Britaniyanın tanınmış “Huffington Post” qəzetində “Xocalı təkcə aeroprot deyil” adlı məqalə dərc olunub. APA-nın məlumatına görə, materialda Dağlıq Qarabağ problemi, Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğalı faktlarına yer verilib.
“BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, Ermənistan inadkarlıqla ərazilərin hərbi təcavüzünü dayandırmaqdan, minlərlə məcburi köçkünün öz evinə qayıtmasına şərait yaratmaqdan imtina edir. Eyni zamanda ATƏT-nin himayəsi altında sülh danışıqları davam etsə də, Ermənistan hakimiyyəti regionun paytaxtı olan Xankəndi yaxınlığında yerləşən Xocalıda aeroport açmağı təklif edir. İlk baxışdan bu addım son dərəcə təxribatçı xarakter daşımır. Lakin ekspertlərin əksəriyyəti hesab edir ki, Xocalı aeroportunun fəaliyyətə başlaması beynəlxalq hüququn bütün müddəalarını, o cümlədən Çikaqo Konvensiyasının 1, 2, 5, 6, 10-16, 24 və 68-ci maddələrin kobud şəkildə pozmuş olacaq. Qanuna görə, Xocalı aeroportu fəaliyyət göstərə bilməz, çünki Azərbaycanın hava məkanında uçuşlar hökumətin razılığı olmadan həyata keçirilə bilməz, hava məkanının istənilən pozuntusu arzuolunmaz nəticələrə gətirib çıxara bilər. BMT-nin xüsusiləşdirilmiş qurumu olan Beynəlxalq Mülki Aviasiya Təşkilatı Azərbaycanı bu məsələdə Azərbaycanı qəti şəkildə dəstəkləyir. Bütün hüquqi nəticələri bir kənara qoysaq, bu addım sülh danışıqları və etimad mühitinin formalaşdırılmasına dair cəhdləri poza bilər. Ona görə də təəccüblü deyil ki, aeroportun açılmasına beynəlxalq reaksiya bu addımı birmənalı şəkildə pisləməkdən ibarət olub. Bu məsələ ilə bağlı ATƏT-in Minsk Qrupunun həmsədrləri narahatlıqlarını ifadə ediblər. Onlar bildirib ki, bu addım Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində həllinə imkan verməyəcək”.
Məqalənin müəllifi Kris Pinçer Azərbaycanın Rusiya-Ukrayna qaz mübahisəsi fonunda Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayır. Onun fikrincə, əgər gərginlik irimiqyaslı münaqişəyə çevrilsə, nəticələr təkcə Qafqazda deyil, bütün Avropada hiss olunacaq: “Çünki biz mürəkkəb qarşılıqlı iqtisadi əlaqələr dövründə yaşayırıq, bu nəticələr asanlıqla Böyük Britaniyaya da toxuna bilər”.
Müəllif yazısında Xocalı soyqırımından da bəhs edib: “Xocalı aeroportunun açılması məsələsinin Azərbaycan tərəfdən ağrılı qarşılanmasının başqa səbəbi də var. Aeroport 1992-ci il fevralın 26-da Ermənistan Silahlı Qüvvələrinin vəhşiliklə 613 dinc sakini qətlə yetirdiyi Xocalıda yerləşir. Heç kim vətəndaşların hərəkət etmək hüququna malik olduğu ilə mübahisə etmir. Lakin Xocalı aeroportunun açılması barədə münaqişə başa çatdıqdan, hazırda qaçqın düşərgələrində məskunlaşmış məcburi köçkünlər öz evlərinə qayıtdıqdan sonra danışmaq daha düzgün olardı. Yalnız o zaman bu problemli regiona sakitlik və azadlıq qayıda bilər”.