“Xocalı aeroportunun açılması münaqişənin eskalasiyasına gətirib çıxaracaq” – MÜSAHİBƏ
13 fevral 2013 12:23 (UTC +04:00)

“Xocalı aeroportunun açılması münaqişənin eskalasiyasına gətirib çıxaracaq” – MÜSAHİBƏ

“Azərbaycan icazə vermədiyi halda, bu aeroportdan istifadə qeyri-qanuni olacaq" “Rusiya başa düşür ki, Azərbaycana istədiyi silahı satmasa, Azərbaycan bu silahı başqa ölkədən alacaq”


 

 

Rusiya Dövlət Dumasının müdafiə məsələləri üzrə komitəsinin sədr müavini, Vahid Rusiya (“Yedinnaya Rossiya”) Partiyasının Rəyasət Heyətinin üzvü Frants Klintseviçin APA-nın Moskva müxbirinə müsahibəsi 

 

- Rusiyanın Ermənistana satdığı, Azərbaycanın açıqladığı silah-sursat siyahısını necə təhlil edərdiniz?

 

- Rusiya ilə Ermənistan arasında olan silah sövdələşməsi MDB və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində həyata keçirilir. İki dövlət arasında silah satışına dair əldə olunan razılaşmalarda qeyri-qanuni heç bir şey yoxdur.   

 

- Rusiya ilə Ermənistan arasında hərbi sahədə əməkdaşlığın gücləndirilməsi Qarabağda müharibə başlayacağı təqdirdə Rusiyanın tərəf olmasına işarədirmi?

 

- Xeyr. Hesab edirəm ki, bu mümkün deyil. Dağlıq Qarabağda müharibə başlayacağı təqdirdə Rusiya tərəf tuta bilməz. Biz bu gün bütün qonşu dövlətlərlə eyni səviyyədə əlaqələr qururuq. Söhbət bir vaxtlar vahid dövlətin tərkibində yaşadığımız dövlətlərdən gedir. Bizim Azərbaycanla da, Ermənistanla da isti qonşuluq münasibətlərimiz var. Rusiyanın Azərbaycanla Ermənistan arasında müharibə başlayacağı təqdirdə tərəf tutması mümkün deyil.

 

- Ermənistan Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağda aeroportun fəaliyyət göstərəcəyini bəyan edib. Azərbaycan Nazirlər Kabineti isə ölkənin işğal olunmuş əraziləri üzərində icazəsiz uçuşlarla bağlı tədbirlər haqqında qərar qəbul edib. Bunu necə şərh edərsiniz?

 

- Əgər söhbət humanitar yüklərin daşınmasından gedirsə, bu aeroportun fəaliyyət göstərməsi pis hal deyil. Lakin burada mütləq Azərbaycanın icazəsi olmalıdır. Azərbaycan Xocalı aeroportunun fəaliyyətə başlamasına icazə vermədiyi halda, buradan həyata keçirilən uçuşlar qeyri-qanuni olacaq. Ermənistan tərəfi hava limanını açacağını söyləyir, Azərbaycan tərəfi isə təyyarələri vuracağını bildirir. Bütün dövlətlərin atdığı addımlar beynəlxalq hüquqa əsaslanmalıdır. Kim nə istəsə, onu edə bilməz. Beynəlxalq hüquq var, dövlətlərin qoşulduğu konvensiyalar var. Bu sahədə də Çikaqo Konvensiyası var. Bu problem də beynəlxalq hüquq və Çikaqo Konvensiyası əsasında həll olunmalıdır. Əks halda hər bir dövlət öz bildiyini doğru hesab edib, nə isə addım atsa, onda bütün bu problemlərin sonu yaxşı qurtarmaz. Sadəcə olaraq belə problemlərdə beynəlxalq hüquqa söykənmək lazımdır. Əks halda bütün münasibətlər dalana dirənə bilər. Ermənistanın bu addımı münaqişənin eskalasiyasına gətirib çıxaracaq.

