İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatı (qısaca D-8) 8 müsəlman dövlətindən ibarət bir qurumdur. Bu qurumun yaranması ideyası İslam Əməkdaşlıq Təşkilatının 1996-cı il oktyabrın 22-də İstanbulda keçirilmiş toplantısında irəli sürülüb. Bu ideya 15 iyun 1997-ci ildə İstanbulda dövlət və hökumət başçılarının Zirvə görüşündə rəsmi olaraq təsdiqlənmişdi. Təşkilata 2014-cü ildə BMT-nin Baş Assambleyasında “Müşahidəçi statusu” verilib. Təşkilatın üzvlərindən Türkiyə və İndoneziya “Böyük iyirmilər”in (G-20) üzvüdür. Zəngin təbii sərvətlərə və sürətli inkişafa malik olan, ümumi ticarət dövriyyəsi 3,7 trilyon dollar təşkil edən D-8 ölkələri artıq qarşılıqlı ticarət dövriyyəsini 500 milyard dollara çatdırmaq niyyətindədirlər. Həmçinin təşkilat üzvləri sıralarının genişləndirilməsini də prioritet kimi görməkdədirlər.
2017-ci il 20 oktyabr tarixində İstanbulda D-8-in “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirildi. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Prezident İlham Əliyev Zirvə görüşündə xüsusi qonaq qismində iştirak etdi. Bu, ilk öncə, Azərbaycan-Türkiyə qardaşlığının möhkəm təməllər üzərində qurulduğunu, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artdığını sübut edir. Xatırladaq ki, Türkiyə 2015-ci ildə G-20-yə sədrliyi dövründə də Azərbaycanın bu təşkilatda xüsusi qonaq statusunda iştirakını təmin etmişdi.
Bu gün Azərbaycanın dünya siyasi arenasında rolu istər potensialına, istərsə də geostrateji mövqeyinə görə unikal əhəmiyyətlidir. Respublikamız həm enerji mənbəyi olaraq, həm də ümumilikdə Xəzərin enerji resurslarının Avropaya nəqlində öz əlverişli geosiyasi mövqeyinə görə xüsusi dəyərə malikdir. Son illər Azərbaycanda həyata keçirilən beynəlxalq səviyyəli tədbirlər, konfrans və seminarlar ölkəmizin artan nüfuzundan xəbər verir. Təsadüfi deyildir ki, Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Ölkəmiz milli, dini tolerantlığın yüksək səviyyədə təmin olunduğu bir dövlət kimi diqqət çəkir. Azərbaycan dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparır, baş verən qlobal proseslər fonunda islam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində konkret addımlar atır. Azərbaycan o azsaylı dövlətlərdəndir ki, həm Avropa təşkilatlarının, həm də islami strukturların üzvüdür. Respublikamız İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurmuş, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış etmişdir. Bütün bunların göstəricisidir ki, Zirvə görüşünün iştirakçıları Azərbaycanın tamhüquqlu şəkildə təşkilata üzv olması üçün öz müraciətlərini etdilər.
Azərbaycan yalnız regionda gedən proseslərə deyil, eyni zamanda, beynəlxalq aləmdə cərəyan edən proseslərə də təsir göstərmək imkanı qazanıb. Azərbaycanın D-8 kimi iqtisadi əməkdaşlıq təşkilatına qoşulması kifayət qədər realdır və şübhə yoxdur ki, ölkəmizin gələcəkdə bu qurumun sıralarına daxil olması İslam dünyasında əməkdaşlığın genişlənməsinə yalnız fayda verəcək. Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir və stabil iqtisadiyyata malikdir. Bu baxımdan Azərbaycanın həmin təşkilata üzv olması aktualdır və müsəlman ölkələri ilə hərtərəfli əməkdaşlığa önəm verən ölkəmiz üçün bu, olduqca mühüm əhəmiyyətə malikdir.
Nailə Məmmədova
“Azerbaijan Realities”