Arif Hacılı: “Müsavatı hakimiyyətlə separat danışıqlarda ittiham edənlərin...” - MÜSAHİBƏ
08 yanvar 2014 19:17 (UTC +04:00)

Arif Hacılı: “Müsavatı hakimiyyətlə separat danışıqlarda ittiham edənlərin...” - MÜSAHİBƏ

“AXCP Müsavat Partiyasının əməkdaşlıq təklifinə nəinki müsbət cavab verdi, bizə qarşı genişmiqyaslı təhqir və böhtan kampaniyasına başladı”


 

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya  müsahibəsi

 

- Müsavat Partiyası prezident seçkilərindən sonra Milli Şuranın strukturlaşması, hədəflərinin dəqiqləşdirilməsi istiqamətində quruma daxil olan partiya və təşkilatlarla ikitərəfli danışıqlar aparırdı. Belə bir ərəfədə partiyanın fikrini dəyişərək, Milli Şuradan çıxmaq barədə qərar qəbul etməsi nə ilə bağlı oldu?

 

- Müsavat Partiyasının Milli Şuradan çıxmasını gözlənilməz addım kimi qiymətləndirilməyi düzgün hesab etmirəm. Çünki Müsavat Partiyası əvvəldən istər Milli Şuranın yaradılması prosesində, istərsə də sonrakı mərhələlərdə zaman-zaman qurumun tərkibində olan bəzi qüvvələrlə fərqli mövqelərdən çıxış edib. İstər Milli Şuranın Əsasnaməsinin qəbul edildiyi vaxt ortaya çıxan ziddiyyətlərdə, istər Milli Şuranın idarə olunması, strukturunun formalaşması, hədəflərinin müəyyənləşməsi, namizədinin müəyyən edilməsi və digər məsələlərdə, təəssüf ki, Milli Şuranın daxilində olan bəzi siyasi qüvvələr Müsavat Partiyasının mövqeyinə zidd mövqelər nümayiş etdirirdi. Lakin biz seçki kampaniyası dövrü olduğunu nəzərə alaraq, həmin dövrdə qarşıya qoyulan əsas hədəfə nail olduğumuzu əsas götürərək, Milli Şuradakı fəaliyyətimizi davam etdirirdik. Belə ki, 2013-cü ildə əsas hədəf kimi, demokratik düşərgənin seçki kampaniyasında iştirakına nail olmağı qarşımıza qoymuşduq. Milli Şurada olan bir sıra qüvvələrin ciddi müqavimətinə baxmayaraq, apardığımız ardıcıl siyasət nəticəsində 2008-ci il prezident seçkilərindən fərqli olaraq, bütün siyasi qüvvələrin bir araya gəlib seçki kampaniyasında iştirakına və siyasi prosesə qoşulmasına nail olduq. Hesab edirəm ki, bu müsbət hal idi. Seçki kampaniyasından sonrakı dövrdə isə bir sıra təkliflər irəli sürdük. Bu təkliflərin bəziləri qəbul olundu, bəzi prinsip və təkliflərimiz isə təəssüf ki, Milli Şurada olan tərəfdaşlarımız tərəfindən qəbul olunmadı. Biz Milli Şurada təmsil olunan əsas siyasi qüvvələrə müttəfiqlik və əməkdaşlıq münasibətləri təklif etdik, həmin qurumların rəhbərləri ilə görüşdük. Təəssüf ki, bu görüşlərdə bəzi siyasi təşkilatların rəhbərlərinin bizim müttəfiqlik münasibətləri, əməkdaşlıq sazişi bağlamaq barədə təklifimizə mənfi cavab verməsi və digər amillər Müsavat Partiyasının bundan sonra Milli Şura tərkibində fəaliyyətini mümkünsüz etdi.

 

- Müsavat Partiyasının Milli Şuradan ayrılması qurumda olan müttəfiqləriniz tərəfindən birmənalı şəkildə pislənildi, partiyaya qarşı kəskin ittihamlar səsləndirildi...

