Tarixi dəyişən gün - 27 sentyabr QÜRUR GÜNÜMÜZ
27 sentyabr 2021 18:03 (UTC +04:00)

Tarixi dəyişən gün - 27 sentyabr QÜRUR GÜNÜMÜZ

27 sentyabr Anım Günü Azərbaycanın milli qürur günüdü. Prezident İlham Əliyev hər zaman öz çıxışlarında dəfələrlə Azərbaycan xalqının işğalla barışmayacağı, nəyin bahasına olursa-olsun torpaqlarımızın geri qaytarılacağını bəyan edirdi. Və bir il əvvəl bu gün sübh tezdən anti-terror əməliyyatına başlayan Azərbaycan ordusu 44 günlük savaşı zəfərlə başa çatdırdı. 

Bu tarixi Qələbə təkcə torpaqların geri qaytarılması faktı deyildi, ilk növbədə məğlub xalq sindromundan qurtulması, milli ləyaqətimizin bərpa olunması idi. İkinci Qarabağ müharibəsindəki qələbəmizdə Prezidentin də dəfələrlə vurğuladığı kimi Xalq–Prezident–Ordu vəhdəti böyük rol oynadı. Bəli, məhz bu formula qələbənin əsasını qoydu. 
“Biz qan tökərək, şəhidlər verərək bu qələbəni əldə etdik. Biz düşməni məcbur etdik ki, kapitulyasiya aktı imzalasın”. Prezidentin bugünkü xalqa müraciətində bir məqama da toxundu. Dövlətimizin başçısı bildirdi ki, yüzlərlə kənd və şəhər bir güllə atılmadan, bir şəhid verilmədən geri qaytarıldı. İndi  bu günün reallıqları budur: müharibə tarixdə qaldı, atıq ərazi bütövlüyü problemi yoxdur, “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil. Heç bir qüvvə problemi yenidən bərpa etmək, Azərbaycana öz iradəsini qəbul etdirmək iqtidarında deyil. Prezident xalqa müraciətində bu məqamı xüsusi vurğuladı: “Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Biz müharibəni hərbi-siyasi yollarla həll etdik, müharibə arxada qaldı, Dağlıq Qarabağ münaqişəsi də tarixdə qaldı. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”. 

Artıq beynəlxalq aləm də Azərbaycanın Qələbəsini qəbul edib. Bu gün Azərbaycan bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəfdi. Azərbaycan 44 günlük savaşla təkcə ərazi bütövlüyünü təmin etmədi. Qafqazda geosiyasi vəziyyəti də dəyişdi. Bu yerdə ukraynalı politoloq Valeri Kolyuxun bir fikrini diqqətinizə çatdıraq. Politoloq deyir: “Azərbaycan öz əraziləri üzərində, qərbdə və cənubda dövlət sərhədi üzərində nəzarəti tam bərpa edib. Bu, artıq regionda vəziyyəti tamamilə alt-üst edən və yaxın qonşularla münasibətə müsbət təsir edən mühüm faktdır. İkincisi, Ermənistan sarsıdıcı məğlubiyyətə uğrayaraq, siyasi, sosial və iqtisadi böhranla üzləşib ki, bu da Cənubi Qafqazdakı vəziyyətdə öz əksini tapıb: xarici dövlətlərin bu regiona münasibətlərinin xarakteri dəyişib, yeni maraq dairələri əmələ gəlib. Üçüncüsü, ATƏT-in Minsk qrupu, əslində, fəaliyyətsiz bir quruma çevrilib, çünki regionda status-kvo dəyişib. Dördüncüsü, Azərbaycan Cənubi Qafqazda təhlükəsizliyin dayaqlarından biri, həmçinin Avropa ilə Xəzər regionu arasında əsas iqtisadi körpü kimi əvəzedilməzliyini və mühümlüyünü vurğuladı. Beşincisi, Azərbaycanın qələbəsi həm işğaldan azad edilmiş ərazilərdə (faydalı qazıntıların hasilatı), həm də bir neçə ölkə arasında (logistika, neft və qaz kəmərləri) bir sıra iqtisadi layihələr üçün zəmin və şərait yaratdı”. 

İndi Azərbaycanın qarşısında erməni vandalları tərəfindən yerlə-yeksan edilmiş yurd yerlərinin bərpası vəzifəsi durur. Güclü iqtisadiyyata , resurslara malik ölkəmizin ən qısa zamanda şəhər və kəndlərimizi yenidən quracağı heç kimə sirr olmamaıldır. O ki qaldı ermənilərin revanş niyyətinə, hə,  Müharibə bitib və Ermənistan məğlub olub. Ordusunu bərpa etmək üçün Ermənistana 30 il vaxt lazımdır. Ermənistanın bu məğlubiyyətdən sonra ayaq üstə durması çətindi. Bu, bir reallıqdı. Və nəhayət, Prezident bu gün bir daha bildirdi: münaqişə sona çatıb və kimsə yenidən xalqımıza zərər versə, onların başı əziləcək.

# 1827
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar