Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "İnternet mediada və sosial şəbəkələrdə milli-mənəvi dəyərlərin qorunması: neqativ meyllərə qarşı jurnalist həmrəyliyi” mövzusunda keçirilən tədbirdə dilə gətirilən bütün narahatçılıqların kəlməsi-kəlməsinə hər biri ilə razılaşmamaq olmur. Sosial şəbəkələr nə qədər həssas bir məkan olduğu qədər eyni zamanda da gərəkdiyində necə bir təhlükəli bir silaha dönüşdüyün artıq bütün dünya belə qəbul edir.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun keçirilən tədbirdə çıxışı da məhz bu istiqamətdə idi. "Xatirinizdədirsə, 2000-ci illərin ikinci yarısında ABŞ-da Barak Obamanın qələbəsini Tvitter inqilabı kimi səciyyələndirmişdilər. Təxminən o dövrdən etibarən sosial şəbəkələr dünya siyasətinə, qlobal informasiya mühitinə təsir edən, bir sıra hallarda ayrı-ayrı ölkələrdəki daxili siyasi mübarizənin taleyini həll edən əsas vasitələrdən biri kimi qəbul edilməyə başlayıb. Təsadüfi deyil ki, 2017-ci ildə ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsinin əsas səbəblərindən biri kimi də sosial şəbəkələrdə düzgün strategiyanın qurulması və həyata keçirilməsi göstərilir"- deyən Əli Həsənovun ortaya qoyduğu bu təsbit gözardı edilməməlidir. Əksinə sosial şəbəkələrin müasir dünya siyasətində yeri və rolunu açıq şəkildə ifadə edən bu yanaşma üzərindən dövlətin və millətin maraqlarına qarşı yönələn xarici müdaxilələrə birlikdə səfərbər olunmalıdır. Azərbaycan Respublikası prezidentinin köməkçisi çıxışında toxunduğu digər bir məqam da yadırğanmamalıdır. Cənab Əli Həsənovun "Lakin ABŞ-dan fərqli olaraq, sosial şəbəkələrin son illərdə yaratdığı imkanların Avrasiya və Yaxın Şərq coğrafiyasında, xüsusən də ərəb ölkələrində hansı fəsadlara gətirib çıxardığı bu gün də əsas müzakirə mövzularından biridir. Hətta 2011-ci ildə Böyük Britaniyada baş vermiş iğtişaşlar zamanı sosial şəbəkələrdən istifadə məhdudlaşdırıldı və bu addımın "zərərli çağırışların qarşısını almaq” məqsədi daşıdığı bildirildi. Yəqin elə bu səbəbdəndir ki, Azərbaycanla qonşu olan böyük ölkələrdə ayrı-ayrı vaxtlarda sosial şəbəkələr məhdudlaşdırılıb, ya da böyük milli şəbəkələr yaradılmasına cəhd göstərilib. Etiraf etməliyik ki, bəzi ölkələrdə müəyyən nəticələr də əldə olunub" -fikiri isə göstərir ki, bölgəmizdə, xüsusilə də Qafqazda siyasi-iqtisadi-sosial və pərdəarxası bilmədiyimiz müxtəlif sahələr üzrə maraqları olan güclər boş dayanmırlar və onlar bölgəmizdə yaratdıqları silahlı qarşıdurmalar, terror və işğal planları ilə sakitləşmək niyyətlərində deyillər. Yəni bu güclər bölgənin sosial-iqtisadi və ən əsası siyasi sabitliyə sahib ölkəsi Azərbaycanda xaos və qarşıdurmaların olmasına çalışırlar. Əli Həsənov cənabları açıq-aşkar demək istədiyi budur ki, müxtəlif xarici kəşfiyyat orqanları məhz ələ aldıqları daxildəki qüvvələrə sosial şəbəkələr üzərindən əlaqələrini davam etdirirlər və sosial şəbəkələr vasitəsi ilə nəzarətlərinə götürdükləri, ”verbovka” etdikləri qüvvələrin vasitəsi ilə müxtəlif səpkili hərəkətlərin təbliği gerçəkləşdirilir.
Cənab Həsənovun səsləndirdiyi bu fikirdən bir gün sonra Almaniyanın Köln şəhərində 31 mart Azərbaycanlıların Soyqırım Günü və Cumhuriyyətimizin 100 illiyinə həsr edilən tədbiri pozmağa cəhd edildi. Özü də məhz "verbovka” etdikləri şəxslərin əli ilə, Yəni Orduxan və Tural kimi satılmışların vasitəsi ilə. Qərbin müxtəlif xüsusi-xidmət orqanları, bir çox siyasi qarşıdurma və xaos yaratma planların hazırlanmasında mahir olan Avropadakı siyasi institutlar, əsasən də erməni diaspor təşkilatları razı ola bilməzlər ki, Avropanın mərkəzində Azərbaycan türklərinə qarşı həyata keçirilmiş soyqırım bu şəkildə təbliğ edilsin. Azərbaycan Respublikası prezidentinin köməkçisi, ictimai-siyasi şöbənin rəhbəri cənab Əli Həsənovun çıxışında toxunduğu digər bir məqam 11 aprel növbədənkənar prezident seçkiləri ilə bağlı idi. Cənab Əli Həsənov vurğuladı ki, son zamanlar, xüsusən də Azərbaycanda növbəti prezident seçkiləri 11 aprelə təyin olunandan sonra bəhs olunan mərkəzlər məkrli "Azərbaycan layihəsi”ni dövriyyəyə buraxaraq, bu işə xarici ölkələrdə müxtəlif vasitələrlə öz təsirləri altında saxladıqları bəzi soydaşlarımızı qoşublar. Hörmətli Əli müəllimin səsləndirdiyi fikir ondan xəbər verir ki, Qərbin məkrli institutları Azərbaycanda keçiriləcək prezident seçkilərini qaralamaq və ölkəmizin beynəlxalq imicinə zərbə vurmaq üçün bütün vasitələrə əl atırlar: ”Qısa zaman kəsiyində bu çirkin kampaniya ifrat həddə çatdığına görə, ölkənin informasiya siyasətinə, diaspora nümayəndələri ilə əlaqələrə məsul şəxs kimi mən mövcud durumun kəskinliyi barədə xüsusi bəyanatla çıxış etdim və ölkə ictimaiyyətini məlumatlandırdım"-deyən Əli Həsənov daha sonra qeyd etdi ki, Azərbaycan heç bir dönəmdə, ən azından Ümummilli Lider Heydər Əliyev tərəfindən 6 avqust 1998-ci ildə KİV üzərindən bütün senzura və qadağalar ləğv olunduqdan sonra nə hər hansı media qurumunun fəaliyyətinə məhdudiyyət qoymayıb, nə yeni fenomen olan şəbəkə məhdudlaşdırma yolunu seçməyib, nə də ki, ölkəmizdə milli şəbəkələrin qurulmasına ciddi təşəbbüs göstərməyib: "Qlobal informasiya və ünsiyyət şəbəkələrinə giriş bizim ölkədə sərbəstdir və bəzi milli dönüklərin okeanın o tayından verdikləri saxta proqnozlara baxmayaraq sərbəst də saxlanılacaqdır. Azərbaycan hakimiyyəti bəhs etdiyim dövrdə sosial şəbəkələrə cəmiyyətlə və dünya ilə asan təmas imkanlarından biri kimi yanaşıb və yanaşmaqda da davam edir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin özünün, müxtəlif dövlət qurumlarının, ayrı-ayrı vəzifəli şəxslərin rəsmi sosial profilləri fəaliyyət göstərir. Cənab Prezident dəfələrlə sosial şəbəkələrdə qaldırılan problemlərə reaksiya verib, internetə məlumat mənbələrindən biri kimi yanaşdığını bildirib". Doğurdan da Azərbaycan öz müstəqilliyini əldə etdikdən və Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə söz və mətbuat azadlığının daha da inkişaf etməsi, cəmiyyətimizdə dünyəvi, sivil, demokratik dəyərlərin təbliğinə təkan verəcək layihələri dəstəkləməsi ilə mümkün oldu. 1993-cü ildən bu günə kimi doğurdan da Azərbaycanda istər azad sözün inkişafına, istərsə də müasir sosial şəbəkələrin genişlənməsinə yönəlik hansısa bir müdaxilənin şahidi olmadıq. Doğrudur insanların şəxsi həyatına müdaxilə hər zaman dövlətimiz və cəmiyyətimiz tərəfindən qınalınıb. Belə halları hər hansı bir dövlət rəsmisinin dəstəklədiyinin şahidi olmadıq. Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Əli Həsənovun "Təsadüfi deyil ki, bu gün Azərbaycanda Facebook, Twitter, Youtube, Instaqram və bu kimi sosial şəbəkələrdə istifadəçilərin sayı 3 milyona yaxınlaşmışdır. Cəmi 10 milyona yaxın əhalisi olan bir ölkə üçün bu, həqiqətən böyük göstəricidir. Azərbaycanda müasir rabitə və internet infrastrukturunun qurulması, tariflərin region ölkələrindəki qiymətlərlə uyğunlaşdırılması, hər kəsin bu sahədə sərbəst fəaliyyəti üçün şərait yaradılması, mövcud seqmentdə fikir plüralizminin təmin olunması ölkəmizdə sosial şəbəkələrin inkişafına müsbət təsir göstərən əsas amillərdir”- dedikdə isə bütün dünyaya bir mesaj verdi.Yəni Azərbaycana qarşı istənilən "Qara piar” və qaralama kampaniyanızın miqyasının fərqi yoxdu və Azərbaycan dövləti heç bir zaman xalqın maraqlarına zid olan addımlar atmayacaq.
