Sentyabrın 30-da paytaxt Sofiyada Azərbaycanın Şuşa şəhəri ilə Bolqarıstanın Veliko Tırnovo şəhəri arasında qardaşlaşma haqqında Anlaşma Memorandumu imzalanıb.
Lent.az xəbər verir ki, Memorandumu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Veliko Tırnovo şəhərinin meri Daniel Panov imzalayıblar.
Qeyd edək ki, Heydər Əliyev Fondu Bolqarıstanın mədəni-mənəvi paytaxtı olan Veliko Tırnovo şəhərində yerləşən “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına mühüm töhfə verib. Heydər Əliyev Fondu tarixi abidənin 158 metr uzunluğunda qərb divarının konservasiyasını və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, Mədəni İrs Mərkəzinin yaradılmasını, bu ərazidə yerləşən Orta əsrlərə aid üç kilsənin təmirini və konservasiyasını həyata keçirib. 2016-cı il sentyabrın 22-də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun açılış mərasimində iştirak ediblər.
Həmin gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı və Müqəddəs Kiril və Mefodiy adına Veliko Tırnovo Universitetinin fəxri doktoru diplomları təqdim olunub. Heydər Əliyev Fondunun prezidentinə “Veliko Tırnovo şəhərinin fəxri vətəndaşı” adı şəhərin mədəni irsinin qorunmasındakı xidmətlərinə görə verilib.