 

- Müttəfiqlərimiz adlandırdığınız qüvvələr elə Milli Şuranın tərkibində olduğumuz zaman da bizə qarşı kampaniyanı dayandırmamışdılar. Hesab edirəm ki, Müsavat Partiyasının Milli Şuradan çıxmasına səbəb olan əsas amillərdən biri də, Milli Şura çərçivəsində əməkdaşlıq etdiyimiz, müttəfiq kimi fəaliyyət göstərdiyimiz bütün dövr ərzində Milli Şuraya daxil olan bir sıra qüvvələrin sistemli şəkildə əsas hədəf kimi Müsavat Partiyasına qarşı kampaniya aparması olub. Müsavat Partiyasının Milli Şura bərədə qərarının qəbul olunmasından sonra 20 il ərzində ünvanımıza deyilən böhtan və təhqirlərin yenidən səsləndirilməsində qeyri-adi hadisə yoxdur. Mən hər hansı yeni sözlə rastlaşmamışam, bu fikirləri 20 ildir ki, onlar bizim haqqımızda deyirlər.

 

- Lakin uzun illər müxtəlif siyasi bloklarda birlikdə təmsil olunduğunuz, müttəfiqiniz AXCP tərəfindən Müsavat Partiyasına qarşı çox sərt ittihamlar səsləndirildi. Hətta, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı APA-ya açıqlamasında Müsavat rəhbərliyini Milli Şuradan ayrıldığı barədə verdiyi qərara görə hakimiyyətlə separat danışıqlarda, 2015-ci il parlament seçkilərinə mandat alverində ittiham etdi...

 

- Müsavat Partiyasının digər siyasi təşkilatlardan əsas fərqi ondan ibarətdir ki, nəinki indi, bütün dövr ərzində heç vaxt indiki hakimiyyət nümayəndələri ilə hər hansı separat danışıqlara, razılaşmaya getməyib. Hesab edirəm ki, Müsavat Partiyasının əsas üstünlüklərindən biri budur. Bu baxımdan AXCP-nin əsas sözçülərindən birinin Müsavat Partiyası haqqında bu cür böhtan xarakterli fikir səsləndirməsi, o cümlədən hələ iki il sonra olacaq seçkilərlə bağlı Müsavatın guya hakimiyyətlə mandat alverinə başlayacağı barədə falçılığı və bu motivlərlə Müsavat Partiyası ilə əməkdaşlıq etməyin qeyri-mümkün olduğunu bildirməsi, bizim Milli Şuradan çıxmaq barədə qərarımızın düzgün olduğunu bir daha təsdiq edir. Əgər müttəfiqlik yoxdursa, müttəfiqlik görüntüsü yaratmağa ehtiyac yoxdur. Müsavat Partiyasına qarşı bu cür ağır ittihamlar, ağır böhtanlar səsləndirən adamlarla birgə fəaliyyət görüntüsünü yaratmaqdansa, Müsavat Partiyasının siyasətini, hədəflərini, mövqeyini qəbul edən siyasi partiya və birliklərlə, başlıcası isə, Azərbaycan xalqı ilə birgə fəaliyyət göstərmək daha ciddi nəticələr verə bilər.

 

- AXCP tərəfindən irəli sürülən ittihamlarda iddia edilir ki, Müsavat Milli Şuranın prezident seçkisi ilə bağlı yaradılmış müvəqqəti seçki bloku olduğu üçün bu qurumdan ayrıldığı haqqında qərar verib, halbuki, Milli Şuranın Əsasnaməsində bu qurumun seçki bloku olduğu göstərilməyib. Buna münasibətiniz necədir?

 

- Milli Şuranın Əsasnaməsinin müəlliflərindən biri də mənəm. Milli Şuranın bir çox hədəfləri mövcuddur. Müsavat Partiyasının Milli Şuradan çıxmaq barədə bəyanatı Azərbaycan mətbuatında dərc olunub və orda bütün səbəblər göstərilib. Bu baxımdan guya Milli Şuranın prezident seçkiləri dövrü üçün yaradıldığı  və missiyasını başa çatdırdığı üçün də Müsavat Partiyasının qurumdan çıxması fikri də təhrif olunmuş fikirdir. Müsavat Partiyası öz bəyanatında Milli Şuraya münasibətinin bütün aspektlərini aydın şəkildə izah edib.

