Əkrəm Əylisli niyə Neron olmaq istədi?
09 fevral 2013 18:00 (UTC +04:00)

Əkrəm Əylisli niyə Neron olmaq istədi?

Bəri başdan bildirim ki, ədəbiyyat tənqidçisi, tarixçi deyiləm, yazımdakılar əsər haqqındakı fikirlərimin tezis formasıdır. Hesab edirəm ki, əsərin mükəmməl təhlilinə xeyli vaxt və mütəxəssis fikri çox vacibdir. Bölüşdüklərimdən Əkrəm Əylisliyə qarşı istifadə edilməsinin əsla əleyhinəyəm. Ona, ailəsinə qarşı hər hansı təqibi yolverilməz və dövlətçiliyə, millətimizə qarşı yönəlik addım hesab edirəm. Əminəm ki, Azərbaycanı istəməyənlər Əkrəm Əylisliyə yönələn hər bir addımdan bolluca yararlanacaqlar. Bəlkə də bu bir çoxlarının ürəyindəndir. Heç olmasa bir dəfə, ola bilsin bilərəkdən əleyhimizə atılmış bu addıma, belə bir həssas, mürəkkəb dünyamızda ağılla, düşünülmüş şəkildə cavab verməyimiz çox vacibdir.

 

Əsərin təhlilinə keçməzdən əvvəl bəzi fikirlərə aydınlıq gətirmək istəyirəm. Əkrəm Əylisli və onu müdafiə edənlər əsərdəki bəzi halları izah edə bilməyəndə bir ağızdan deyirlər ki, oradakı fikirlər obrazlara məxsusdur və bizə dəxli yoxdur. Heç cür anlamıram! Bu günə qədər az oxumamışam və bildiyim odur ki, əsərdəki mənfi ya müsbət obrazları müəllif yaradır və onlar müəllifin sevdiyi, sevmədiyi, yaxud arzuladığı, arzulamadığı övladlarıdır. Məhz obrazlar vasitəsilə müəllif bəyəndiyi, bəyənmədiyi fikirləri, halları, arzularını oxucularına çatdırır.

 

Bundan başqa, onlar yenə çətinə düşəndə bu bədii əsərdir, orada tarix, siyasət axtarmayın deyirlər. Yaxşı, siz dediyiniz kimi fikirləşək, bəs onda, əsərdə təsvir olunan hadisələrin bəziləri real həyatda baş verib və həmin məkanları real adlarla sadalayırsınız axı, bunu necə izah edirsiniz?! Əsərin özündəki çoxsaylı faktları demirəm, elə sonundakı qeydlərə diqqət yetirmək kifayətdir ki, bunun heç də deyildiyi kimi olmadığını görəsən. Burada sadalanan əsərlərin adları, müəllifləri, Azərbaycanın və Bakının bəzi rayonlarının yerləşdiyi yerlər dəqiqliklə göstərilir. Həmin qeydlərdəki 33-cü sıraya fikir verən isə bu əsərin real tarixi faktlar əsasında yazılmasına şübhə etməyəcək. Əkrəm Əylisli, az qala mətnini bütünlüklə əsərə köçürdüyü “Zəkəriyyə Akulisskinin gündəliyi”nin 1939-cu ildə Yerevanda Ermənistan SSR-in Elmlər Akademiyası tərəfindən çap olunduğunu, yəni mənbəni dəqiqliklə qeyd etməyi də unutmur. Əminəm ki, qarşı tərəf də illər keçəndən sonra Əkrəm Əylislinin yazdıqlarını qələmə aldıqda hökmən göstərəcəklər ki, istinad etdiyimiz mənbə 2006-cı ildə Əylisdə, 2007-ci ildə isə Bakıda dünya şöhrətli, əsərləri ingilis, fransız, alman, ispan, rus və digər dillərdə çap olunmuş, Azərbaycanın ən ali orden, medallarını almış, Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi Əkrəm Əylisli tərəfindən yazılıb, 2013-cü ildə isə Moskvada dünyanın aparıcı nəşrlərindən olan “Xalqlar Dostu” jurnalında çap olunub.

