Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin İllik Qlobal Forumunun açılış sessiyasında çıxış edib
04 iyun 2013 10:39 (UTC +04:00)

Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin İllik Qlobal Forumunun açılış sessiyasında çıxış edib

ABŞ-da səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov ABŞ və dünya miqyasında böyük nüfuz sahibi olan Amerika Yəhudi Komitəsinin İllik Qlobal Forumunun Vaşinqtonda keçirilmiş açılış sessiyasında çıxış edib.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, açılış sessiyasının əsas natiqlərindən biri olan E. Məmmədyarov Forumun çoxsaylı iştirakçılarına Azərbaycanın ABŞ və İsrail ilə genişlənən ikitərəfli münasibətləri barədə danışıb, Amerika Yəhudi Komitəsi başda olmaqla, ABŞ-da fəaliyyət göstərən yəhudi təşkilatlarının dövlətlərimiz arasında əməkdaşlığa verdikləri töhfələri təqdir edib.

 

Azərbaycan və İsrail arasında əlaqələri yaxın dostluq münasibətləri kimi xarakterizə edən E. Məmmədyarov iki ölkə arasında əməkdaşlığın xalqlarımız arasında tarixən formalaşmış xoş münasibətlər, qarşılıqlı anlaşma və son illər əldə olunmuş məhsuldar ticarət və iqtisadi əlaqələr üzərində qurulduğunu göstərib. Onun sözlərinə görə, beynəlxalq aləmdə Azərbaycan yalnız enerji resursları ilə zəngin bir ölkə deyil, dözümlülük ənənələrinin dərin kök saldığı nümunəvi bir cəmiyyət kimi tanınır. Müsəlman ölkəsi kimi tanınan Azərbaycan səmavi dinlərin nümayəndələrinin birgə sülh şəraitində yaşadığı nadir məkandır. Xüsusilə 2500 il ərzində yəhudi icması Azərbaycanda heç bir məhdudiyyətlərə məruz qalmadan yaşayır və cəmiyyətimizin müxtəlif sferalarında təmsil olunur. E. Məmmədyarov nəzərə çatdırıb ki, yəhudi icması hələ Azərbaycan Demokratik Cümhuriyyəti dövründə Azərbaycan hökumətinin tərkibində səhiyyə naziri postunu tutmuş Aşkenazi yəhudisi olan Yevsey Qindes tərəfindən təmsil olunub. Eləcə də yenicə qurulmuş hökumət tərəfindən 1919-cu ildə Yəhudi Xalq Universitetinin təsisi haqqında qərar verilib.

 

XİN rəhbəri İsrailə rəsmi səfərindən bəhs edib, prezident Şimon Peres, baş nazir Benjamin Netanyahu və digər rəsmilərlə səmərəli görüşlər keçirdiyini bildirib. O, iki dövlət arasında qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi məqsədilə müntəzəm məsləhətləşmələrin davam etdiriləcəyini söyləyib. Cənubi Qafqaz regionunda tam miqyaslı əməkdaşlığa əsas maneənin Ermənistan-Azərbaycan münaqişəsi olduğunu qeyd edən E. Məmmədyarov Azərbaycanın ən qısa zaman kəsiyində münaqişənin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirib. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olaraq Azərbaycanın dünyanın müxtəlif məkanlarında, o cümlədən Yaxın Şərqdə sülhün bərqərar olması üçün səylərini əsirgəmədiyini ifadə edib.

 

Qeyd edək ki, 1906-cı ildə təsis edilmiş Amerika Yəhudi Komitəsinin ABŞ-ın 26 ştatı, həmçinin dünyanın bir çox ölkələrində bölmələri fəaliyyət göstərir. Komitənin prezidenti Robert Elman, icraçı direktoru isə 2012-ci ildə Azərbaycan Prezidentinin sərəncamına əsasən “Dostluq ordeni” ilə təltif edilmiş Deyvid Harrisdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451
avatar

Oxşar yazılar