Prezidentdən regionun gələcəyi ilə bağlı önəmli mesaj: “Qafqaz Evi”
24 may 2021 18:15 (UTC +04:00)

Prezidentdən regionun gələcəyi ilə bağlı önəmli mesaj: “Qafqaz Evi”

Prezident regionun gələcəyi ilə bağlı bir daha önəmli və  dəqiq mesajlar verdi. Dövlətimizin başçısı münaqişə Azərbaycanın Ermənistanla sülh razılaşması üzərində işə başlamağa hazır olması, istənilən potensial hərbi qarşıdurma riskinin minimuma endirilməsi, sülh razılaşmasına ehtiyac olduğunu bir daha bəyan etdi. Bu gün elə bir situasiya yaranıb ki, sülh müqaviləsi və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması çoxillik münaqişəyə birdəfəlik son qoyulması, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, iqtisadi cəhətdən ciddi problemlərlə üz-üzə olan Ermənistanın iqtisadi dirçəlişi, ölkələr arasında siyasi, iqtisadi, humanitar  əlaqələrin qurulması və inkişafı, son nəticədə isə Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, əməkdaşlıq mühitinin formalaşması və Ümumqafqaz ideyasının reallaşmasını şərtləndirə bilər.

Heç kimə sirr deyil ki, Ermənistanın işğalçı siyasəti və Azərbaycan ərazilərinin 20 faizni işğal etməsi səbəbindən 30 il ərzində iki ölkə arasında sərhədlərin delimitasiyası mümkün olmayıb. İşğal faktının aradan qaldırılmasından sonra sərhədlərin delimitasiyası istiqamətində tədbirlərə başlanmasını zəruri edir. Dünya təcrübəsi göstərir ki, müharibələr bitdikdən sonra sülh müqaviləsi bağlanılır və münaqişə tərəfləri arasında sərhədlərin dəqiqləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilər. Delimitasiya sülh müqaviləsinin və ya dövlət sərhədinin müəyyən edilməsi və ya dəyişdirilməsi ilə bağlı xüsusi razılaşmanın  tərkib hissəsidir. Ermənistanla Azərbaycan arasında münaqişə nümunəsində delimitasiya sülh müqaviləsinin tərkib hissəsi kimi həyata keçirilə bilər.

Bir reallıq da ondan ibarətdi ki,  BMT, ATƏT və digər beynəlxalq təşkilatlar, ayrı-ayrı maraqlı ölkələr Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyasına öz dəstəklərini verməlidirlər. Hazırda bölgənin bərpası, orada həyatın öz axarına qayıtması və ümumilikdə Ermənistanla Azərbaycan arasında, Cənubi Qafqazda vəziyyətin sabitləşməsi onların fəaliyyətinin əsas proiriteti olmalıdır.

Politoloq Şəbnəm Həsənovanın fikrincə, ölkə başçımız bir daha diqqətə çatdırdı ki, münaqişə geridə qalıb və bundan sonra gələcəyə fokuslanmaq lazımdır: “Belə ki, Ermənistanın düçar olduğu hal-hazırkı vəziyyət müharibədən daha da ağırdır. İllərlə işğal siyasətinə görə Ermənistan regionda olan enerji və daşımaların inkişafı təşəbbüslərindən, fəal əməkdaşlıqdan və inteqrasiyadan məhrum oldu. İndi isə yeni reallıq formalaşıb, Ermənistan bu reallıqlara uyğun davransa o zaman ağır vəziyyətdən çıxa bilər. Eyni zamanda, Cənab Prezident bir daha gələcəklə bağlı dəqiq mesajlar verdi və bildirdi ki, 30 illik işğala, azad olunmuş ərazilərdə kütləvi dağıntılara baxmayaraq Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Bütün bunlar isə kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılmasına bağlıdır. Bunun üçün də 10 noyabr 2020 tarixli hüquqi baza da mövcuddur”.

Məlumdur ki, Azərbaycan layihələrin həyata keçirilməsi ilə bağlı işlərə da artıq start verib və bu istiqamətdə texniki və maliyyə imkanları da səfərbər edilib. Belə ki, Zəngəzur dəhlizinin açılması sadəcə Ermənistan və Azərbaycan üçün deyil, bütövlükdə bütün region ölkələri üçün yeni imkanlar yaradacaq. Ş.Həsənova vurğulayıb ki, nəticə etibarilə, cənab Prezident bir daha bildirdi ki, Azərbaycan əməkdaşlığa və regionun vahid gələcəyinin planlaşdırılmasına açıqdır: “Ermənistan dövlətinin 30 illik işğalına, ərazilərimizin, mədəni və dini abidələrimizin yerlə yeksa edilməsinə və bütün bunların haqlı olaraq insanlarımızda dərin psixoloji sarsıntı yaratmasına baxmayaraq birgə yaşamanı öyrənmək lazımdır”.

Yeri gəlmişkən Prezident bir məqamı da xüsusi vurğulayıb. Sitat: “Bu günə qədər Azərbaycanın Gürcüstanla əlaqələri vardır, Ermənistanın da Gürcüstan ilə münasibətləri var, lakin Azərbaycan ilə Ermənistan arasında hər hansı bir təmas və ya əməkdaşlıq yox idi. Bəlkə də artıq üçtərəfli əməkdaşlığın mümkün olub-olmamasına baxmağın vaxtı çatıb”.

İndi  Ermənistan da Cənubi Qafqazın ümumi gələcəyi naminə onun planlaşdırılması prosesinə qoşulmalıdır. Ermənistan siyasətçiləri öz xalqlarına xoşbəxt gələcəyin regionda dayanıqlı inkişafın, sülhün və təhlükəsizliyin təmin edilməsindən keçdiyini izah etməlidirlər.

İndi Cənubi Qafqazda inkişaf Ermənistanın siyasi iradəsi və gündəliyindən asılıdır. Bu gün Cənubi Qafqazda Azərbaycanla Gürcüstan arasında çox səmərəli əməkdaşlıq formatı mövcuddur.  Ermənistan bu əməkdaşlıq formatına qoşularaq iqtisadi sahənin inkişafı üçün ciddi imkanlar əldə edə bilər.

Dövlət başçısı İlham Əliyev hələ Vətən müharibəsinin davam etdiyi günlərdə xarici mediaya verdiyi müsahibələrdə “regionda yeni situasiya yarandığını” xüsusi qeyd edirdi. İlham Əliyev dekabrın 1-də xalqa müraciətində xüsusilə Ermənistana ünvanlı çağırışları analitiklərə yeni situasiyanın adını tapmağa imkan verdi: “Qafqaz Evi...” Prezident məhz həmin müraciətində regionun enerji təhlükəsizliyi, iqtisadi inkişaf xəritəsini yenilədi, Ermənistanı “getmiş olsa da, qatara minməyə” çağırdı.

Və bu, Ermənistan üçün bir şansdı...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2706
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar