“QHT sektoru ilk böyük performansını göstərdi”- Ekspert
14 dekabr 2022 11:26 (UTC +04:00)

“QHT sektoru ilk böyük performansını göstərdi”- Ekspert

İctimai və dövlət maraqlarının müdafiəsi istiqaməti üzrə

Dekabrın ilk yarısı maraqlı bir hadisə ilə yaddaşlarda qalacaq. 2022-ci il dekabrın 3-də və 7-də İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdidirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi.

Lakin sülhməramlılar ekofəalları və QHT nümayəndələrini əraziyə buraxmaq istəməyib, bu səbəblə onlar Şuşa-Xankəndi yolunda etiraz aksiyası başladıblar. Hazırda media nümayəndələrinin də qoşulduğu aksiya davam edir.

“İctimai və dövlət maraqlarının qorunması üçün bu dəfə çox düzgün bir taktika seçilib”.

Bu fikirləri mövzuyla bağlı Lent.az-a danışan hərbi ekspert, ehtiyatda olan zabit Tərlan Eyvazov səsləndirib.

"Müharibə başa çatdıqdan sonra keçən 2 ildən çox müddətdə sülhməramlıların Azərbaycan torpaqlarında olmasına baxmayaraq, üç tərəfli bəyanatın müddəaları yerinə yetirilmədi. Məsələ bundadır ki, ermənilər də sülhməramlılardan narazılıq edir.

Biz hər xalqa nəsib olmayan bir işi bacardıq. Bütün böyük güclərin bizə qarşı olmasına baxmayaraq, torpaqlarımızı geri ala bildik. Şəraitdən asılı olaraq, (siyasət isə mümkün olanı əldə etmək sənətidir) işğal altında olan torpaqların kiçik bir hissəsini o güclərdən birinə müvəqqəti tapşırdıq. Ruslar bu müddətdə yalnız ermənipərəst mövqe tutdu, əraziyə erməniləri köçürüb, məskunlaşdırmaqla öz yerini  möhkəmləndirmək istədi. Biz uzun müdddət susduq və göz yumduq. Amma hər şeyin bir həddi və sonu olmalıdır”,- deyə ekspert bildirib.

“Necə ki, ermənilər dinc mitinqlər keçirdilər, bizim ictimaiyyət nümayəndələrimiz də eyni qaydada öz səslərini çatdırırlar. Ordumuzun müharibədən sonra azad etdiyi məntəqləri yadımıza salsaq, onu deyə bilərik ki, Xankəndinə girmək bizim üçün heç də çətin məsələ deyil. Lakin öncə məsələnin diplomatik, siyasi yollarla həllinə çalışmaq, ictimai fəalların hərəkatından, təzyiqindən istifadə etmək lazımdır. İnzibati orqanlarımızın ordakı postlarda olmasını təmin etmək lazımdır. Sülhməramlıların üstündən adlayıb keçmək bizə sərf eləmir. Bu Fransa, Amerika və Rusiyanı eyni anda üzərimizə qaldırmaq demək olardı”,- deyə Tərlan Eyvazov qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlıları yeni taktikadan istifadə edir:

“Onlar Qarabağ İqtisadi rayonunda, qızıl və filiz yataqlarının monitorinqini aparmaq üçün bölgəyə gələn Azərbaycan rəsmiləri və mütəxəssisləri ilə aqressiv erməniləri üz-üzə qoyur. Bu təkcə bizə öz ərazimizdə müstəqil hərəkətə maneə yaratmaq cəhdi deyil, həm də hərbi əməliyyatları yenidən başlatmaq cəhdi kimi qiymətləndirilə bilər”.

Tərlan Eyvazov QHT sektorunun və medianın apardığı mübarizəni yüksək qiymətləndirib:

“İndi Qarabağda dövlətin marağını QHT sektoru və milli media müdafiə edir. Bu o deməkdir ki, hər iki sektoru sağlam və milli düşüncəli güclərdən təşkil etmək, onları ayaqda sağlam saxlamaq lazımdır. Milli mediada, QHT sektorunda sağlam güclərin, kadrların ortaya çıxarılması, inkişaf etdirilməsi üçün imkanların yaradılması xalqa, dövlətə daha böyük faydalar verəcək. Bu sektorlara nəzarət milli kadrların əlində cəmlənməlidir. Biz gördük ki, yeri gələndə düşməni bax belə sakit aksiyalarla da başa salmaq olar. Amma hər şey planlı, düşünülmüş qaydada həyata keçirilməlidir.

Hesab edirəm ki, Azərbaycan bununla da Laçın koridoruna nəzarəti ələ alıb, orada artıq öz keçid məntəqəsini qurmalıdır. Bunun üçün isə əsaslar var. Birincisi o ərazilərə kənar ünsürlər azad şəkildə girib çıxır, ikincisi Azərbaycan sərvətləri qanunsuz daşınır və üçüncüsü Zəngəzur dəhlizi ilə bağlı ermənilər üzərlərinə götürdükləri öhdəliklərə iki ildən artıqdır yerinə yetirmirlər.

Media və QHT sektorunun nümayəndələri, Xankəndinin bir addımlığında sədd quraraq dövlətin ekoterrorla mübarizəsinə dəstək verir. Ölkənin QHT sektoru müstəqillik illərində ilk böyük performansını göstərdi. Vətəndaş cəmiyyətinin fəalları bizi qürurlandırdı. Bu tarixi bir məqamdır”.

 Ekspert bildirib ki, sərvətlərimizin talan edilməsinə, torpaqlarımızda ekoloji fəlakət törədilməsinə, suveren ərazilərimizdə cinayətkar dəstələrin varlığına son qoyulmalıdır:

“Rusiya sülhməramlıları Üçtərəfli Bəyanata əsasən üzərinə düşən məsuliyyəti yerinə yetirmədiyi üçün ən qısa zamanda ölkəmizdən çıxmalıdır. 

Azərbaycan ərazisində qeyri-qanuni iqtisadi fəaliyyət göstərilməsi ilə faydalı qazıntıların çıxarılmasının dayandırılmalı, sərvətlərimizin talan edilməsinin qarşısı alınmalı; bölgədə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılması təşkil edilməlidir. Beynəlxalq hüquq prizmasından baxdıqda Azərbaycan bu şərtlərin həyata keçməsi üçün haqq sahibidir”.

Yazı MEDİA-nın maliyyə dəstəyi ilə hazırlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2037
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar