Prezidentliyə namizədlər seçki marşı seçiblərmi? -  SORĞU
23 yanvar 2024 19:00 (UTC +04:00)

Prezidentliyə namizədlər seçki marşı seçiblərmi? -  SORĞU

Son günlər ölkəmizdə növbədənkənar prezident seçkiləri səbəbi ilə namizədlər tərəfindən təbliğat-təşviqat prosesi aparılır. Dünyanın bir çox ölkəsində aparılan təbliğatda çox vaxt namizədlər özləri üçün seçki mahnısı təyin edirlər. Bu nümunəyə ötən ilin may ayında qardaş Türkiyədə baş tutan prezident seçkilərində şahid olduq. Namizədlər Rəcəb Tayyıb Ərdoğanın və Kamal Kılıcdaroğlunun seçki kampaniyasında seçdikləri mahnılar onların tərəfdarların dilindən düşmürdü.

Maraqlıdır, fevralın 7-də ölkəmizdə baş tutacaq prezident seçkilərinə namizəd olan şəxslər təbliğat üçün seçki mahnıları hazırlayıb?

Lent.az bununla bağlı rəsmi təsdiq olunmuş 6 namizədə müraciət edib.

Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa bildirib ki, təbliğatda xalq üçün mahnı oxumur:

“Biz xalq üçün mahnı oxumuruq. Belə şeyləri mən qəbul etmirəm. Vətəndaşlarımız üçün hər şeyin ən yaxşısını onlara təqdim edirik”.

Böyük Azərbaycan partiyasının sədri Elşad Musayev isə mahnı seçiminin olmadığını bildirib:

“Mahnı seçimi yoxdur. Növbədənkənar seçkilər olduğu üçün zaman çox qısadır. Buna görə də seçim edə bilməmişik”.

Zahid Oruc digər namizədlərdən fərqli olaraq seçki kampaniyasında mahnı seçimi etdiklərini deyib:

“Təbliğat prosesində gənclərlə birlikdə işləyirik. Müxtəlif ideyalara malikdirlər. Xüsusilə “TikTok”, “YouTube” və digər platformalarda yerləşdirilən “short” formatlı video çarxların arxa fonunda xüsusi mahnı seçimi təklif ediblər. Hələ ki bunu həyata keçirə bilməmişik. Çünki proseslər gözlənilməz anda baş verdi və zaman qısadır.

Seçki marşı üçün ideyamız var. Ümid edirik ki, qarşıdakı günlərdə təqdim edəcəyik. Görüşlərə hazırlıq, təşkilati məsələlər, əsas hədəflərimiz bu işləri bir az ləngidir. Təqdim edilən video çarxlarımız hazır musiqilərlə yayılır. Amma öz məxsusi seçki marşımız olacaq”,

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev də zamanın çox az olduğunu vurğulayıb:

“Təəssüflər olsun ki, təbliğat-təşviqat prosesində seçki marşımız yoxdur. Bunu hazırlamaq üçün vaxtımız çox azdır. Çünki seçki növbədənkənar baş tutdu. Ona görə də seçki marşına hazırlaşa bilmədik”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev seçki kampaniyasında mahnı seçiminin olmadığını qeyd edib.

“Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək” ictimai birliyin sədri Fuad Əliyevlə əlaqə saxlamağa çalışdıq. Amma sədr Ağsuda seçicilərlə görüşdə olduğu üçün sualımızı cavablandıra bilmədi.

# 6291
avatar

Fidan İlqar

Oxşar yazılar