 

Əsərin qısa fabulası isə belədir: 1980-ci illərin axırlarında Bakı şəhərinin Parapet bağında kütlə bir nəfəri erməni zənn edib vəhşicəsinə döyür. Bu şəxs Azərbaycanın tanınmış artisti Saday Sadıxlı olur. Saday Sadıxlı huşsuz vəziyyətdə Bakı xəstəxanalarının birinə yerləşdirilir. Bundan sonra Saday Sadıxlının yuxularında gördüyü Əylis kəndində və Bakıda baş verənlər təsvir olunur. Əsərdə çoxlu sayda obrazlar var. Onların hər birini təsvir etmək nə fikrim, nə də vaxtım yoxdur... Ancaq qısa da olsa həmin obrazların mənfi və müsbət keyfiyyətlərini nəzərinizə çatdırım. Əsərdəki obrazlar ümumən azərbaycanlı və erməni millətinin nümayəndələridir. Bütün əsər boyu qəhrəmanların milliyyətləri və mənsub olduğu dinlər qabarıq şəkildə diqqəti cəlb edir. Əsər boyu azərbaycanlıları, türkləri təmsil edən müsəlman obrazlar mədəniyyətsiz, qaniçən, erməni millətini təmsil edənlər, xristianlar isə sülhpərvər, mədəni kimi təqdim olunurlar. Ermənistandan olan qaçqınlar isə “yeraz” adlandırılır və onlara olan nifrət gözə girir.

 

Əkrəm Əylisli söhbətimizdə mənim “Əkrəm müəllim o yazıda azərbaycanlı, müsəlman olan müsbət obraz varmı?” sualıma dərhal cavab verdi: ”Bəli, Saday, o biri artist, həkim, professor”. Çalışıb hər bir qəhrəmana bir oxucu gözü ilə baxdım. Əvvəlcədən bildirmək istəyirəm ki, mən ədəbiyyatçı deyiləm, əsərdəki obrazları istədiyim kimi təsvir etməyə vaxtım yoxdur və mənim fikrim heç də Quran ayəsi deyil, mən də səhv edə bilərəm. Ancaq mənim səhvlərimi bir çoxları kimi söyməklə deyil, arqumentlərlə cavablandırılmasını istəyirəm.

 

Əsərin qəhrəmanı Saday Sadıxlı ilk dəqiqələrdən həqiqətən savadlı, prinsipial, insanpərvər şəxs təsiri bağışlayır. Ancaq əsəri oxuduqca onun azərbaycanlılara, müsəlmanlara olan nifrətini görməmək mümkün deyil. Onda olan bütün müsbət cəhətlər yaşadığı ölkədəki dinə və insanlara nifrət, erməni millətindən olanlara, xristianlara məhəbbətlə məhdudlaşır. Nifrət o qədər böyükdür ki, o Eçmədzində xristianlığı qəbul etmək üçün hər gün vağzala gedir və həsrətlə Bakı-Yerevan qatarını gözləyir. Axı insanpərvər şəxsin o kütləyə də yazığı gəlməlidir. Hakim, prokuror, vəkil işlədiyim dövrlər ən qatı cinayətkara da yazığım gəlib ki, niyə o bu yola düşübdür. Mən yaxşı olduğumu qeyd etmək istəmirəm, insanlıq bunu tələb edir. Axı nifrət, nifrət doğurar. Onun bir hərəkətində, dolaşıq fikirlərində belə nə üçün o insanların bu addımı atdığı sualı görünmür. Axı o dövr kütlə psixologiyasının hakim olduğu vaxtlarda minlərlə ermənini Bakıda yerləşən bu hadisələri təşkil edən SSRİ KQB-si, milisi, ordusu deyil məhz öz həyatları bahasına azərbaycanlılar xilas etmişdi. Bunu müəllif bilməmiş deyil.

