtisadi əhəmiyyət kəsb edir. İstənilən halda belə bir tədbirin keçirilməsinin böyük əhəmiyyəti var.
Putinin Suriya siyasəti, Hələb şəhərinin bombalanması və bunun nəticəsində yaranan humanitar böhran, üstəlik, Rusiyanın BMT TŞ-da Fransanın Suriya ilə bağlı qətnaməsinə veto qoyması fonunda onun İstanbula səfəri və Ərdoğanla görüşü son dərəcə səmərəli keçdi. Putinin dünyanın neft və qaz kimi enerji resurslarına hələ çox ehtiyacı olacağını bildirməsi Qərbə mesaj idi. Çünki Qərb ölkələri son illər apardığı elmi tədqiqatları genişləndirir ki, neft və qazdan asılılıqlarını azaltsınlar.
- Konqresdə 3 ölkənin prezidentlərinin yanaşı əyləşərək bir-birləri ilə söhbət etmələri diqqətçəkici idi. Bu görüntü ondan xəbər verir ki, Rusiya, Türkiyə və Azərbaycan arasındakı əməkdaşlığın genişlənməsi həm bu ölkələrin, həm də bölgənin xeyrinədir. Sadəcə, Ermənistanın Azərbaycana qarşı işğalı davam etdirməsi və Rusiyanın Ermənistan hakimiyyətinə təsir edib ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldımasını sürətləndirməməsi bölgədə sülh və əmin-amanlıq üçün başlıca maneədir.
179