“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi “Naxçıvan: tarix, müasirlik və gənclik” mövzusunda tədbir keçirib.
Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Birliyin sədri Yəhya Babanlı deyib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanın ayrılmaz tərkib hissəsi, hazırda blokada şəraitində olan Naxçıvana gənclərin diqqətini yönəltmək, qədim dövlətçilik ənənələrinə, zəngin mədəni irsə, mükəmməl coğrafi mövqeyə malik, görkəmli elm xadimləri, təkrarolunmaz sənətkarları, əvəzolunmaz tarixi şəxsiyyətləri ilə tanış etməkdir: “İstəklərimizdən biri də ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında mühüm rol oynayan bu diyarın muxtar respublika statusunun tarixi əhəmiyyəti barədə gənclərin maarifləndirilməsinə dəstək verməkdir. Bu cür tədbirləri keçirməyi vətənimiz qarşısında vətəndaşlıq borcu hesab edirik. Bu gün də keçirtdiyimiz tədbir bu qəbildəndir”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Vəli Əliyev mövzu ilə bağlı çıxışında bildirib ki, Naxçıvan zəngin tarixə malikdir və bu diyarda əldə olunan maddi mədəniyyət nümunələri, qədim daş dövründən başlayaraq bu yurdun ilkin sivilizasiyalı yaşayış məskənlərindən biri olduğunu sübut edir: “Qədim Naxçıvan torpağı antik, orta əsrlər və müasir dövr maddi mədəniyyət nümunələri və tarixi abidələrlə ilk insanların yaşadıqları mağaralar, qədim yaşayış yerləri, erkən şəhər mədəniyyəti, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daş qoç heykəlləri, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələrlə, digər tarixi abidələrlə zəngindir. Bu abidələr əcdadlarımızın təsərrüfat, ictimai və mənəvi həyatını, adət-ənənələrini və incəsənətini öyrənmək üçün qiymətli mənbədir”.
AMEA-nın Tarix İnstitunun “Əliyevşunaslıq” şöbəsinin müdiri Ədalət Əliyev “Naxçıvan: Heydər Əliyev və müasirlik” mövzusunda çıxış edib. O vurğulayıb ki, XX əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlləri bütün Azərbaycanda, o cümlədən onun tərkib hissəsi olan Naxçıvanda ictimai-siyasi hadisələrin ən mürəkkəb dövrü kimi xarakterizə olunub: “Həmin dövrdə Sovet imperiyası rəhbərliyinin Azərbaycanın maraqlarına zidd siyasəti, ermənilərin Naxçıvana ərazi iddiaları və sərhədlərdə hərbi toqquşmalar yaratması Muxtar Respublikanın həyatına ciddi təsir göstərib. Bu dövrlərdə bütün Azərbaycanda, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvanda xalqın azadlıq uğrunda apardığı mübarizəni qələbə ilə başa çatdırmaq üçün siyasi təcrübəyə, diplomatik qabiliyyətə malik rəhbər lazım idi. Belə bir rəhbər Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyev oldu”.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, dosent Şəmil Sadiqov “Naxçıvan: müasir ədəbi mühit” mövzusunda çıxış edib. O deyib ki, bu gün ölkəmizin hər yerində Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən Naxçıvanın 90 illiyi yüksək səviyyədə qeyd edilir: “Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məmmədsəid Ordubadi, Məmməd Araz, İslam Səfərli kimi görkəmli şair və yazıçılar bəxş edən Naxçıvan zaman-zaman ədəbiyyatımızın inkişafına güclü təsir göstərib. Naxçıvanın ədəbi mühiti haqqında danışanda qədim və orta əsrlər bu diyarın mədəniyyətinin böyük bir hissəsinin bizə gəlib çatmamasını təəssüflə qeyd etməliyik. Amma Naxçıvan tarixi və mədəniyyətinə dair əlyazma mətnləri üzrə Azərbaycan xalqının klassik irsinin tədqiqi və nəşri sahəsində son zamanlarda böyük canlanma nəzərə çarpır”.
Qeyd edək ki, tədbirdə millət vəkilləri, alimlər, tarixçilər, tələbələr və KİV nümayəndələri də iştirak ediblər.