 

Müəllifin digər müsbət obrazı, azərbaycanlı qəhrəmanı Nuvariş Qarabağlı ilk dəqiqələrdən yazıq, prinsipsiz, "şut" təsiri bağışlayır. Üç dəfə evli olub, sonda isə tək-tənha yaşayıb. İlk evliliyini heç bir nişan, toy olmadan, sadəcə sevdiyi qızı taksiyə oturdub və heç bir cehizsiz ata evinə gətirib. Ayyarım yaşadıqdan sonra cehiz gətirmədiyi səbəbdən, qaynanası ilə olan davaya görə çıxıb gedib. Bu obrazın vasitəsi ilə müəllif bir nəfər savadsız, qarnı yekə, pəzəvəng Baksovet işçisi tərəfindən yaşlı teatr işçisi Qretı Sarkisovna Minasovanın evinin zorla əlindən alınması, sonra həmin mənzildə fahişəxana açmasını xüsusi canfəşanlıq və təsvirlərlə diqqətə çatdırır. Sonra isə istintaqçı kimi həmin o Baksovet işçisi Şahqacar Ərmağanov həmin yaşlı erməni qadının balkondan atılmasını və onun adından ölümündən əvvəl “Mən ermənilərin törətdiyi cinayətlərə görə özümə nifrət edirəm. Mən öz xalqıma nifrət edirəm və həyatda yaşamaq istəmirəm. Qarabağ Azərbaycana məxsusdur. Yaşasın Azərbaycan” məzmunlu yazını təşkil edir. Nuvarişin fikri ilə müəllif "yeraz" adlandırdığı Qərbi azərbaycanlılara “vəhşi”, “hissiz” deməklə nifrətini də gizlətmir.

 

Həkim Fərzani də diqqəti cəlb edən, müəllifin dediyi kimi müsbət azərbaycanlı obrazıdır. Bəli, o, gözəl həkimdir. Ancaq ölüm ayağında olan xəstənin iztirablarını görə-görə ona kömək etməyə tələsmir, Nuvarişin təsvir etdiyi vəhşiliyə diqqətlə qulaq asır və bu faciəli məqamda gülümsəməyi də unutmur. Evləndiyi rus həyat yoldaşı ilə keçirdiyi xoş günlər, oğluna sünnət etmək istədiyinə görə mübahisədən sonra Vətənə qayıtmağı yadına düşür. Bakıda, azərbaycanlıların arasında yaşadığı 3 ildə Vətənə qayıtmaqla hansı bağışlanmaz səhvləri buraxdığını anlayır, peşmançılıq çəkir, erməni millətinin böyüklüyünü dərk edir.

 

Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm. Özüm 15 il Rusiyada yaşamışam. Fəhlə, tələbə, hakim, məhkəmə sədri olduğum vaxtlar heç bir kollektivdə, qonşuluqda rus millətindən özümə qarşı heç bir pislik görməmişəm. Bu gün də həyatda özümə ən doğma saydığım iki dostum var. Hər ikisi ilə Krasnodar kompressor zavodunda fəhlə işləyərkən tanış olmuşam, birlikdə hazırlıq kurslarında, hüquq fakültəsində oxumuşam, dostluğumuz indi də davam edir. Bu günə qədər də şübhəm yoxdur ki, necə ki, 1994-cü ildə Prezident aparatından işdən qovulduqdan sonra mənə dayaq oldular, bu gün də hər hansı problemim olsa, yenə mənə dayaq olarlar. Ola bilsin mən də rus xanımını ilə evlənə bilərdim və bu, qəbahət də deyil. Evlilik məsələsi, zənnimcə tək istəklə olmur. Evlilik səmalarda bağlanır. Ancaq Bakıda olduğum müddətdə qeyri-azərbaycanlılara evlənənlərin bəzilərinin bizlərə sanki yuxarıdan aşağı baxmasını hiss etmişəm. Zənnimcə, belələrinin bir çoxları millətinə də yuxarıdan aşağı baxır.

