Qələbəyə görə təşəkkür onun halal haqqıdır
23 dekabr 2020 12:49 (UTC +04:00)

Qələbəyə görə təşəkkür onun halal haqqıdır

26 sentyabr, 2020-ci il. Həmin zamanı və məkanı xatırlayırsınızmı. Önəmli bir gününüz olsaydı, bəlkə də hə, yadınızda qalardı.

Düzdü, sıradan bir gün idi, amma bir ipucu verim. Şənbəydi. İstirahət günü. Kiminiz evdə televizor qarşısında, kiminiz dost-tanışla məclisdə, kimi də harasa, kiməsə qonaq gedib.

Və həmin gün, həmin məkanda ağlınıza gələrdimi ki, vur-tut 42 gündən sonra, noyabrın 8-də ölkənin Ali Baş Komandanı milyonlarla Azərbaycan insanına müraciət edərək deyəcək: “Əziz Şuşa, sən azadsan”.

Yuxu kimi gələrdi, eləmi. Bax, bu yuxunu reallığa çevirdi cənab Ali Baş Komandan, İlham Əliyev.

 

Təkcə Şuşamı? Artıq Qarabağ adlı münaqişə belə yoxdu. Yoxdu, tarixin arxivinə atılıb. O tarix ki,  onu 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanla, Müzəffər Azərbaycan ordusu yazdı. Və bu yazıya daha pozu yoxdur, olmayacaq.

 

İndi isə bu fikirlərə diqqət yetirin. Azərbaycanlı deyil, heç türk qardaşlarımızdan da deyil. Əksinə, 44 günlük ədalət savaşımızda bizə qarşı az qala informasiya davası açmış bir ölkənin, Niderlandın vətəndaşıdır. Zaman-zaman  Avropa Şurası Parlament Assambleyasında yüksək vəzifələr tutub. Söhbət Niderland Senatının sabiq sədri, Avropa Şurası Parlament Assambleyasının keçmiş prezidenti Rene van der Lindendən gedir Sitat:

“İkinci Qarabağ müharibəsində qələbə həqiqətən də Azərbaycan Prezidenti İlham Əliyevin böyük uğurudur.Azərbaycan ərazilərinin Ermənistan işğalından azad edilməsi və azərbaycanlı məcburi köçkünlərin doğma evlərinə qayıtmasının təmin olunması Prezident İlham Əliyevin prioritetlərindən biri idi. İndi də Dağlıq Qarabağ çiçəklənməyə başlayacaq ki, bu da bütün regionun inkişafına təkan verəcək. Cənubi Qafqazda sülh regionun daha da inkişaf etməsini təmin edəcək, bölgədə dövlətlərarası münasibətlər daha da stabil olacaq”.

Hə, niderlandlı siyasətçi haqlıdır: Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə  böyük uğura imza atdı. Təkcə Qarabağı işğaldan qurtarmadı. Dünyanın Balkanlardan sonra ən gərgin bölgələrindən sayılan Qafqazlara sülh gəldi. Məhz bu sülh naminə 2800-ə yaxın Azərbaycan övladı canından keçdi. Əbədi sülh naminə əbədiyyətə qovuşdu. Bu savaşda Azərbaycan bir çox hegemon dövlətlərin təpgisiylə üz-üzə qaldı. Ölkə rəhbəri bütün bunlara sinə gəldi. O, təkcə ön cəbhəyə komandanlıq etmədi. Dünyanın nüfuzlu telekanallarına verdiyi onlarla müsahibədə informasiya savaşının da qalibi oldu.

İndi, 44 günlük müqəddəs savaşdan sonra günəşdən qorxan yarasalar kimi uğursuz müxalifət çamur kampaniyasına başlayıb. Az qala ordunu belə aşağılamaqdan çəkinmirlər. Sosial şəbəkədə Tofiq Yaqublunun yazdığı qərəz dolu status da bu qəbildəndir. Adam o qədər haqsız və qərəzlidir ki, o statusun altında ona cavabı da elə öz həmfikirləri verir. Sitat:

“Orduda hər şey vahid komandanlıq prinsipinə söykənir. Ordu işində İlham Əliyevin uğurları danılmazdır. Qələbəyə görə təşəkkür də onun halal haqqıdır. Onun uğurlarını xarici siyasətdə, qonşu dövlətlərlə münasibətdə də görürük. Hər şey göz önündədir, gizlədilməsi mümkün deyil. Amma müxalifət fərqli məsələlərə fərqli münasibət nümayiş etdirməyi də bacarmalıdır. Mənə görə, müxtəlif mövzuları bir-birinə qatıb hər şeyi sıfırlamaq ədalətli yanaşma deyil”.

Hə, bir ilahi ədalət var axı. Onu danmaq olmaz. O müqəddəsdir. Ordu kimi, Qarabağ kimi. Doğrudanmı bütün bunları görmək belə çətindi?

# 1446
avatar

Oxşar yazılar