“Mən diplomat Ceyms Uorliki yaxşı tanıyıram. O, çox təcrübəli və peşəkar diplomatdır, bir müddət əvvəl Bolqarıstanda səfir olub, Dövlət Departamentinin Əfqanıstan üzrə bürosunda da çalışıb. Mən onunla sıx əlaqədə çalışmışam və onun çox yaxşı həmsədr olacağını bilirəm”.APA-nın xəbərinə görə, bu sözləri jurnalistlərə açıqlamasında ATƏT-in Minsk Qrupuna yeni amerikalı həmsədrin təyin olunmasını şərh edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib. O, Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət dəyişikliklərə həmişə ümid bəslədiklərini və ABŞ-ın bu istiqamətdə bütün lazımi səyləri göstərməyə davam edəcəyini söyləyib. Səfir azərbaycanlılar üçün ağrılı olan bu münaqişənin tezliklə həllinin vacibliyini vurğulayıb.
C. Uorlikin bölgəyə ilk səfərinin nə vaxta planlaşdırıldığı haqda sualı cavablandıran R. Morninqstar bunu bilmədiyini deyib: “Ümid edirəm ki, bu səfər tezliklə həyata keçiriləcək”.