 

Müəllifin dili ilə adlandırsaq, doktor Abasəliyev obrazı xüsusi koloriti ilə ilk dəqiqələrdən diqqəti cəlb edir. Obrazı izlədikcə belə təsəvvür yaranır ki, o, həkimlikdən artıq erməni tarixini araşdıran bir mütəxəssisdir. Bu obraz haqqında çoxlu yazmaq olar. Ancaq əsərin sonunda olan bir məqam zənnimcə onu daha əhatəli təsvir edir. 10 gün ölüm ayağında olan kürəkənini görməyə gələn professor xəstəxanaya gəlir, ölüm ayağında olan kürəkənini öpür, uzun araşdırmalardan sonra tapdığı 300 illik tarixi olan “Zəkəriyyə Akulisskinin gündəliyi” onu necə valeh edirsə, o, heç yeganə qızının sevdiyi həyat yoldaşının, həm də ona çox yaxın olan həmfikirinin ölüm ayağında olmasına fikir vermədən, Zəkəriyyənin erməni xalqının böyüklüyünü, Naxçıvan torpaqlarının, o cümlədən Əylisli kəndinin ermənilərə məxsus olduğunu onun araşdırmalarına görə, sübuta yetirən gündəliyini oxumaqla hamının diqqətin cəlb etmək istəyir. Psixiatrın söhbətinə müdaxilə etmək istəyən tibb bacısı Münəvvər xanımın “Doktor, axı hər yerdə yazırlar ki, o kilsələr ermənilərin yox albanlarındır. Deyirlər ki, sonralardan ermənilər onları özününküləşdiriblər. Bəlkə sizin dediyiniz Zəkəriyyə heç erməni deyil, albandır?" sualını heç başını qaldırmadan ağzında qoyur. Doktor oxumağını davam etdirir. Doktor Farzaninin sualına isə heç cavab vermir, dərhal çıxarıb başqa vərəqi oxuyur. Doktorun qızı Azadə xanım xəstənin dərman qəbul etmək vaxtına az qaldığından, atasına xəstənin sakit buraxılmasını işarə etdikdə yenə doktor qızının narahatçılığına fikir vermədən yeni vərəq çıxarır. Oxumağa davam edərkən kilsə sözünü ifadə etdikdə, 10 gün huşsuz olan Saday Sadıxlı gözlərini açır və bu günlər ərzində səssiz, hərəkətsiz olan şəxs bircə söz dilinə gətirir “Eçmiadzin”! Atasının hərəkətindən dəhşətə gələn qızı göz yaşları ilə deyir: ”Ata, ata, axı o danışa bilmir. Sən isə danışırsan, susmadan danışırsan”. Bu məqam Abasəliyev qəflətən ayılır və soruşur: "Axı o, danışırdı”. Doktor Fərzani bildirir ki, "sən bizim ağzımızı açmağa belə qoymadın. 300 il bundan əvvəl olan Əylisə getmişdin, heç bizi görmürdün” Abasəliyev dərhal davam edir: “300 il bundan əvvəl ermənilər bütün dünyadan yaxşı hər şeyi gətirib Əylisi cənnətə döndərdilər. XIX əsrdə türklər Əylisi xarabaya çevirib getdikdən sonra bu günə qədər orada olan müsəlmanlar erməni evlərinin uçurumlarının altında qızıl axtarırlar”.

 

Əkrəm Əylislinin xüsusi zövqlə canlandırdığı Abasəliyevin, guya azərbaycanlıların müsbət obrazı kimi qələmə aldığı şəxsin erməni millətinə olan sevgisi, türklərə, azərbaycanlılara, müsəlmanlara, islam dininə, qadınlarına olan nifrəti, ölüm ayağında olan sevimli həmfikirindən, kürəkənindən qat-qat üstündür. Ölüm ayağında olan xəstəyə kömək etmək əvəzinə, bu məqamda da erməni təbliğatı ilə məşğuldur.

