“Bizim amalımız qüdrətli Azərbaycandır"
08 iyun 2013 05:57 (UTC +04:00)

“Bizim amalımız qüdrətli Azərbaycandır"


“Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında həlledici rol oynayır. Partiyanın qərarları, fəaliyyəti ölkəmizin uğurlu inkişafına güclü təsir göstərir”. Prezident İlham Əliyev bu fikirləri Yeni Azərbaycan Partiyasının V qurultayındakı çıxışında işlədib.

 

Prezident Yeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük partiyası olduğunu bildirib: “Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Bizim partiyamız 20 ildir ki, iqtidardadır. Bir həftədən sonra biz Qurtuluş Gününü qeyd edəcəyik. Qurtuluş Günü müasir Azərbaycan tarixində bir dönüş nöqtəsi idi. Bu 20 il ərzində partiyamız bütün seçkilərdə böyük üstünlüklə qələbə qazanıb. Yeni Azərbaycan Partiyası sözün əsl mənasında xalq partiyasıdır. Xalqımızın bütün təbəqələri, bütün yaş qrupları partiyamızda birləşir və ölkəmizin uğurlu inkişafı üçün öz fəaliyyətini göstərirlər.

 

Keçən qurultaydan ötən dövr ərzində partiyamız daha da güclənib. Partiyamıza böyük axın var. Artıq partiya sıralarında 600 mindən artıq üzv var. Bu, özlüyündə bir göstəricidir. Onu göstərir ki, partiyanın məramı, ideyaları, çox cəlbedicidir. Xüsusilə, gənclərin partiyaya üzv olması çox sevindirici haldır və onu göstərir ki, partiyanın fəaliyyəti də, ideyaları da, cəmiyyətdəki rolu da vətəndaşlar üçün çox cəlbedicidir və partiyanın fəaliyyəti çox böyük dəstəyə malikdir”.

 

Dövlət başçısı partiyanın yaranma tarixinə də toxunub: “1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılması tarixi hadisə idi. Çünki hamımız yaxşı xatırlayırıq ki, müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır keçib. O vaxtkı iqtidar ölkəni uçuruma aparırdı. Səriştəsiz, bacarıqsız, biliksiz insanlar demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinə böyük zərbə vurublar. Ona görə Heydər Əliyevin ətrafında birləşən insanlar, ilk növbədə, çox böyük cəsarət göstəriblər. Çünki o vaxtkı iqtidar imkan vermədi ki, hətta partiyanın təsis qurultayı Bakıda keçirilsin. Digər tərəfdən, onlarda olan vətən sevgisi onların bu hərəkətlərini şərtləndirdi.

 

Heydər Əliyevin 1970-ci, 1980-ci illərdə də gördüyü işlər, Azərbaycanın inkişafına verdiyi töhfələr və Sovet İttifaqının dağılma ərəfəsindəki fəaliyyəti, cəsarətli addımlar, qanlı 20 Yanvar faciəsinin pislənməsi, Kommunist Partiyası sıralarının tərk edilməsi, Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi təsis edilməsi, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adının dəyişdirilməsi, Sovet İttifaqının saxlanmasına dair referendumun keçirilməməsi - bütün bu amillər əlbəttə ki, xalqda Heydər Əliyevə olan məhəbbəti birə on artırırdı. 1992-ci ilin noyabrında Yeni Azərbaycan Partiyasının yaradılması xalqda böyük ümidlər yaratdı ki, nəhayət, xoşagəlməz hallara son qoyulacaq, nəhayət, Azərbaycanda çox ciddi siyasi qüvvə yaranır, nəhayət, Azərbaycanda siyasi sistem yaranır.

 

Çünki Yeni Azərbaycan Partiyasının yaradılması, eyni zamanda, müasir siyasi sistemin yaranması deməkdir. Çünki o vaxta qədər ölkədə fəaliyyət göstərən müxtəlif siyasi qruplaşmalar siyasi mübarizəni faktiki olaraq çox primitiv səviyyədə aparmağa cəhd etmişlər. Siyasi sistem yox idi. Yeni Azərbaycan Partiyasının yaradılması siyasi sistemin yaradılması deməkdir. Yeni Azərbaycan Partiyasının müxalifət partiyası kimi yaradılması, eyni zamanda, müxalifət necə fəaliyyət göstərməlidir, onu da çox açıq-aydın ortaya qoyub.

 

Yeni Azərbaycan Partiyası o vaxtkı antimilli xəyanətkar iqtidara müxalifətdə idi. Yeni Azərbaycan Partiyasının əsas amalı dövlətçilik, müstəqillik, inkişaf, təhlükəsizlik idi. Partiyamız iqtidara gələndən sonra bu ideyalar, bu amillər Azərbaycanda reallığa çevrilib.

 

Təsadüfi deyil ki, partiyanın yaranmasından bir il keçməmiş Azərbaycan xalqı öz sözünü dedi: antimilli qüvvələrin hakimiyyətdən getməsinə nail oldu və ulu öndər Heydər Əliyevə müraciət edib onu hakimiyyətə dəvət etdi. Partiyamızın tarixi müstəqillik tarixi ilə də demək olar ki, üst-üstə düşür. Ulu öndər Heydər Əliyevin Azərbaycanda Prezident kimi fəaliyyəti də Yeni Azərbaycan Partiyasının güclü dəstəyi ilə tamamlanırdı. Heydər Əliyev və Yeni Azərbaycan Partiyası bizim siyasi xəttimizdir. Heydər Əliyev Yeni Azərbaycan Partiyasının, müstəqil Azərbaycan dövlətinin qurucusudur.

