"Rusiya öz vətəndaşı olan Dilqəm Əsgərovla maraqlanmır” - Çingiz Qənizadə
10 fevral 2017 17:57 (UTC +04:00)

"Rusiya öz vətəndaşı olan Dilqəm Əsgərovla maraqlanmır” - Çingiz Qənizadə

“Mənim hər hansı saytım, xəbər portalım yoxdur”

 

Milli Məclisin deputatı Çingiz Qənizadənin APA-ya müsahibəsi

 

- Dağlıq Qarabağa qanunsuz səfər etmiş bloger Aleksandr Lapşinin həbs olunaraq Azərbaycana ekstradisiya edilməsinin hüquqi tərəfini şərh etməyinizi istərdik.

 

- Həm Rusiya, həm İsrail vətəndaşı olan Aleksandr Lapşinin Belarusda həbs edilərək Azərbaycana ekstradisiya edilməsi tək Azərbaycanda deyil, bir çox ölkədə müzakirələrə səbəb olub. Bu prosesin baş tutması və reallaşmasını siyasiləşdirmək, şou düzəltmək istəyən qüvvələr var. Lapşinin həbs olunaraq Azərbaycana gətirilməsi cənab prezident İlham Əliyevin qətiyyətli mövqeyinin, Azərbaycan xalqına, Azərbaycan torpağına olan sevgisinin, dövlətimizə qarşı çağırışların, təhdidlərin qarşısının alınması istiqamətində gördüyü işin nəticəsidir. Lapşin Azərbaycan sərhədlərini qanunsuz keçməklə bir neçə dəfə Dağlıq Qarabağa qanunsuz səfərlər edib, Azərbaycan dövlətinin əleyhinə yönələn açıq çağırışlar edərək süjetlər çəkib, onu mətbuatda yayıb. Habelə, heç bir dövlət tərəfindən rəsmən tanınmayan və de-yure Azərbaycan ərazisi olan Dağlıq Qarabağı Azərbaycandan ayırmağa, Ermənistanın tərkib hissəsi kimi qeyd etməyə çağırıb. Lapşin Azərbaycan Cinayət Məcəlləsinin 281.2 və 318.2-ci maddələri ilə ittiham olunur. Amma bu gün müzakirə olunur ki, niyə o həbs olundu və Azərbaycan dövlətinə verildi? İlk olaraq qeyd edim ki, onun həbsi ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarının İnterpol xətti ilə vermiş olduğu axtarış tamamilə qanunauyğundur. 2002-ci il oktyabrın 7-də Kişinyovda Müstəqil Dövlətlər Birliyinin dövlət başçıları Şurasının iclasında mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım, eyni zamanda hüquqi münasibətlər haqqında Konvensiya təsdiq edilib. Azərbaycan da, Belarus da bu Konvensiyanın tərəflərindən biridir. Bu Konvensiyaya görə, tərəflər bir-birlərinə, bir-birlərinin ərazilərində cinayət törətmiş şəxslərin digər dövlətlərə ekstradisiya edilməsini öz üzərinə öhdəlik kimi götürüb. Bu gün Belarus hökumətinin və Belarus məhkəmələrinin qəbul etdiyi qərarlar Belarus və Azərbaycanın qoşulduğu beynəlxalq Konvensiyanın tələblərindən irəli gəlir. Azərbaycan prezidentinin Belarus prezidenti Aleksandr Lukaşenko ilə dostluq əlaqələri, Azərbaycan və Belarus xalqları arasında münasibətlər çox xoş notlar üzərində köklənmiş, dərin kökləri olan əlaqələrdir. Amma Lapşinin həbs edilməsi və ekstradisiya olunmasında sırf hüquq mexanizmi işləyib.

 

Çox təəssüf ki, Lapşin Azərbaycana təhvil verildikdən sonra bəzi dövlətlərin səfirlikləri, onların xarici işlər nazirlikləri açıqlamalar yayıb, öz vətəndaşlarının taleyi, hüquqları ilə maraqlanmağa başladılar. Bu gün erməni girovluğunda Dilqəm Əsgərov və Şahbaz Quliyev saxlanılır. Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Bu günə qədər Rusiya onun taleyi ilə maraqlanmayıb. Belə olan halda bu ikili yanaşma, bu ikili münasibət nəyə lazımdır?! Onların öz vətəndaşlarının taleyi ilə maraqlanmaları qanunidir, amma niyə bəs əslən azərbaycanlı olan Rusiya vətəndaşı Dilqəmlə maraqlanmayıblar? Bu, başa düşülən deyil. Lapşinin həbs edilməsi və ekstradisiyası Azərbaycan diplomatiyasının, cənab prezidentin qətiyyətli mövqeyinin, Azərbaycan hüquq-mühafizə orqanlarının qanun üzərində qurulmuş qələbəsidir. Onu da deyim ki, Lapşin Azərbaycan dövləti üçün elə də ciddi fiqur deyil. Lakin buna baxmayaraq, onun həbsi zaman-zaman Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Ermənistan tərəfindən qanunsuz olaraq səfər edən şəxslərə dərs olacaq.

