Mübariz AĞALARLI
29 aprel 2021 15:58 (UTC +04:00)

Mübariz AĞALARLI

Türk xalqlarına qarşı erməni vəhşiliyi - SOYQIRIMLAR

XX əsrin əvvəllərində Rusiya imperiyasında baş verən siyasi, inqilabi dəyişikliklər imperiya tərkibində yaşayan türk xalqlarında da milli oyanışa səbəb olmuş, bu oyanış çar üsul-idarəsinə qarşı milli azadlıq hərəkatına çevrilmişdi. Çar Rusiyası və bu imperiyanın siyasi varisi olan bolşevik Rusiyası türk xalqlarının milli azadlıq hərəkatını yatırmaq üçün ənənəvi metodlarından məharətlə istifadə edərək özünün riyakar imperiya xislətini bütün gücü ilə ortaya qoymuşdu. Bir tərəfdən özünün hərbi-siyasi gücündən istifadə edərək bu oyanış hərəkatını yatırmağa ciddi cəhdlə təşəbbüs etməklə bərabər, digər tərəfdən türk xalqlarına qarşı digər xalqlardan etnik münaqişə vasitəsi kimi istifadə etmişdi.

XIX əsrdən etibarən Cənubi Qafqaza – Azərbaycana, həmçinin Türküstan bölgəsinə köçürülərək yerləşdirilən və türk xalqlarına qarşı hərbi-siyasi alət kimi istifadə olunan ermənilər bu imkandan yararlanaraq mifoloji mahiyyət daşıyan və gerçək tarixdən tamamilə uzaq olan sərsəm “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək təşəbbüsünə cəhd etmişlər. Mahiyyətini və sosial xarakterini terrorizm prinsipləri təşkil edən “panarmeniya” ideologiyasını gerçəkləşdirmək təşəbbüsləri on minlərlə türk və müsəlman əhalisinin soyqırımına səbəb olmuş, ermənilər və onların himayədarları çox sayda günahsız türk-müsəlman əhalinin  ölümünə baiskarlıq etmişlər.

Təsadüfi deyil ki, təkcə 1914-1921-ci illərdə Şimali və Cənubi Azərbaycanda, Anadolu bölgəsində, Türküstan ərazisində on minlərlə günahsız türk-müsəlman əhalisi qətlə yetirilmişdir. 1914-cü ildən başlayaraq Şərqi Anadoluda Osmanlı dövlətinə xəyanət edərək Rusiya və digər dövlətlərlə əməkdaşlıq edən ermənilər kütləvi şəkildə cinayətlər törətmişlər. Türk-müsəlman əhaliyə qarşı ermənilərin həyata keçirdiyi soyqırımları sübut edən çox sayda qiymətli sənədlər bu gün Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində (BOA) qorunub saxlanılır. Arxivdən əldə olunan sənədlərdəki faktiki materiallar sübut edir ki, təkcə 1918-1920-ci illərdə ermənilər Şərqi Anadolu (Qars, İğdır, Bəyazit, Muş, Van, Ərzurum, Trabzon, Kağızman və s.), on minlərlə dinc, silahsız türk-müsəlman əhalini, o cümlədən uşaqları, qadınları məhz türk olduğuna görə amansızlıqla qətlə yetirmişdir.

Arxiv sənədlərinə istinadən qeyd etmək olar ki, 1914-1921-ci ilin əvvəllərinə kimi ermənilər Qars və Ərdəhanda 30.000 əliyalın əhalini məhv etmişlər. Təkcə 1920-ci ildə Qarsa məxsus kəndlərdə ermənilər tərəfindən 3945 nəfər türk-müsəlman əhali acınacaqlı işgəncələrlə soyqırıma məruz qalmışdır. 1915-ci ildə Van və ətrafından 5200 nəfər acınacaqlı şəkildə, müxtəlif işgəncələrlə ermənilər tərəfindən soyqırıma məruz qalmışdır. 1916-cı ildə isə Van və kəndlərindən 44 233 nəfər türk-müsəlman əhalisi ermənilər tərəfindən görünməmiş vəhşiliklə məhv edilmişdir.

1915-ci ildə Muşun kəndlərində 300 nəfər, Muş və ətrafında 800 nəfər acınacaqlı şəkildə, Anak monastırı qarşısında 10 nəfər, Akçan kəndində 19 nəfər canlı-canlı quyulara doldurularaq ermənilər tərəfindən məhv edilmişdir. Alman səfiri Volff Metternix qraf fon Şülenburq 1916-cı il 5 mart tarixində Almaniya Xarici İşlər nazirliyinə Ərzincandan göndərdiyi teleqramdan “Bitlisin ruslar tərəfindən işğal edildiyi, erməni qüvvələrinin ətraf bölgədəki müsəlman xalqa qarşı böyük bir qətliam törədərək bölgəni qan gölünə çevirdikləri, məhv edilənlərin 2-3 min nəfərə qədər olduğu haqqında məlumat vermişdi.

