Haqqin.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev Milli Məclisin sədri Sahibə Qafarovanın Səfər Mehdiyevlə bağlı bəyanatına cavab verib.
Lent.az Eynulla Fətullayevin açıqlamasını təqdim edir:
“İnanmıram ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Milli Məclisin spikeri Sahibə Qafarovaya mənə verdiyi müsahibə zamanı bəzi deputatların qanunsuz biznes fəaliyyəti ilə məşğul olduğu barədə tənqidi fikirlər işlətmədiyini desin. Çünki cənab S.Mehdiyevin icazəsi ilə mən söhbətimizin audioyazısını aparmışam. Bundan əlavə, S.Mehdiyev dedi ki, bu tənqidləri üstəlik Baş nazir Əli Əsədovun iştirakı ilə Milli Məclisin iclası zamanı da səsləndirmək və deputatlara cavab vermək istəyib. Amma reqlament buna imkan verməyib. Əgər Milli Məclisin sədrinə maraqlıdırsa, mən Səfər Mehdiyevlə söhbətimizin audioyazısını ona təqdim etməyə hazıram”.
***
Saat 11:35
“Milli Məclis bütün dövlət qurumlarına hörmətlə yanaşır”.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşən Musayev deyib.
Deputat bildirib ki, Dövlət Gömrük Komitəsi də bu sıradadır: “Ola bilsin ki, Səfər Mehdiyevin son müsahibəsində bəzi anlaşmazlıqlar var. Səfər müəllim bu məsələyə aydınlıq gətirməlidir. Hörmətli sədr, xahiş edirəm aydınlıq gətirilməzsə, bu məsələ ilə bağlı təşəbbüslə çıxış edəsiniz. Deputatlar anlayışı çox böyük anlayışdır”.
Sədr Sahibə Qafarova isə qeyd edib ki, bu günlərdə bir neçə saytda Gömrük Komitəsi sədrinin müsahibəsi verilib: “Dünən Səfər Mehdiyev mənə telefon açaraq təəssüf hissi ilə bildirib ki, müsahibədə onun fikri tam ifadə olunmayıb. O, deputatları deyil, bəzi məmurları nəzərdə tutub”.