Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, “Mənim Sevgim” adlı xeyriyyə fondunun məqsədi Yerevanın tarixi rayonlarını mühafizə etmək və aztəminatlı icmaların gənclərinin həyat təcrübələrini təkmilləşdirməkdən ibarətdir: “Avropa Azərbaycan Cəmiyyəti ümid edir ki, Şahzadə Çarlz vaxtilə, indi isə yalnız köhnə fotoşəkillərdə yaşayan qədim İrəvanda mövcud olmuş bir çox məscidlərdən ibarət əzəmətli arxitekturanı layiqincə qiymətləndirəcək və Ermənistan silahlı qüvvələri tərəfindən öz doğma evlərindən didərgin salınmış 1 milyona yaxın azərbaycanlı haqqında da düşünməyə fürsət tapacaq. Avropa Azərbaycan Cəmiyyəti Şahzadə Çarlzın Cənubi Qafqaz tarixinə xüsusi marağından məmnundur və onun Ermənistandan sonra qonşu ölkə olan Azərbaycana da getmək imkanı olacağına ümid edir. Şahzadə Azərbaycanda olarkən dini və etnik tolerantlıq sahəsində qədim tarixin sübutu olan Qafqazın ən qədim kilsələrinə, sinaqoqlara, məscidlərə və digər ibadət yerlərinə baş çəkə bilər. Bundan əlavə, o, Bakıda Azərbaycan hökumətinin dəstəyi ilə bərpa olunmuş erməni- qriqoryan kilsəsini də görə bilər. Əlbəttə ki, Şahzadə Çarlz Ermənistan-Azərbaycan sərhədini keçməkdə bəzi çətinliklərlə üzləşəcək. Belə ki, Azərbaycan torpaqlarının 20 faizi 20 ildir ki, BMT-nin 4 qətnaməsinə məhəl qoymayan Ermənistanın işğalı altındadır. Onun Ermənistan prezidenti Serj Sarkisyanla görüşü beynəlxalq hüquqa hörmət göstərməyi təşviq etmək istiqamətində yaxşı bir fürsət ola bilər”.
Açıqlamada qeyd olunur ki, səfərin ilk günü 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yarandığı 28 may - Respublika Günü ilə üst-üstə düşəcək: “Mövcud olduğu 23 ay müddətində ADR müsəlman dünyasında ilk demokratik və dünyəvi dövlət olub. ADR-in həyata keçirdiyi digər islahatlarla eyni zamanda 18 yaşından yuxarı bütün qadınlara seçki hüququ verilməsi və Bakı Dövlət Universitetinin yaradılması son dərəcə mütərəqqi addımlardan olub. Avropa Azərbaycan Cəmiyyəti ümid edir ki, Şahzadə Çarlz belə bir mühüm bayram münasibətilə Azərbaycan xalqına öz təbriklərini və əhəmiyyətli ticarət tərəfdaşı ilə uzunmüddətli münasibətlərinin gələcəkdə də davam edəcəyini bildirəcək”.
Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib ki, Şahzadə Çarlz öz dünyagörüşünə görə tamamilə haqlı olaraq bütün dinlərə hörmətlə yanaşır: “Belə ki, o, ictimaiyyət qarşısında elan edib ki, bütün dinlərin müdafiəçisi olmaq arzusundadır. Ümid edirəm ki, o, Azərbaycana səfər edərək məscidləri, sinaqoqları və kilsələri görmək imkanı əldə edəcək və bu ölkənin rəmzi olan dini tolerantlığın şahidi olacaq”.