Ağsu rayonu, Xanbulaq kən sakini, Laçından məcburi köçkün olan Elçin Zeynalov Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktub yazıb.
Lent.az məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.
Sizi Laçın rayonunun bütün sakinləri, o cümlədən ailəmizin üzvləri adından şanlı Ordumuzun qazandığı qələbələr, doğma torpaqların yağı düşməndən azad edilməsi münasibətilə səmimi qəlbdən təbrik edirəm.
Siz eyni vaxtda iki düşmənlə - gözəgörünməz koronavirus pandemiyası və gözəgörünən ermənilərlə mübarizə apardınız. Əminəm ki, erməni işğalçıları üzərində qazandığınız parlaq qələbəni pandemiya ilə mübarizədə də qazanacaqsınız.
Siz öz şücaətinizlə, qətiyyətinizlə, iradənizlə, uzaqgörənliyinizlə və qeyrətinizlə bizim 28 illik həsrətimizə son qoydunuz və Azərbaycan xalqının Milli Qəhrəmanı oldunuz. Döyüş meydanında qazandığınız bu fəxri ad hər bir azərbaycanlının ürəyindən xəbər verir.
Siz Azərbaycan xalqının qüdrətini təkcə Ermənistana deyil, bütün dünyaya göstərdiniz. Sizin sayənizdə biz təkcə döyüş meydanında deyil, informasiya müharibəsində də qalib gəldik. Müharibə getdiyi bir vaxtda dünyanın aparıcı kanallarına mətin, əsaslı cavablarınızla haqq səsimizi çatdırdınız.
Azərbaycan xalqı bütün varlığı ilə Sizə inanır. Siz bu xalqın xilaskarısınız. Allah Sizi qorusun!
Sizin əsl qalib Sərkərdə olmağınızı tək biz yox, bütün dünya gördü. Siz öz adınızı tarix səhifələrinə qızıl hərflərlə yazdınız. Siz mənim 80 yaşlı atamın, 70 yaşlı anamın həsrətinə son qoydunuz. İnanıram ki, rayonumuzun bütün sakinləri mənim kimi doğma Laçınımızda Sizin qızıldan büstünüzü görmək istəyirlər.
Ömrümüz boyu Sizə minnətdarıq. Sizin şərəfinizə nə qədər xoş sözlər deyilsə də, nə qədər kitablar yazılsa da, yenə azdır.
Bir daha Sizi səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Dünya durduqca durasınız! Allah yar və yardımçınız olsun! Amin!”.