Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzovun APA-ya müsahibəsi
- Əkrəm Əylislinin “Daş yuxular” əsəri gündəmin əsas mövzularından biridir. Əsərin məzmunu və parçalar artıq mediada yayılıb. Bu əsəri oxumusunuzmu?
- Əsərdən hissələri oxumuşam. Amma əsərin məğzindən ümumi məlumatım var. Deyim ki, bütövlükdə erməni yazıçıları birləşsəydi və Qarabağ hadisələri zamanı ermənilərin qarşılaşdığı hadisələrə dair əsər yazsaydılar, bunu Əkrəm Əylislinin ifadələri şəklində, bədiiləşdirilmiş formada belə yaza bilməzdilər. Bir Əylis hadisəsi ilə Əkrəm Əylisli 1918-ci ildən bu günə qədər ermənilərin bizə qarşı qondarma iddialarını təsdiqlədiyini ortaya qoydu. İllərdir ermənilər bizi barbar, vəhşi, qəddar kimi dünyaya təqdim etmək istəyirlər. Əkrəm Əylisli bu əsərlə bizi əsassız olaraq barbar adlandırır. Artıq düşünürəm ki, ermənilər yaxın vaxtlarda Əkrəm Əylisinin abidəsini Andronikin heykəlinin yaxınlığında qoyacaqlar.
- Sizcə, bu əsər niyə məhz indi ortaya çıxdı?
- Qəti şəkildə bu əsər birdən-birə ortaya çıxmayıb. Bir müddət əvvələ qədər Əkrəm Əylisli Milli Məclisin deputatı idi. Əyləşdiyimiz yerlər bir-birinə yaxın olub. Çıxış etməsə də, yerdəki fikirlərinin əksəriyyətində həmişə erməniləri müdafiə edib. Əvvəllər belə başa düşməyə çalışırdım ki, gənclik illərində ermənilərlə yaxşı ünsiyyətdə olub. Bəlkə onlara olan isti münasibəti buradan qaynaqlanır. Lakin sonradan gördüm ki, bu şəxs sadəcə olaraq, ermənilərin müdafiəçisidir. Dəfələrlə ifadə edib ki, onun ən böyük arzusu Azərbaycanın Ermənistanda səfiri olmaqdır. Yəni bu əsər qısa müddət kəsiyində ortaya çıxan məsələ deyil. Bu əsərin ortaya çıxmasına onun daxili məhəbbəti stimul verib. İkincisi, Əkrəm Əylislinin Qarabağ hadisələri, müharibə, Azərbaycan və sair milli dəyərlərlə bağlı bir sətir yazısına rast gəlməmişik. Təklif edirəm ki, o Ziyalılar Forumu adlı qurumun üzvləri də toplaşsınlar və Əkrəm Əylislini də götürüb Qubadakı soyqırım qəbiristanlığına gedib baxsınlar. Çünki Əkrəm Əylisli o qurumda olanların dostudur. Görsünlər ki, ermənilər azərbaycanlılara və burada yaşayan digər millətlərə qarşı necə soyqırım törədiblər. Məsələn, təkcə 1988-ci ildə bir neçə günün içində indiki Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını çox pis vəziyyətdə ölkədə çıxartdılar. Onlara qarşı amansız davranıldı. Niyə bunun haqqında bir kəlmə yazılmayıb? Erməniləri mədəniyyəti yüksək xalq kimi təqdim etməklə nə demək istəyir? Mənə qarşı kampaniya aparan bəzi tarixçilər niyə ortaya çıxıb, öz fikirlərini söyləmirlər? Bu əsərlə milləti, böyük toplumu təhqir edir, Qərbi Azərbaycandan qaçqın düşən insanlara qarşı hədyanlar söyləyir. Əkrəm Əylisli bu olmayan hadisələri haradan toplayıb? Bunları niyə edir? Qanında, canında zərrə qədər azərbaycanlı-türk qanı axan şəxs belə hərəkət edə bilməz.
- Bu əsərdə yazılanlar nə dərəcədə reallığı əks etdirir?
- Qətiyyən reallığı əks etdirmir. Yazır ki, “Əylis kəndində bir həftə arxlardan erməni qanı axdı”. Bunu heç Zori Balayan yazmayıb. Özü də bu əsər Moskvada rus dilində nəşr olunub. Ermənilər bunu xarici dillərə tərcümə edib dünyaya yaysalar, Əkrəm Əylisliyə Nobel mükafatı verəcəklər. Bir vaxtlar Orxan Pamuk Türkiyədə milli dəyərlərin inkarına yönələn əsərlər yazdı və “erməni soyqırımı”nın tanıdılmasına çağırış etdi, nəticədə də Nobel mükafatı aldı. Bu da həmin yolla gedir. Fikrimcə, Əkrəm Əylisli daha da irəli gedib. Ziyalılar Forumuna toplaşan adamların bir qrupunu çıxmaqla, yerdə qalanların xisləti bundan ibarətdir. Vaxtilə Rüstəm İbrahimbəyov yazmışdı ki, “Bakıdan ermənilər köçdükdən sonra şəhərin mədəni səviyyəsi aşağı düşdü”. Əkrəm Əylislinin fəaliyyəti də elə bu istiqamətdədir.
- Sizcə, Ermənistandan gələn azərbaycanlılarla bağlı aşağılayıcı məqamların bu əsərdə yer alması haradan qaynaqlanır və bu stereotipi sındırmaq mümkündürmü?
- Bunu deyənlər və belə yazılar yazanlar vətənini, millətini sevməyən insanlardır. Təklif edirəm ki, Qarabağ müharibəsi zamanı şəhid və qazi olanların siyahısını götürüb baxsınlar. Görsünlər ki, Qərbi Azərbaycandan olan nə qədər adam şəhid olub. Özü də bizim bu soydaşlarımız müharibə gedən bütün bölgələrdə - Qazaxdan Zəngilana qədər hər bir kənddə, bölgədə döyüşüblər və şəhid olublar. Bu fikirdə olanlar gedib Şəhidlər Xiyabanına baxsınlar, orada uyuyan övladlarımızın tərcümeyi-halını oxusunlar. Elə götürək, milli-azadlıq hərəkatını. Bu hərəkatda Qərbi Azərbaycandan olan minlərlə insan iştirak edib. Onların Bakıya gəlməsi, paytaxtın ermənipərəst mövqeli rəhbərlərinin diqqətini problemlərimizə cəlb eləməsi heç kimin yadından çıxmayıb. Vaxtında bu insanlar rəhbərlik tərəfindən müdafiə edilsəydi, azərbaycanlılar öz ata-baba yurdundan çıxmazdılar. Millətimizin bu bölgədən olan çoxlu sayda şair, yazıçı, alim, ziyalıları olub. Bu hərəkətlər millətimiz arasında qarşıdurma yaratmaq niyyətindən irəli gəlir.
- İsmayıllıda baş verən son hadisələrə də münasibətinizi bilmək istərdik.
- Bu, məişət zəminində baş verən hadisədir. Sadəcə, sonradan insanlar emosionallaşıb, son nəticə isə məlumdur. Bu bölgədə dəfələrlə olmuşam və İsmayıllı əhalisini çox mehriban, işgüzar insanlar kimi tanıyıram. Həmin hadisə məlum insanların ismayıllılara qarşı hörmətsiz davranışının nəticəsində baş verib.
- Bu hadisə ilə bağlı həmin bölgədən olan bəzi tanınmış insanların fikirlərini oxuduqda qəribə yanaşmalara rast gəldik. Məsələn, İsmayıllıdan olan şairlərdən biri demişdi ki, “İsmayıllının çörəyini yeyib, buranın insanlarını bəyənməyənlərin aqibəti yaxşı olmur”...
- Bilirsiniz, hamımız azərbaycanlıyıq. Əlbəttə, hərə bir yerdə yaşayır və işləyir. Belə çıxır ki, bizim haqqımızda da “Bakının çörəyini yeyir” ifadəsini işlətməlidirlər? Belə yanaşma düzgün deyil. Hadisədə kimin günahı varsa, cəzasını almalıdır. Azərbaycan bizim hamımızın vətənidir və bu vətəni parçalamaq olmaz. Kimin hansı bölgədən olmasını araşdırmaq düzgün olmaz.
- Son zamanlar sizin və digər siyasətçilərin Rüstəm İbrahimbəyov haqda bir sıra tənqidi fikirlərinizin şahidi oluruq. Nədənsə ona qarşı yönələn tənqidlərdə Rüstəm İbrahimbəyovun hətta istedadsız olması, ziyalı olmaması kimi iddialar da yer alıb. Bəlkə ittihamlar olduğu kimi ünvanlı səsləndirilsin?