Ermənilər havadarlarının maddi və hərbi-siyasi dəstəyi ilə XX əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı da kütləvi qırğınlar və soyqırım törətmiş, deportasiyalar həyata keçirmişlər. Həmin soyqırımların ilk mərhələsi 1905-1906-cı illəri əhatə edir. Tarixə ilk olaraq “erməni-müsəlman qırğınları” kimi düşən bu qanlı faciələri hüquqi-siyasi baxımdan azərbaycanlılara qarşı soyqırım adlandırmaq onun mahiyyətinə tam uyğun gəlir. Dövrün qaynaqları bu qətliamlar nəticəsində Cənubi Qafqazın 7 şəhərinin böyük dağıntılara məruz qaldığını, 12 qəzada 252 kəndin yandırıldığını və viran qoyulduğunu, 100 min ailənin qəzalardan, bir neçə min nəfərin şəhərlərdəki ev-eşiklərindən didərgin düşdüyünü, 10 min nəfərin məhv edildiyini göstərir.

Çar Rusiyası dövründə kütləvi qətliama məruz qalan türk xalqlarından biri də qırğızlar olmuşdur. 1916-cı ildə Çar Rusiyası tərəfindən məcburi surətdə hərbi səfərbərliyə alınan qırğız türklərinin etirazları zamanı baş verən qırğınlarda ruslar kütləvi şəkildə dinc əhalini qətlə yetirmişdir.  “Ürkün qətliamı” adı ilə tarixə düşən bu faciədə 100 min nəfər qırğız türkü çar Rusiyası tərəfindən soyqırıma məruz qalmışdır.

Fevral İnqilabının (1917-ci il) öndərlərindən biri, müvəqqəti hökumətin baş naziri olmuş Aleksandr Fyodroviç Kerenski üsyanın yatırılmasını bu şəkildə təsvir etmişdir: “Cəza dəstələri hərbi bölüklərdən, piyadalardan, süvari və topçulardan ibarət idi. Kəndlərdə rus hərbçilərinin qarşılarına çıxan bütün insanlar, yaş və cinsiyyətinə fərq qoyulmadan qundaqdakı körpələr, qocalar, yaşlı qadınlar da daxil olmaqla qəddarcasına məhv edilmişdir”.

Bu soyqırım siyasətinin davamı olaraq 1918-1920-ci illərdə ermənilər on minlərlə azərbaycan türkünü də qətlə yetirmişdir. AXC dövründə yaradılan Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı Bakı şəhərində 11 min nəfərədək türk-müsəlman öldürülmüşdür. Onların çoxunun meyitləri tapılmamışdır.

Fövqəladə Təhqiqat komissiyasının Şamaxı qəzası üzrə apardığı təhqiqatlarda 53 kənddə tərtib olunmuş yekun aktlarında öldürülənlərin sayı və hər bir kəndə dəymiş ümumi zərərin miqdarı göstərilmişdir. Bu aktlarda olan rəqəmlərə əsasən, Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirmişlər. Onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq idi.

Daşnak Amazaspın quldur dəstələrinin vəhşilikləri nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdir. Ayrı-ayrı mənbələrə və şahidlərin dediklərinə əsasən, qırğın zamanı 12 minədək ləzgi, 4 mindən çox Azərbaycan türkü və tat əhalisi öldürülmüşdü. 1918-ci ilin qırğınları zamanı daşnak-bolşevik birləşmələri Quba qəzasında 162 kəndi dağıtmışdılar ki, bunlardan 35-i hazırda mövcud deyil.

Fövqəladə Təhqiqat komissiyasının məruzəsində bu dövrdə Lənkəran bölgəsində erməni və rus birləşmələri tərəfindən 2 min insanın həyatına son qoyulmuşdu. Zəngəzur qəzasında isə 115 kənd üzrə 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdır.

1918-ci ildə İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış, yandırılmış və talan edilmişdi. İrəvan azərbaycanlılarının çoxsaylı müraciətlərindən birində göstərilir ki, qısa müddət ərzində bu tarixi Azərbaycan şəhərində (İrəvan) və onun çevrəsində 88 kənd dağıdılmış, 1920 ev yandırılmış, 132 min azərbaycanlı məhv edilmişdi.