 

- Bir sıra ekspertlərin fikrincə, Rusiya ilə Azərbaycan arasında münasibətlər heç də yaxşı deyil...

 

- Mən əminəm ki, Rusiya-Azərbaycan münasibətlərində olan soyuqluq müvəqqəti xarakter daşıyır. Münasibətlərdə soyuqluq yaradan amilləri təkrarlamaq lazım deyil. Bu nə Azərbaycana, nə də Rusiyaya lazımdır. Yekunda bu münasibətlərdən sadə xalq əziyyət çəkir. Rusiya-Azərbaycan münasibətləri müxtəlif sahələrdə inkişaf edir və bundan sonra da edəcək. Bir sıra sahələrdə Azərbaycan Rusiya ilə sıx əməkdaşlıq edir. Rusiya Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsinin tənzimlənməsində vasitəçilərdən biridir. Rəsmi Moskva əlindən gələni edir ki, Azərbaycan və Ermənistan münaqişəsi sülh və diplomatiya yolu ilə həll olunsun. Biz yüz illərlə bir-birimizə öyrəşmiş xalqlarıq. Neçə yüz illik ortaq tariximiz var. Ona görə də, hesab edirəm ki, xalqlar arasında yaxınlıq münasibətlərin uzun müddət soyuq qalmasına imkan verilməyəcək.

 

- 2010-cu ildə Rusiya Azərbaycana “Favorit” zenit-raket sistemi satıb. Bir sıra hərbi ekspertlər bu satışın yanlış addım olduğunu bildiriblər. Daha sonra isə Vladimir Putinin  “Favorit” zenit-raket sistemlərinin Azərbaycana satışına qadağa qoyması haqqında məlumat yayılıb...

 

- Bu gün Rusiyanın regionda maraqları var. Rusiya qonşu dövlətlərlə həm ayrılıqda, həm də müəyyən təşkilatlar çərçivəsində əlaqələr qurur. Rusiyanın hərbi strateji maraqlarına gəldikdə isə, bu həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində, həm də ayrılıqda həyata keçirilir. Rusiya qonşu dövlətlərə silah satır. KTMT çərçivəsində Ermənistana, ayrılıqda isə Azərbaycana da silah satır. 2010-cu ildə Azərbaycana satılan iki diviziya “Favorit” zenit-raket sistemi də buna misaldır. Rusiya başa düşür ki, Azərbaycan öz ordusunu gücləndirmək marağındadır. Əgər Rusiya uyğun qiymətə Azərbaycanın istədiyi silahı verməsə, Azərbaycan həmin tip silahı başqa ölkədən, ABŞ-dan, İsraildən və ya Almaniyadan alacaq. O ki, qaldı “Favorit”in satışına qadağa ilə bağlı məsələyə, təkcə onu deyə bilərəm ki, daşıqlarda başqa ölkə ilə bağlı problem ortaya çıxıb. Məsələnin Qəbələ RLS-lə bağlı olub-olmadığını da deyə bilmərəm. Danışıqların predmeti isə siyasi razılıq tələb edir. Silah-sursat satışı zamanı mütləq siyasi razılıq olmalıdır.

 

- Vladimir Putin sələfi Medvedevdən fərqli olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə çox da maraq göstərmir. Bunu necə şərh edərsiniz?

 

- Vladimir Putinin xarici siyasəti çox effektivdir. Onun Dağlıq Qarabağ konfliktinin tənzimlənməsində də fəaliyyətini passiv hesab etmək düzgün deyil. Putinin Rusiya daxilində həll etmək istədiyi kifayət qədər problem var. O, hazırda bu işlərlə məşğuldur. Onun üçün Dağlıq Qarabağ problemi Rusiyanın daxili işlərindən vacib məsələ deyil. Rusiya bu gün çalışır ki, Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasına yol verilməsin. O, heç kəs üçün “böyük dayı” rolunu oynamaq istəmir. Rusiya kömək etməyə hazır olduğunu bildirib. Azərbaycanla Ermənistan özü razılığa gəlməlidir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1076
avatar

Oxşar yazılar