- Bilirsiniz, bu adamlar ziyalı terminini özlərinə qalxan kimi götürüblər. Baxın, Əkrəm Əylisliyə ziyalı demək olarmı? Ziyalı öz milləti və xalqı haqqında belə yazı yazarmı? Bəzilərinin anlayışına görə istənilən yazıçı, şair, dramaturq, kinorejissor, akademik, professor ziyalıdır. Bu, ziyalılıq deyil. Ola bilər biri çoban olar, amma həmin adamlardan daha çox ziyalı olar. Yəni vətəninə, millətinə daha çox bağlı olar və xeyir verər. Elmi və yaradıcı göstərici insana ziyalı tutulu vermir. Bir dəstə yaradıb, qurum formalaşdırıb, adını ziyalı qoymaqla burada toplaşanlara ziyalı adı vermək olmaz. Bəli, Azərbaycanda kifayət qədər ziyalı var və onlar öz millətinə qədərincə xidmət edirlər. İkinci bir tərəfdən, niyə bu quruma toplaşanlar Azərbaycanın çətin illərində ortaya çıxıb, millətə xidmət etmədilər? Həmin vaxt bunlar harada idilər? Məsələn, Rusiyanın Gürcüstana müdaxiləsi zamanı gürcü aktyor Vaxtanq Kikabidze Rusiya tərəfindən ona verilən dövlət mükafatından imtina etdi və Tiflisə gələrək Saakaşvili ilə birgə mitinqdə iştirak etdi. Bunların hansı belə hərəkət edib? Heydər Əliyev gəldi, inkişafa nail olundu, birdən yadlarına düşdü ki, biz axı Azərbaycanın ziyalısıyıq. Həmin adamların marağı Azərbaycanın sərvətlərindən istifadə etməkdir. İstifadə də ediblər. Amma hər şeyin bir yeri var. Əlbəttə, burada əsas məsələlərdən biri də ayrı-ayrı ölkələrin millətinə bağlı olmayan insanlardan istifadə etməsidir. Bu da var və göründüyü kimi, mərhələ-mərhələ bu cür adamlar ortaya çıxır. Belə adamlar suda sabun köpüyünə bənzəyirlər və ömürləri az olur. Ümumiyyətlə, bütün bu və buna bənzər məsələlər seçkiyə hesablanıb. Müəyyən qüvvələr ölkədəki sabitliyi pozmaq, gərginlik yaratmaq fikrindədir. Yeri gəlmişkən, Ziyalılar Forumu adlı qurum yaradanlar, buyurub, Əkrəm Əylislinin milləti aşağılayan əsərinə münasibət bildirsinlər və qiymət versinlər. Qəti şəkildə tələb edirəm, buna qiymət versinlər. Demirlər vətənpərvərik? Buyurun vətənpərvərliyinizi göstərin də.
- Nədənsə, sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasının fəallığı gözə çarpmır.
- Qətiyyən razı deyiləm. Partiyamızın üzvləri və təəssübkeşləri fəal şəkildə sosial şəbəkələrdə fəaliyyət göstərirlər. Əlbəttə ki, burada daha çox gənclər yer almalıdır.
- Amma bəzən müxalifətçilərin tənqidi fikirləri cavabsız qalır.
- Xeyr, cavab verirlər və mövzular üzrə aktivlik nümayiş etdirilər. Bilirsiniz, müxalifətçilərin şərhlərinin böyük hissəsi xarici ölkələrdən yazılır. Həmin adamlar da gecə saat 02.00-dən sonra aktivləşirlər. Bu da ölkəmizlə həmin ölkələrin arasındakı saat fərqi ilə bağlıdır. İşgüzar adamlar isə Azərbaycanda həmin saatlarda yatmış olurlar. Əlbəttə ki, səhər saatlarında onların ittihamları cavabsız qalmır. Biz bunu dəfələrlə müşahidə etmişik.
- Yeri gəlmişkən, partiyanızın rəhbərlərinin – funksionerlərinin bölgələrə səfərləri nəzərdə tutulubmu?
- Bəli, bununla bağlı partiyanın proqramı hazırlanıb. Fevralın 10-dan sonra bölgələrdə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
- Bu yaxınlarda Müsavat Partiyasının başqanı Lənkərana səfər etmək istədi. Onun qarşısını bir qrup kəsdi və bildirdilər ki, bunlar yerli əhali, müxalifəti istəməyən insanlardır. Əgər Sizin partiya funksionerlərinin səfərləri zamanı həmin bölgədə yaşayan müxalifətçilər sizə qarşı aksiya keçirsələr, sizin buna münasibətiniz necə olar?
- Tam normal. Bu yaxınlarda partiyamızın sədr müavini Əli Əhmədovla icraçı katibin müavini Mübariz Qurbanlı İsmayıllıya getmişdilər. Onların ikisi bir avtomobillə bu rayona səfər etmişdilər. Yeni Azərbaycan Partiyası istəsəydi, Bakıdan bu rayona 400 maşınla gedə bilərdi. Bilirsiniz ki, paytaxtda minlərlə üzvü olan rayon təşkilatlarımız fəaliyyət göstərir. Hər şeydə bir səmimilik olmalıdır. Belə məsələlərdə şoudan qaçmaq lazımdır. Dövlətin, yerli icra hakimiyyətinin bu məsələyə heç bir aidiyyəti yoxdur. Ola bilər ki, bunları özləri təşkil etmişdilər. Bəlkə də İsa Qəmbərin lənkəranlılar haqqında haradasa dediyi yersiz fikir bu şəkildə cavablandırılır. Yəni bunu hakimiyyətlə bağlamaq olmaz.