 

- AXCP Müsavatı Milli Şuradan çıxmaq üçün Rüstəm İbrahimbəyovun sədrlik və fəxri sədrliyini bəhanə gətirməkdə ittiham edir. Bununla bağlı nə deyə bilərsiniz?

                                 

- Müsavat Partiyası Milli Şuranın seçkilərdən sonrakı fəaliyyəti ilə bağlı bir sıra təkliflər irəli sürüb. Bu təkliflərdən birincisi, Rüstəm İbrahimbəyovun sədrlikdən getməsi, Cəmil Həsənlinin sədrliyə gətirilməsi idi və bu təklif qəbul olundu. Müsavat eyni zamanda Milli Şuranın hədəflərinin, idarə olunma qaydasının müəyyənləşdirilməsi və Milli Şurada olan siyasi qüvvələrin qarşılıqlı münasibətlərinin rəsmi şəkildə sazişlər vasitəsilə tənzimlənməsi təkliflərini irəli sürmüşdü. Bizim Milli Şuranın əsasını təşkil edən qurumlarla, o cümlədən, AXCP, KXCP, “El” Hərəkatı, NİDA və digər təşkilatlarla görüşlərimizin səbəbi də məhz Milli Şura tərkibində fəaliyyət göstərən qüvvələrin bundan sonrakı qarşılıqlı davranışlarının müəyyən olunması istiqamətinə yönəlmişdi. Hesab edirəm ki, Müsavat Partiyasının Rüstəm İbrahimbəyovun Milli Şura sədri olub-olmaması məsələsindən daha vacib olan təklifləri faktiki olaraq sözügedən qurumlar tərəfindən qəbul olunmadı. İlk növbədə AXCP Müsavat Partiyasının bu xoşməramlı təklifinə nəinki müsbət cavab verdi, faktiki olaraq, Müsavat Partiyası ilə müttəfiqlik etməkdən imtina etməklə yanaşı, Müsavata qarşı genişmiqyaslı təhqir və böhtan kampaniyasına başladı. Bu da Müsavat Partiyası strukturlarında çox böyük narahatlıq və narazılıqla qarşılandı. Hesab edirəm ki, Müsavat Partiyasının Milli Şuradan çıxmasının səbəblərindən biri də bu oldu. Rüstəm İbrahimbəyova gəldikdə, bizim onun şəxsiyyəti ilə bağlı heç bir problemimiz yoxdur. Rüstəm İbrahimbəyov bizim hörmət etdiyimiz ziyalılarımızdan biridir və onun Milli Şura sədrliyinə namizədliyi Müsavat başqanı İsa Qəmbər tərəfindən irəli sürülüb. Müqayisə üçün deyim ki, onun namizədliyi İsa Qəmbər tərəfindən irəli sürüləndə o, Milli Şurada iştirak edən 100 nümayəndədən 99-un səsini qazanmışdı. Amma onun fəxri sədrliyə namizədliyi irəli sürüləndə, yalnız 36 səs ala bildi. Bu baxımdan Rüstəm İbrahimbəyovla bağlı məsələnin yalnız Müsavat Partiyası tərəfindən qaldırılmış məsələ kimi dəyərləndirilməsi yanlışdır. Bizim Rüstəm İbrahimbəyovla bağlı yeganə fikrimiz ondan ibarət olub ki, o, Moskvada yaşadığı, Rusiya vətəndaşı olduğu, yaradıcılıq fəaliyyəti ilə bağlı Rusiyanın müəyyən strukturlarından asılı olmaq məcburiyyətinə düşdüyü üçün Azərbaycan müxalifətini təmsil edə bilməz. Bizim onunla bağlı fikrimiz belə olub.

 

- Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olduğunu əvvəl bilmirdiniz?