 

Əsərin Əylisdə yaşayan digər azərbaycanlı qəhrəmanları isə elə birinci tanışlıqdan nifrət doğurur. Orada yaşayanların əksəriyyəti erməni millətini vəhşiliklə öldürüb evlərində yaşadıqlarına görə Allah tərəfindən lənətlənmiş psixi xəstələrdir. Onların ayamaları belə insanı diksindirir. Qəssab Məmmədağa keşiş Mkrtıçın qızını xəncərlə doğrayıb. Mırıq Müzəffər, Kaban Qulam, Cingöz Şaban, Sümsük Səfi, Topal Çimnaz, onun nəvəsi Cinni Səkinə və digərləri Əylisdə yaşayan erməni millətindən olanlara qarşı törətdikləri əməllərə görə Allah tərəfindən lənətlənib. Bunlarla yanaşı yalnız hörmətə və məhəbbətə layiq ermənilər yaşayıblar. Onlardan monax Mesrop Maştots məhz Əylisdə erməni əlifbasını yaratmışdır. Erməni milliyyətindən olan xanımlar isə xüsusi məhəbbətlə təsvir olunurlar. 

 

Erməni millətindən olan, azərbaycanlı qadınların biganəliklə seyr etməsi fonunda Camalın bit basmış başını yuyan Aykanuş obrazı, ələlxüsus, onun məcburən Əylisi tərk edərkən ağlaması, ağacları öpməsi, Əylisdə ən gözəl limonların onun tərəfindən becərilməsi epizodları zövqlə təsvir olunur. Elə burada Zöhrə arvadın Aykanunşdan oğurladığı qəşəng limonları diqqətini özünə cəlb etmək üçün Abasəliyevə təklif etməsi, əri olmuş Xankişinin 3 il onunla kef çəkdikdən sonra gəzəyən pişik kimi qaçıb, sonradan iki dəfə daha evlənməsi, Zöhrə arvadın nəvazişlə Abasəliyevin belini sığallaması, ona evlənməyib şəhərli qızına evləndiyinə görə qınaması epizodları yer alır. Gic Çimnazın “folklor nümunəsi” kimi səsləndirdiyi bayatıları isə ədəbsiz olduğundan yaza bilmirəm. Maraqlıdır, doğrudanmı kənd yerində yaşayan türk xanımları o hərəkətləri edə bilərdilər? Bakıda alverçi qadınların cavan erməni qadınının üstünə benzin töküb yandırmalarını qeyd etmək də müəllifin yadından çıxmır.
Erməni xanımı obrazlarından ikincisi və Əylisdə sona qədər tək yaşayan Anıx deyə, çağrılan Aniko obrazı da çox maraqlıdır. Atası, anası, bacı, qardaşı türklər tərəfindən vəhşicəsinə qətlə yetirilən, özü isə təndirdə gizlənmiş on yaşlı Anikonu, İstanbulda təhsil alan Mirzə Vahabın anası, Zöhrə xanım evinə gətirir. Əylisdə ən savadlı müsəlman sayılan 30 yaşlı Mirzə Vahab 10 yaşlı Anikonu zorla özünə arvad edir. Bütün bunlara baxmayaraq, müəllifin dili ilə desək, möcüzə baş verir. Anikonu özünə zorla arvad etməsinə, 20 yaş ondan böyük olmasına baxmayaraq, bu xanım ona iki oğul və qız doğur və hər yerdə ərinin necə savadlı alim, alicənab və xeyirxah insan olmasından danışır. Bundan başqa, Aniko müsəlmanlığı qəbul edir və qorxmadan hər yerdə deyir ki, vaxt gələcək ermənilər Əylisə qayıdacaq və buralar yenidən cənnətə dönəcək. Hərçənd ki, Aniko ölüm ayağında yenə də erməni olduğunu etiraf edir. 


