Sosial Tədqiqatlar Mərkəzinin (STM) “İnam İndeksi” jurnalının VI buraxılışında Azərbaycan Prezidentinin fəaliyyəti ictimai rəydə qiymətləndirilib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, “Prezident: Zəfərə davam, Zəfərə inam!” şüarı altında keçirilən təqdimatda Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov iştirak ediblər.
1162 respondentin rəyi öyrənilib. Keçirilən əvvəlki sorğuların və cari sorğunun nəticələrinin təhlili Prezident amilinin Azərbaycan cəmiyyətində, ictimai təfəkkürdə ümummilli maraqlar baxımından birləşdirici, uzlaşdırıcı əsas güc mərkəzi olduğunu göstərir. Postmüharibə dövrünün ilk ili kimi xarakterizə edilən 2021-ci il dövlət başçısının fəaliyyətində, həmişə olduğu kimi, öz dinamikliyi və aktivliyi ilə xarakterikdir. Sorğuda iştirak edən vətəndaşların Prezidentə inam etimadı 91,2% “tam etibar edirəm”, 6,9% əsasən “etibar edirəm” olmaqla yüksək səciyyələnir.
Respondentlərin əhəmiyyətli hissəsi Şuşa Bəyannaməsinin Azərbaycan və Türkiyə arasındakı münasibətləri hərbi müttəfiqlik səviyyəsinə qaldıracağını (60,4%), Türkiyə ilə birbaşa hərbi, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı yeni mərhələyə daşıyacağını (61,6%), Azərbaycan və Türkiyənin Türk dünyasının milli maraqları və türk həmrəyliyi üçün örnək rolunu oynayacağını (50,6%) düşünür.
Zəngəzur nəqliyyat dəhlizinin fəaliyyətə başlaması ilə Azərbaycanın öz eksklavı olan Naxçıvanla və qardaş ölkə Türkiyə ilə əlaqələrinin güclənəcəyinə (74%), Türk dünyasında birliyin güclənməsinə xidmət edəcəyinə (54,7%), Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinə çıxışını (53,5%), Türkiyə və Azərbaycanın Türk dünyasına birbaşa çıxışını təmin edəcəyinə (34,8%) əminlik ifadə olunub.
Respondentlər Füzulidə ilk dəfə beynəlxalq hava limanının açılmasını, Zəngilan və Laçında hava limanlarının inşasının planlaşdırılmasını Azərbaycanın turizm sektorunun inkişafına müsbət təsir (75,9%), regionun iqtisadi inkişafına töhfə (57,3%), Qarabağa səfərlərin vaxt baxımından qısalması (52,7%), məşğulluğa əlavə dəstək kimi (25,5%) şərh edib.
Sorğu nəticələrinə görə Prezident Qələbənin memarı kimi qlobal platformalarda intensiv çıxışları ilə Zəfər tariximizi uğurla beynəlxalq aləmə tanıdır (93,6%), Zəfərin tarixiləşdirilməsində vətəndaş iştirakçılığını və ümummilli həmrəyliyi stimullaşdırır (85,7%), Azərbaycanın informasiya siyasətində üstünlüyünü təmin edir və bu yöndə fəaliyyətə dair yeni imkanlar açır (85,7%), milli maraqlarımıza zidd cəhdlərə və xarici təsirlərə qarşı müqaviməti gücləndirir (81,9%), qalibiyyəti milli birliyin və uğurlu siyasətin təminatında əsas resursa çevirməyin vacibliyini şərtləndirir (79,8%).
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan torpaqları işğaldan azad edilib: “Azərbaycan ötən dövrdə qələbəsinin legitimləşməsinə nail olub. Postmüharibə dövrünün ilk ili kimi xarakterizə edilən 2021-ci il dövlət başçısının fəaliyyətində, həmişə olduğu kimi, öz dinamikliyi və aktivliyi ilə xarakterikdir. Təkcə ilin əvvəlindən dekabr ayına qədər olan dövrdə dövlət başçısı tərəfindən ictimaiyyətə açıq məlumatlara əsasən, beynəlxalq və yerli səviyyəli 60-dan çox görüş və səfər, 40-dan çox müşavirə, müsahibə və mətbuat konfransı səviyyəli tədbirlərdə çıxış, 100-dən artıq qəbul, xarici ölkə rəhbərləri və rəsmiləri ilə 40-dan artıq telefon danışığı, əsas hissəsi işğaldan azad olunan əraziləri əhatə etməklə 120-dən çox təməlqoyma və açılış mərasimi həyata keçirilib. Sorğuda iştirak edən vətəndaşların Prezidentə inam etimadı 91,2% tam etibar edirəm, 6,9% əsasən etibar edirəm olmaqla yüksək səciyyələnir (əks mövqedən yanaşan respondentlər cəmi 0,8%, mövqe bildirməkdə çətinlik çəkənlər 0,3% təşkil edir). Eləcə də Birinci vitse-prezidentə inam və etimad olduqca yüksəkdir (84,9% tam etibar edirəm, 10,1% əsasən etibar edirəm, 1,4% əsasən etibar etmir, 2,6% heç etibar etmir, 1,1% rəy bildirməkdə çətinlik çəkir). Respondentlərin mütləq əksəriyyəti mənsub olduğu yaş qrupundan, təhsil və gəlir səviyyəsindən, yaşadığı ərazidən asılı olmayaraq Prezidentə və Birinci vitse-prezidentə inam və etimadını yüksək ifadə edir”.