Qüdrət Həsənquliyev
21 dekabr 2021 22:26 (UTC +04:00)

Qüdrət Həsənquliyev

"Təhqir yazanlar əxlaqsız ailələrdə böyümüş üzdəniraqlardı" - DEPUTAT

"Bir qrup uğursuz və uğursuzluğun mənəvi deqradasiyaya uğratdığı ünsürlər mənə hücum etməklə özlərini yenidən biabır edirlər. Araşdırsanız görərsiniz ki, təhqir yazanlar və onlara bu cür göstəriş verənlərin hamısı əxlaqsız ailələrdə böyümüş üzdəniraqlardı. Ağıllı və məsuliyyətli insanlar mənim çıxışımla tanış olanda həmin elementlərdən fərqli olaraq başa düşürlər ki, mən nə təklif etmişəm. Mən ölkəmizdə turizmin inkişafı üçün xidmətlərin səviyyəsinin yüksəldilməsini və xidmət xərclərinin azaldılmasını təklif etdim".

Lent.az-ın məlumatına görə, bunu deputat Qüdrət Həsənquliyev baymedia.az saytına müsahibəsində Milli Məclisdəki çıxışında ölkədə kazinoların açılması ilə bağlı təklifinə sosial şəbəkələrdə verilən reaksiyaya cavab olaraq bildirib. 

Deputat deyib ki  vətəndaşlar təkcə internet üzərindən xarici lotereya təşkilatçılarına hər il təqribi hesablamalara görə, 700 milyon manat pul uduzur: "Bunu nəzərə alaraq, ölkəmizə turist cəlb etmək məqsədilə müəyyən ərazilərdə kazinoların açılmasını təklif etmişəm. Bura xarici kazinolarda uduzulan pullar daxil deyil. Mən bu təşəbbüslə əvvəllər də çıxış etmişəm. Gürcüstanı çox zaman bizə nümunə kimi təqdim edən bu gerizəkalılar gedib öyrənsinlər ki, Gürcüstan kazinolarının əsas müştəriləri kimlərdir? Gürcülər kazinolar hesabına nə qədər turist cəlb edir və turizmdən nə qədər pul qazanır? Yaxud qardaş Şimali Kipr Türk Respublikası olsun. Kimsə deyə bilər ki, Gürcüstan müsəlman ölkəsi deyil, bəs ŞKTR necə?".

Deputat qeyd edib ki  ölkə müharibədən çıxıb, Qarabağın bərpası, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi üçün pul lazımdır: "Əsgər və zabitlərimiz qan töküb o torpaqları azad etməyiblər ki, xalqımız o torpaqlarda yas saxlasın. Şəhid ailələri daxil xalqımız o torpaqlarda yeyib-içib əylənməli, xoşbəxt həyat yaşamalıdır". 

Qüdrət Həsənquliyev onun parlamentdə qaldırdığı digər vacib məsələlər barədə susub, kazino ilə bağlı təklifini tənqid edənləri "üzdəniraq siyasi dələduzlar" adlandırıb: "Həmin gün qonşu ölkələri misal çəkərək Milli Məclisə təqdim olunan qanun layihələrində qanunvericilik texnikası baxımından ciddi qüsurların, boşluqların, kolliziyaların olmaması, sui-istifadə hallarına yol açacaq normaların qarşısının alınması üçün Milli Məclis, yaxud Nazirlər Kabineti və ya  Ədliyyə Nazirliyi yanında “Qanunvericilik institutunun” yaradılması barədə təşəbüslə çıxış etdim. “Uşaqpulu müavinət”inin verilməsinin zəruriliyi barədə mətbuata açıqlama verdim. Amma tərbiyəsiz kütbeyinlər bu kimi məsələləri müzakirə edə bilməzlər, çünki həm savadları yoxdur, həm də Cəfər Cabbarlının “Almaz” pyesində olduğu kimi aldıqları tapşırıq “məsciddən” danışmaqdır".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3174
avatar

Oxşar yazılar