 

Əylisdəki uşaqlar da Əkrəm Əylislinin diqqətindən kənarda qalmır. Qəssab Məmmədağanın oğlu Cingöz Şaban on-on bir yaşında Əylisdə cibində qəssab bıçağı belində tüfəng gəzərmiş. Məhz həmin tüfəngdən Cingöz Şaban tərəfindən öldürülmüş gözəl tülkünün qanının hasara boyanması səhnəsi isə müəllif tərəfindən xüsusi ustalıqla təsvir edilmişdir. Aykanuşun nəvəsi Lyusikə Məcnun kimi vurulmuş Bomba Babaş (hansı ki, sonralar Bakıda yüksək vəzifələr tutur) onun diqqətini cəlb etmək üçün etdiyi cılız hərəkətləri ilə diqqət mərkəzinə gəlir. O, ağacların başına çıxıb xoruz kimi banlayır, qarğa kimi qarıldayır, qoyun kimi mələyir, canavar kimi ulayır və erməni dilində Lyusikə “mən səni sevirəm” deyir. Bir az sonra Bomba Babaş Lyusikin kəndirdən asılmış alt tumanını oğurlayır. Bu fonda Camalın bit basmış başını Lyusikin nənəsi yuyarkən dostlarının ona lağ edib güldüyü zaman yazığı gəldiyindən Lyusikin küncə sıxılıb ağlaması və sonralar azərbaycanlı uşaqlarının bu ədəbsizliklərinə fikir vermədən əlində fırça öz boyaları ilə məşğul olması incəliklə təsvir olunur.

Əsəri oxuyan, Azərbaycan tarixini bilməyən hər bir insanda tək Əylisin deyil, bütün Naxçıvanın qədim erməni torpaqları olduğuna dair şübhə yaranmaz. Tək Yuxarı Əylisdə, eni uzunu 5,6 kilometr olan sahədə 12 erməni kilsəsinin olmasını isə müəllif tək fikirləri ilə təsvir etmir, ortalığa bunu sübut edəcək tarixi sənədləri qoymağa çalışır. Bu məlumatların haradan qaynaqlanmasını bilmək üçün yazılarımın əvvəlində də bildirdiyim kimi əslən Naçıvandan olan çoxsaylı insanlarla, Ordubad rayonunun Behrud, Tivi, o cümlədən Əylis kəndinin, müəllifin əsərində bildirdiyi kimi 12 erməni kilsəsi yerləşən Yuxarı Əylis kəndinin sakinləri ilə söhbətləşdim. Söhbətləşdiyim şəxslər həmin ərazilərdə erməni kilsələrinin deyil, alban kilsələrinin olduğunu bildirdilər. Əkrəm Əylisli ilə qonşu olan, bir məktəbdə oxuyan şəxs isə bildirdi ki, onun özü çox əvvəllər iki-üç uçurulmuş vəziyyətdə olan alban kilsələrini şəxsən görüb. Həmin kilsələrin alban kilsələri olmasını onlara rəhmətliklər, sinif rəhbərləri olmuş Məleykə xanım və tarix müəllimi olmuş Əlibala müəllim deyərmiş. Həmin alban kilsələri, ermənilər “bizimkidir” deməsin deyə, ağıldan, savaddan kəm rəhbərlər tərəfindən uçurulubdur. Elə həmin şəxslər, baba-nənələri tərəfindən söylənən “əgər türklər gəlməsəydilər ermənilər bizi qıracaqdılar” fikrini düşünmədən təkrarlayırdılar. Əsərdə həm ölkədə, həm də dünyada demokratiya tərəfdarı, insanpərvər kimi tanınan Əbülfəz Elçibəyin obrazı ən qəddar diktatorları belə geridə qoyur. Nuvariş Qarabağlı, əsərdə adlandırıldığı kimi, Baş Bəyin yanına gəlir və ondan tapança istəyir. Baş Bəy heç tapançanın nə üçün lazım olduğunu soruşmadan telefon dəstəyini götürüb əmr edir: “Artistə tapança gətirin, özü də təzəsini!”, az sonra isə əlavə edir: “Patronlarını çox qoyun!”. Şair Xəlil Rza Ulutürkü Uluruh Türkmənməkan adlandıran müəllif, onun, ətrafında yığışmış ərsiz qadınlarla birlikdə Parapetdə yerləşən erməni kilsəsini yandırmağa cəhd etməsini də qeyd etməkdən çəkinmir.