 

- Ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovun nəşinin 39 gün sonra qaytarmaqla Ermənistan beynəlxalq prinsipləri açıq şəkildə pozduğunu bir daha sübut etmiş oldu. Çingiz Qurbanovun timsalında şəhidlərin kütləvi informasiya vasitələrində təbliğatı qaneedicidirmi?

 

- Mən ilk olaraq Çingizin valideynlərinə başsağlığı verirəm. Çingiz Qurbanovun qəhrəmanlığı bizim gənc nəsil üçün bir örnəkdir. Cənab prezident bu məsələdə öz qətiyyətli mövqeyini ortaya qoydu. Xatırlayırsınızsa, mərhum Mübariz İbrahimovun da nəşinin geri alınması üçün Azərbaycan prezidenti qətiyyətli addımlar atmışdı. 39 gün sonra Çingiz Qurbanovun nəşinin Azərbaycana gətirilməsi birbaşa cənab prezidentin qətiyyətli mövqeyinin nəticəsidir. Çingizin qəhrəmanlığı haqda Müdafiə Nazirliyindən alınmış məlumatlar əsasında prezidentin sərəncamı ilə ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verildi. Cənab prezident Çingizin ailəsini də qəbul etdi. Belə insanların qəhrəmanlığına vəzifəli şəxslər laqeyd qalarsa, insanlarda, gənc nəsildə ruh düşkünlüyü ola bilər. Buna görə də cənab prezident hər şeyi ölçüb-biçir. Cənab prezidentin Çingizin ailə üzvləri ilə hüznlü, amma səmimi söhbəti Azərbaycan ictimaiyyətinin Qarabağla bağlı kövrək hisslərini bir daha oyatdı. Azərbaycan Müdafiə Nazirliyi erməni diversiya qrupunun və düşmənin şəxsi heyətlə dolu hərbi nəqliyyat vasitəsinin məhv edilməsinin görüntülərini yayıb. Azərbaycanı nə qədər günahlandırmağa çalışsalar da, hüquq bizim tərəfdədir. Bizim torpağımıza ayaq basan işğalçıları yerindəcə məhv etmək hüququmuz var. Necə ki, cənab prezident bu günlərdə Rusiya xarici işlər nazirinin açıqlamasına cavab olaraq sətiraltı bildirdi ki, torpaqlarımızı işğaldan azad etmək bizim müstəsna hüququmuzdur. Belə məqamların işıqlandırılması, əhaliyə çatdırılması olduqca vacib idi. Mətbuatımızın bu istiqamətdə ideoloji təbliğatını müsbət dəyərləndirirəm.

 

- Son günlər ictimaiyyət arasında “afn.az” saytının sizə bağlı olması ilə əlaqədar xəbərlər yayılıb. Bu, nə dərəcədə həqiqətə uyğundur?

 

- Mən artıq bu məsələ ilə bağlı bəyanat vermişəm. Hər hansısa saytın, xəbər portalının saxlanılması üçün xeyli vəsait lazımdır. Mənim isə belə bir imkanım yoxdur. Sizin vasitənizlə bir daha bəyan edirəm ki, bu məlumatlar doğru deyil. Mənim mediada, sayt rəhbərləri arasında çoxlu dostlarım var. Sağlam jurnalistika ilə məşğul olan hər kəsə hörmət edirəm və həmişə ünsiyyətdə olmağa hazıram. Lakin bu, məni hansısa saytla, o cümlədən “afn.az”la bağlamağa əsas vermir. İstər “afn.az”, istərsə də digər saytlarda kimlərinsə haqqında yoxlanılmamış, qərəzli material çap olunarsa, mən həmin şəxsləri məhkəməyə müraciət etməyə çağırır, hüquqşünas kimi isə onlara hüquqi yardım göstərməyə hazır olduğumu bildirirəm.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

APA Baycan

Oxşar yazılar