 

- Açığı, əvvəl deyilmişdi ki, Rüstəm İbrahimbəyov Rusiya vətəndaşı deyil. Sonra deyildi ki, çox qısa müddətdə Rusiya vətəndaşlığından çıxacaq. Daha sonra deyildi ki, hətta Rusiya vətəndaşlığından çıxa bilməsə də, Azərbaycana gələcək və öz siyasi fəaliyyətini Azərbaycanda davam etdirəcək. Yəni, biz bu şərtlər daxilində Rüstəm İbrahimbəyovun Milli Şura sədri olmasının əleyhinə deyildik. Amma Rüstəm İbrahimbəyov Azərbaycana gələ bilməyəndən və bunun ciddi səbəbləri olması barədə bəyanat verdikdən sonra biz artıq onun Milli Şura sədrliyində qalmasının mümkünsüzlüyü haqqında mövqe açıqladıq. Bu baxımdan bizim guya Rüstəm İbrahimbəyov barədə mövqeyimizdə hansısa dəyişikliklərin baş verdiyi haqqında fikirlər yanlışdır. Biz sadəcə olaraq, Rüstəm İbrahimbəyovun mövqeyində olan dəyişikliklərlə əlaqədar mövqeyimizə korrektə etmişik.

 

AXCP Müsavat Partiyasının müttəfiqlik təklifini qəbul etməsə də, partiyaların birləşməsi məsələsini qaldırmışdı...

 

- Bu, çox qeyri-real və qeyri-ciddi məsələdir. Əvvəla, AXCP-nin qəbul etdiyi qərar Müsavat Partiyasının Nizamnaməsinə ziddir. İkincisi, Müsavat Partiyası strukturlarında bu məsələ hələ bir neçə il əvvəl müzakirə olunaraq, partiya Məclisində yekdil qərar qəbul olunub. Daha vacibi Müsavat Partiyası ilə müttəfiqlik münasibətlərinə hazır olmayan, Müsavat Partiyasına qarşı hakimiyyətlə separat danışıqlarda iştirak, mandat alverinə gedən bir təşkilat, hakimiyyətin gizli əlaltısı kimi fikirlər səsləndirən bir qurumun guya Müsavat Partiyası ilə birləşmək istəməsi barədə fikirləri təbii ki, qeyri-ciddi səslənir. Müttəfiqlik münasibətləri qəbul olunmursa, əməkdaşlıq münasibətləri qəbul olunur. AXCP Müsavat Partiyası ilə müttəfiqliyə hazır deyilsə və AXCP-nin əsas sözçülərindən biri Müsavat Partiyasını hakimiyyətlə əlaqədə olan bir təşkilat kimi dəyərləndirərək, onunla bundan sonra, ümumiyyətlə əməkdaşlığın mümkün olmadığını bəyan edirsə, bu təşkilatla birləşmək necə mümkün ola bilər və bu birləşmə haqqında təklifin səmimiliyinə necə inanmaq olar?

 

- Müsavat Partiyasının Milli Şuradan ayrılması fəaliyyəti faktiki dayanmış İctimai Palatanın güclənməsinə şərait yarada bilərmi?

 

- Buna inanmaq çətindir. Çünki AXCP funksionerləri, ümumiyyətlə heç bir halda, nə ikitərəfli münasibətlər, nə də İctimai Palatada Müsavat Partiyası ilə əməkdaşlığın məqbul olmadığı barədə bəyanatlar verirlər. Bu bəyanatların fonunda İctimai Palatanın güclənəcəyini gözləmək sadəlövhlük olardı.

 

Müsavat Partiyası bundan sonra siyasi fəaliyyətini hansı şəkildə quracaq? Yenidən hər hansı birlik formatının yaranması mümkündürmü?

 

- Bədxahlarımız belə fikir səsləndirirlər ki, guya Müsavat Partiyasının siyasi mövqeyində hansısa dəyişikliklər baş verib. Tamamilə yanlış fikirdir. Biz Milli Şuradan çıxsaq da, Milli Şuraya daxil olan təşkilatlarla münasibətlərin korlanmasında maraqlı deyilik. Mən ümid edirəm ki, digər siyasi təşkilatlar da bu günün reallıqlarından çıxış edərək, Müsavat Partiyası ilə düşmənçilik siyasətinin yalnız Müsavata deyil, onların özlərinə də ciddi zərbə vurduğunu yaxın vaxtlarda anlayacaqlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1031
avatar

Oxşar yazılar