1917-1918-ci illərdə erməni daşnak hərbi birləşmələri silsilə cinayətlərini davam etdirərək, aysorlarla birlikdə  Cənubi Azərbaycanda – Urmiya, Salmas, Xoy, Maku, Dilməqan şəhərlərində də kütləvi qırğınlar törətmişlər. 1918-ci ilin iyununda, Kazım Qarabəkir Paşa rəhbərliyindəki Osmanlı ordusunun Cənubi Azərbaycana daxil olmasından sonra bu qırğınların qarşısı alınmışdır. 1917-1918-ci illəri əhatə edən bu hadisələr zamanı erməni daşnakları tərəfindən 190 minə yaxın Cənubi Azərbaycan türkünün qətlə yetirildiyi təxmin edilir.

Bütün türk dünyasını öz cənginə alan yüz minlərlə günahsız türkün qətlinə səbəb olmuş bu qırğınlar Türküstan bölgəsində də öz acı izlərini buraxmışdır.

Rəsmi arxiv sənədlərinin verdiyi məlumatlara görə, ermənilər tərəfindən 1918-1919-ci illərdə Fərqanə vadisində 180 yaşayış məntəqəsi əhalisi ilə birlikdə yandırılmışdır. Kokandda 3 günə 10 000, Mərgilanda 7000, Əndicanda 6000, Namanqanda 2000, Kokand yaxınlığındakı Bazarkurqanda 4500, Oşda 2000, Çustda 1500 insan vəhşicəsinə qətlə yetirilmiş və cinayətin izini itirmək məqsədilə daşnaklar bütün meyitləri yandırmışlar. Üç ay ərzində Fərqanə vadisində erməni daşnakları tərəfindən 35 000 nəfər qətlə yetirilmişdi. 10 il davam edən bolşevik terroru nəticəsində isə Türküstanda 1 milyon 700 min nəfər günahsız insan vəhşicəsinə məhv edilmişdi.

Xüsusilə vurğulamaq lazımdır ki, 1927-1933-ci illərdə bolşevik hakimiyyəti tərəfindən mal-mülkləri əlindən alınaraq aclığa məhkum edilmiş qazax türklərinin kütləvi şəkildə məhvi prosesi baş vermişdir. Arxiv sənədlərinin verdiyi məlumatlar görə, 1927-1933 –cü illərdə acından və kütləvi repressiyalardan ölən qazax türklərinin sayı 2 milyon 300 min nəfərə çatmışdır. Bu dövrdə məhv edilən qazax əhalisi ümumi Qazaxıstan əhalisinin 54 faizinə bərabər idi.

Dövrün arxiv sənədlərinə istinad edərək bu qənaətə gəlmək olur ki, 1905-1930-cu illərdə türk dünyasında ən azı 5 milyon nəfər günahsız türk-müsəlman əhalisi rus-bolşevik-daşnaklar tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. 

XX əsrin sonlarına doğru Sovet imperiyasına qarşı baş qaldıran milli azadlıq hərəkatı zamanı Türk Respublikalarında həyata keçirilən repressiv tədbirlər, qətl hadisələri, xüsusilə də XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı məlum düşmənlərimizin və onların əlaltılarının türk dünyasına qarşı cinayətinin məntiqi davamı idi.

Ortaq dil, dünyagörüş, mədəni və mənəvi dəyərlərlə bir-birinə bağlanan türk xalqlarını, təəssüflər olsun ki, eyni zamanda ortaq faciə - soyqırım faciəsi də birləşdirir. Xüsusilə də XX əsrdə çar Rusiyası və bu imperiyanın siyasi varisi olan sovet Rusiyası, zaman-zaman hərbi-siyasi alət kimi istifadə etdikləri erməni ünsürləri ilə birlikdə milyonlarla türk-müsəlman əhalisini qətlə yetirərək soyqırım siyasəti həyata keçirmişlər.

Həqiqətən də “Unudulan soyqırım təkrarlanır”. Əgər biz türk dünyasında baş verən bu qətliam hərəkətlərini qan yaddaşımıza həkk edərək gələcək nəsillərə ötürməsək, bu faciələr yenidən təkrarlana bilər. Bunun üçün biz türk xalqları olaraq tariximizi, mədəniyyətimizi, mənəvi dəyərlərimizi bütövləşdirmək istiqamətində atdığımız addımlar kimi, həmçinin eyni mənbədən qaynaqlanan faciələrimizi də birləşdirib ortaq bir “TÜRK XALQLARININ SOYQIRIMI” anım gününü təsis edərək, rəsmi şəkildə hər il bütün türk dünyasında qeyd etməliyik. Ən azı türk dünyasına qarşı soyqırımların təkrarlanmaması naminə bunu etməliyik...

Mübariz AĞALARLI

AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi,

ADPU-nun dosenti

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4110
avatar

Oxşar yazılar