"Bütün bunlarla yanaşı, təəssüflə qeyd etməliyəm ki, Azərbaycan hakimiyyətinin sosial şəbəkələrə pozitiv münasibəti, bu seqmentdən geniş istifadə üçün yaratdığı hərtərəfli şərait qarşısında bəzi dairələrin mövcud imkanlardan sui-istifadə cəhdləri cəmiyyətimizi narahat etməyə də bilməz. Müəyyən xarici qüvvələrin və daxili siyasi qrupların Azərbaycan hakimiyyətinə, bir çox hallarda isə bütövlükdə Azərbaycan dövlətinə qarşı davamlı olaraq iyrənc kampaniya aparması bunu açıq şəkildə göstərir. Ayrı-ayrı vaxtlarda təşkil olunan kampaniyaların təşkilatçıları və iştirakçıları ölkədəki dünyəvi rejimi, etnik-dini münasibətlər sistemini hədəf götürür, ölkəmizin adının belə "tarixi səhv” nəticəsində yarandığı haqda uydurmalar yayırlar”- deməsi və bunun ardınca "Məqsədyönlü şəkildə açılmış, fərqli radikal dini qrupların, separatçı dərnəklərin nəzarətində olan səhifələr ölkədəki tolerant mühiti, ən böyük qazancımız və inkişafımızın rəhni olan sabitliyi hədəfə alırlar"- deyə vurğulaması göstərir ki, sosial şəbəkələr üzərindən ölkəmizə qarşı aparılan təxribatlar təkcə siyasi sabitliyi pozmağa yönəlməyib. Eyni zamanda cənab Əli Həsənov bildirmək istəyir ki, bu qüvvələr təhqir, ən iyrənc şəkildə söyüşlərlə linc etmə siyasəti aparmaqla yanaşı, həm də bir sıra dinlərin tolerantlıq və bərabər şəkildə qorunduğu ölkəmizdə dini amillər üzərindən də hücumlar təşkil edirlər.
Hörmətli Əli Həsənovun çıxışında onu da vurğuladı ki, sirr deyil ki, bu çevrələr, dərnəklər, qruplar bəzi qonşu dövlətlərin, xüsusən Ermənistanın məkrli mərkəzlərinin təsiri altındadır: "Yenə də təəssüflə qeyd etməliyəm ki, 2015-ci ildən üzü bəri dövlət başçısının şəxsiyyətinə, ailə üzvlərinə, komandasına, vəzifəli şəxslərin ailə üzvlərinə qarşı aparılan çirkin kampaniya anti-Azərbaycan mərkəzlərin fəaliyyəti ilə sinxronluq təşkil edir. Bu ardıcıllıq hətta böyük informasiya axınına çıxışı olmayan sıravi, amma diqqətli vətəndaşlarda belə koordinasiyalı fəaliyyət təəssüratı yaradır. İnformasiyalara çıxış olan dövlət adamları, ictimai xadimlər, media nümayəndələri üçün isə bu, sadəcə təəssürat deyil, real faktdır”. Əli Həsənov daha sonra qeyd edib ki, fevralın sonunda Niderlandda diaspora nümayəndələri ilə görüşdə, martın əvvəlində isə jurnalistlərin qurultayındakı çıxışında o üzünü bu kampaniyanı təşkil edənlərə və icraçılara tutaraq belə antimilli fəaliyyətin Azərbaycan cəmiyyəti tərəfindən heç zaman dəstəklənməyəcəyini bəyan edib.
Qeyd edək ki, hər iki əhəmiyyətli tədbirdə cənab Əli Həsənovun səsləndirdiyi fikirlər deyəsən bu mərkəzləri əməlli-başlı silkələyib. Əgər belə olmasaydı xarici kəşfiyyat orqanları Tural Sadıxlı, Vidadi İsgəndərli və Orduxan Temurxan Bəbirov kimi "tualet böcəkləri” vasitəsi ilə yenidən planladıqları iyrənc söyüş və təhqir planların həyata keçirməzdilər. Yuxarıda qeyd etdiyim kimi, hörmətli Əli Həsənov bütün çıxışı boyunca vurğuladıqları aparılan geniş təhlilin ümumi mənzərəsi idi və bu mənzərə doğurdan da HƏYACAN təbilinin vurulmasın tələb edir. Çün ki, Azərbaycan dövlətinə, xalqımıza qarşı böyük, özü də bizim təxmin edə bilməyəcəyimiz təhlükəli oyunlar planlanmış. Bu planlar hələlik sosial şəbəkələr və nəzarətlərindəki virtual media vasitəsi ilə test edilir. Bu planları isə sıradan çıxarmaq, xalqımıza və dövlətimizə qarşı yönələn məkrli əlləri kəsmək isə xalqımızın birlik və bərabərliyi ilə mümkündü. Azərbaycan xalqı hər zaman tolerant və xoşgörü içərisində sosial-iqtisadi, ən əsası da siyasi sabitliyin dərinləşməsinin yanında. İstənilən cəbhədən gələn təhlükələrə sinəsini verəcək qədər güclü bir xalqıq və cənab Əli Həsənovun da qeyd etdiyi kimi, dinindən, millətindən asılı olmayaraq bizim birlik və bərabərliyimizi pozmağa çalışanlara qarşı hər zaman dövlətimiz və millətimiz naminə sinəmizi önə verərək vuruşmaqdan çəkinməyəcəyik.
Nahid Canbaxışlı