 

1992-ci ildə bu tarixi hadisə bir daha demək istəyirəm ki, bugünkü Azərbaycan reallıqlarını faktiki olaraq şərtləndirib. Çünki 1993-cü ildən başlayaraq ölkədə bütün xoşagəlməz hallara son qoyuldu, sabitlik yarandı, vətəndaş müharibəsinə son qoyuldu, inkişaf, sabitlik, quruculuq, dövlətçilik dövrü başlandı. Yeni Azərbaycan Partiyasının əsas ideoloji dayaqları müstəqillikdir, azərbaycançılıqdır, müasirlikdir, inkişafdır, sosial rifahdır, iqtisadi və siyasi islahatlardır”.

 

Prezidentin sözlərinə görə, 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yadda qalıb: “Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu. Azərbaycan dünya birliyinə özünü təqdim edə bilib. Beynəlxalq əlaqələrimiz inkişaf edib. Dünya xəritəsində Azərbaycan özünə layiq yerini tuta bilib. Siyasi və iqtisadi islahatlar uğurla aparılıb. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv olub. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edilib və bu investisiyalar hesabına Azərbaycan həm o illərdə, həm bu gün inkişaf edir. Azərbaycan etibarlı tərəfdaş imicini qazanıb. Bu da çox vacib məsələdir. Çünki o vaxt Azərbaycan haqqında dünyada kifayət qədər təsəvvür yox idi. Azərbaycanı dünyaya olduğu kimi təqdim etmək Ulu Öndərin xüsusi zəhməti hesabına mümkün olub.

Ulu Öndərin rəhbərliyi ilə on il ərzində Azərbaycan sözün əsl mənasında uğurlu yol keçib. Eyni zamanda, Yeni Azərbaycan Partiyası da öz fəaliyyətini həm ölkə daxilində, həm beynəlxalq müstəvidə genişləndirə bilib. Bu gün bizim beynəlxalq əlaqələrimiz də çoxşaxəlidir. Müxtəlif partiyalarla, müxtəlif qitələrdə fəaliyyət göstərən partiyalarla biz uğurlu əməkdaşlıq edirik. Bundan sonra da bu əməkdaşlığı davam etdirəcəyik”.

 

Dövlət başçısı Azərbaycanın 2003-cü ildən sonrakı inkişafında Yeni Azərbaycan Partiyasının çox böyük rolu olduğunu bəyan edib: “Çünki 2003-cü il bir sınaq ili idi. Həm dövlətçiliyimizin əsaslarının nə qədər güclü olduğunu elə bil ki, tarix sınayırdı, eyni zamanda, Yeni Azərbaycan Partiyasının öz liderinə, dövlətçiliyə nə qədər sadiq olduğunu tarix sınaqdan keçirirdi. Bütün bu sınaqlardan bizim partiyamız üzüağ çıxdı. Bütün bu sınaqlardan biz daha da güclənmiş şəkildə çıxa bildik.

 

2003-cü ildə demək olar ki, Azərbaycanın gələcək uğurlu inkişafı müəyyən edilirdi: ya inkişaf yolu ilə gedəcəyik, ya da yenə tənəzzülə uğrayacağıq. Yenə də mənfur qüvvələr Azərbaycanın iqtidarını zəbt edəcəkdilər, necə ki, 1992-ci ilin may ayında onu zəbt etmişdilər. Yəni, bu iki istiqamət arasında seçim, necə deyərlər, ortada idi. Yeni Azərbaycan Partiyasının mütəşəkkil fəaliyyəti, öz liderinə sədaqəti, Azərbaycan xalqının bu siyasətə verdiyi dəstək hesabına Azərbaycan inkişaf yolunu seçdi və son on il ərzində bu inkişaf yolu ilə uğurla irəliyə gedir.

 

Son on il ərzində Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edib. İkinci belə ölkə dünya xəritəsində tapılmaz ki, Azərbaycan qədər uğurlar əldə edə bilsin. Bu uğurlar çoxşaxəlidir, bütün sahələri əhatə edir. Həm beynəlxalq, həm daxili siyasətlə, iqtisadi islahatlarla, siyasi islahatlarla bağlı hara baxsan Azərbaycan uğurla, inamla, sürətlə inkişaf edir.

 

Bir daha demək istəyirəm ki, Yeni Azərbaycan Partiyası siyasi sistemimizin ən əsas sütunudur və ən böyük təsirə malik olan partiyadır. Ölkəmizdə siyasi islahatların dərinləşməsində də Yeni Azərbaycan Partiyasının xüsusi rolu və məsuliyyəti var.

 

Görülən bütün bu işlər əlbəttə ki, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki nüfuzunu da artırır. Yeni Azərbaycan Partiyasının siyasi səhnədə ciddi rəqibi yoxdur. Bu, reallıqdır. Ona görə yox ki, biz kiməsə problem yaradırıq, yaxud da hansısa xüsusi imtiyazlara malikik. Hər bir siyasi qüvvə hansı çərçivədə fəaliyyət göstərirsə, biz də eyni çərçivədə fəaliyyət göstəririk. Sadəcə ona görə ki, görülən işlər, islahatlar, insanların yaşayış səviyyəsinin qalxması, beynəlxalq mövqelərimizin möhkəmləndirilməsi bizə olan inamı daha da artırır. Ancaq əlbəttə ki, siyasi mübarizə aparılır və aparılmalıdır.

 

Biz uğurla inkişaf edirik. Biz seçkilərə də uğurla gedəcəyik. Çünki bizim amalımız qüdrətli Azərbaycandır, müstəqillikdir, inkişafdır, sosial rifahdır. Ölkə qarşısında duran vəzifələr də məhz Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə bundan sonra da uğurla icra edilə bilər". 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 491
avatar

Oxşar yazılar