“Azərbaycan artıq o ölkədir ki, öz torpağının işğalına dözməyəcəkdir. Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi, siyasi, hərbi potensialından istifadə edib, istəyinə nail olacaqdır. Azərbaycanın ərazi bütövlüyü bərpa olacaqdır. Mən buna şübhə etmirəm”.
14 il əvvəl böyük uzaqgörənliklə deyilmişdi bu sözlər.
Və o an yetişdi...
Sentyabrın 27-dən Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə azadlıq yürüşünə başlayan Müzəffər Azərbaycan ordusu noyabrın 8-də 28 illik əsarətə son qoydu. Həmin gün Cənab Prezident məhz Şəhidlər Xiyabanından bütün Azərbaycana səsləndi: “Əziz Şuşa, sən azadsan!”.
Şuşanın azad edilməsi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir. Müharibənin gedişində Prezident İlham Əliyev Şuşanın azad edilməsinə qarşı bütün təzyiqlərə mərdliklə sinə gərdi, əsl liderlik, cəsarət nümunəsi ortaya qoydu. Şuşanın işğaldan azad edilməsinin böyük qəhrəmanlıq, peşəkarlıq, milli ruh tələb edən bir hadisə idi. Bu, dünya hərb tarixinə düşəcək əməliyyatın bir mənəvi məqamı da vardı. Azərbaycan hərbçilərinin bir vaxtlar ağır məğlubiyyət yaşanmış Daşaltı kəndini azad edərək Şuşa şəhərini işğalçılardan təmizlədi. 28 ildən sonra, sonra noyabrın 8-də Şuşada Azərbaycan bayrağı qaldırıldı.
Bu hadisə Zəfər günü kimi tarixə düşdü.
Başqa bir məqam; noyabrın 7-dən 8-ə keçən gecə qəhrəman Azərbaycan ordusu, igid əsgərlərimiz, yurdumuzun könüllü olaraq cəbhəyə gedən fədakar oğulları Şuşanı tarixdə misli görünməmiş bir şəkildə - əlbəyaxa döyüşlə, tapança, avtomat, süngü ilə erməni işğalçılarından azad etdilər. Hərb tarixi belə şey görməmişdi.
Və… Və 39 ildən sonra Cənab Prezident yenidən Şuşaya getdi. 1982-ci il yanvarın 14-ü, həmin dövrdə Azərbaycan KP MK-nın 1-ci katibi olan Heydər Əliyev bir qrup mədəniyyət və incəsənət xadimi ilə Şuşada keçirilən Vaqif poeziya günlərində iştirak etmişdi. Dünən Prezidentin nümayiş etdirdi o məşhur fotonu gördünüzmü? Həmin tarixi anlarda hazırkı dövlət başçımız, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 21 yaşında idi. Atasıyla bərabər o da həmin səfərdə iştirakçı olmuşdu. Bu dəfə isə ailə üzvləriylə Şuşadaydı. Amma bu dəfə Ali baş komandan kimi.
Hə, bir də Şuşaya gələn İLK prezident kimi. O, Şuşanı azad etməklə həm bir xalqın illərlə həsrətində olduğu arzusunu, həm də bir övlad olaraq ata vəsiyyətini yerinə yetirmiş oldu. Özünün dediyi kimi, xoşbəxt adamdır ki, ata vəsiyyətini yerinə yetirdi.
***
“Biz dünən gecə Şuşada qalmağa qərar verdik, halbuki Bakıya qayıtmalı idik. Ancaq mən hesab etdim ki, mütləq gecə Şuşada qalmalıyıq. Çünki Azərbaycan Prezidenti ilk dəfədir ki, Şuşaya gəlib. Bizim müstəqilliyimizin təxminən otuz yaşı var. Ancaq bu otuz il ərzində birinci dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Şuşaya gəlib, Şuşada qalıb və sözün düzü, Şuşadan getmək istəmir”.
Prezident dedi bu sözləri. Hə, indi qayıtmaq zamanı. 28 ildən sonra şuşalılar prezidentin getdiyi yolla öz müqəddəs şəhərlərinə qayıdacaqlar. Bu səfər ermənilərə bir görk oldu, həm də. Onlar nəhayət anlamalıdılar ki, Qarabağa Böyük Qayıdış Şuşadan başlayacaq. Bu gün Prezidentin getdiyi yolla bir müddət sonra şuşalılar evlərinə gedəcək.
Paşinyanın arvadı Anna Akopyan müraciəti yadınzdadrmı? Yallı gedib “tvitt” atan Akopyanın ironiyasını. “Sizləri Qarabağa dəvət edirəm. Gözəl təbiətin qoynunda çay içə, muğama qulaq asa bilərsiniz”.
Budur, gəldik, Şuşada Cıdır düzündə çay da içirik. Sabah burda “Xarı bülbül” muğam festivalı da keçirəcəyik. Vaqif poeziya günləri də. Dirçəldəcəyik Şuşanı. Amma siz qaçdınız. Oğru kimi qaçdınız. Hətta divardan kondisionerləri belə oğurlamaq kimi rəzilliyə əl atdınız.
Prezidentin Şuşa səfərinin ən unudulmaz məqamı heç şübhəsiz 29 ildir Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimiz - Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya aparması idi. Güllələnmiş büstlərin Şuşaya, öz doğma torpağına qayıdışı həm də Qələbəmizin rəmzi idi. Bu abidələr məhz ulu öndər Heydər Əliyevin iradəsi sayəsində pulla alınıb. Və bu gün həmin büstləri öz doğma yurdlarına qaytarmaqla təkcə o dahi şəxsiyyətlərin deyil, ulu öndərin də ruhunu şad etdi!
İndi ermənilər bir reallığı da qəbul etməlidirlər; Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə heç bir xüsusi siyasi status verilməyəcək. Bu ərazidə yaşayan ermənilərin Azərbaycan hakimiyyətinə tabe olmaqdan başqa heç bir perspektivi yoxdur. Prezidenti artıq qəti və birmənalı mövqeyini ifadə edib. Yoxsa dəmir yumruq bir daha enəcək!
“Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək”.
Buna da heç kimin şübhəsi olmasın!