Əkrəm Əylislinin əsərdə dostluq etdiyi, bir yerdə yeyib-içdiyi Əbülfəz Elçibəyi, Xəlil Rza Ulutürkü necə alçaltdığını gördükcə, onunla yaxşı münasibətim ola-ola haqqında heç də xoşa gəlməyən yazı yazdığıma görə çəkdiyim əzab sanki səngiməyə başladı. Ancaq yenə bu məcburiyyətdə qalmağıma görə şad deyiləm...



 

Əsərdə türklərə qarşı açıq-aşkar nifrət aşılanır. Tək Adif bəy obrazına fikir vermək kifayətdir ki, müəllifin münasibətini görəsən. Mən hələ müəllifin daha uzağa gedib, tarixi Kürdüstan dövlətinin indiki Türkiyə ərazilərində yerləşməsi fikrini demirəm.
Hesab edirəm ki, Əkrəm Əylislinin dinlərə münasibəti heç cür anlaşılan deyil. Bu mövzü həddindən artıq həssas və təhlükəli olduğundan üzərində dayanmağı lazım bilmədim.

Mənim üçün çox maraqlı olan odur ki, məhkəmə prosesində prokuror kimi çıxış etdiyim Sumqayıt hadisələrinə də əsərdə yer ayrılır. Mənə təəccüblü gələn isə odur ki, şəxsən özüm “Sumqayıt: SSRİ-nin süqutunun başlanğıcı” kitabını Əkrəm Əylisliyə təqdim etmişəm. Bir də ki, kitabımdan başqa, Əkrəm Əylisli qədər məlumatlı, geniş dünya görüşlü şəxs, kitabdan çox illər əvvəl rəhmətlik akademik Ziya Bünyadovun, Ermənistanda yenidənqurmadan başlamış bu günə qədər daim fəal olmuş, tanınmış ictimai-siyasi xadim Payrur Ayrikyanın, Ə. Vəzirovun köməkçisi işləmiş, hal-hazırda İsraildə yaşayan Savva Peretsin yazılmış və səslənmiş fikirləri ilə inanmıram ki, tanış olmamış olsun. Necə o, bunları bilə-bilə Sumqayıt hadisələrini azərbaycanlıların törətdiklərini qeyd edir?! Bu yerdə sanki qeyri-adi bir duyğu yaşadım. Yadıma 1989-cu il Sumqayıt hadisələrinin məhkəməsi zamanı keçirdiyim hisslər düşdü. Tam 24 il keçib. Dərhal tanıdığım bir neçə şəxsdən 24 rəqəmi ilə bağlı əlamətdar nəyinsə olub-olmadığını soruşdum. Bəli, bu gün də eyni hissləri yaşayıram. Sanki, heç kim baş verənləri anlamır. Yenə şıdırğı alver gedir. Bəli, alver, özü də bütün cinahlarda. Hər şey şəxsi maraqlara bağlanır. Əkrəm Əylislinin yazdığı əsər qədər zərərli olan, Prezidentin onu adlardan məhrum etməsi ilə nəticələnən hadisələri isə dərk edən kimsə yoxdur təsəvvürü yaranır. Mən özüm də hər bir millətin mədəniyyətinin təbliğ olunmasının tərəfdarıyam və hesab edirəm ki, ancaq mədəniyyətlərə qarşılıqlı hörmət bəşəriyyəti zənginləşdirər. Əkrəm Əylisinin bu əsəri isə ancaq və ancaq millətlər, dinlər arasında düşmənçilik toxumu səpir. İnanmıram ki, Əkrəm Əylislinin bu əsərdəki azərbaycanlıları ilə kimlərsə, nə vaxtsa dostluq etmək demirəm, yaxın münasibətlərdə olmaq istəsin. Nədənsə əsəri oxuduqca, gözlərimin önündə Romanı yandırıb, kənardan teatral kostyumda həzlə baş verənləri seyr edən imperator Neron canlandı...

Aslan İsmayılov, vəkil

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2275
avatar

Oxşar yazılar