Politoloq: Azərbaycan Qərb və Şərqi birləşdirən siyasi güc, Türk dünyasının əsas lokomotividir
15 noyabr 2022 17:21 (UTC +04:00)

Politoloq: Azərbaycan Qərb və Şərqi birləşdirən siyasi güc, Türk dünyasının əsas lokomotividir

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi istiqaməti üzrə

“Azərbaycan siyasi güc olaraq mövqelərini möhkəmləndirib. Bu gün dövlətimiz beynəlxalq siyasətin əsas oyunçusudur. Azərbaycan dünyada baş verən proseslərdə əsas nizamlayıcı qüvvələrdən biridir. Cənab Prezidentin həyata keçirdiyi uğurlu siyasi kurs və ölkədə davamlı xarakter alan islahatlar nəticəsində Azərbaycan adı hadisələrə yön verən əsas faktordur”. 

Bu fikirləri Lent.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov səsləndirib.


Onun sözlərinə görə, 44 günlük Vətən Müharibəsindəki qələbəmizdən sonra Azərbaycan təkcə Avrasiya məkanı üçün deyil bütün materiklər üçün tədqiq edilən areala çevrilib.
“Hazırkı dünya düzənində Azərbaycanın birmənalı yeri mövcuddur. Azərbaycan Prezidentinin qalib lider xüsusiyyətləri, siyasi gedişləri beynəlxalq münasibətlər sistemində tədris edilən əsas nüanslardan birini təşkil edir. Prezident İlham Əliyev dünyanın ən vacib siyasi institutları və beyin mərkəzləri tərəfindən qlobal nizama müsbət töhfələr verən rəhbər kimi xarakterizə olunur. Azərbaycan beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Dünyanın bütün coğrafiyalarını əhatə edən Qoşulmama Hərəkatı kimi vacib bir təşkilatı Azərbaycan daha da inkişaf etdirdi. Pandemiyanın ən kəskin dövründə Cənab Prezidentin səyləri nəticəsində bəşəri ədalətsizliyə son qoyuldu. İlham Əliyevin “vaksin milləytçiliyi”nə qarşı apardığı mübarizə, bu həssas mövzunu BMT və Qoşulmama Hərəkatında daim aktual saxlamağı problem kökündən həll etdi”,- deyə ekspert qeyd edib.

Tural İsmayılov bildirib ki, Azərbaycan qalib ölkə kimi bu gün Türk dünyasını birləşdirən lokomotiv güc nöqtəsidir:
“Türk dünyası uzun illər qlobal imperializmin qorxduğu bir istinad nöqtəsi hesab edilib. Əsrlər boyu bu böyük qüvvəni sabotaj etmək istəyən dünya türk birliyini əsassız formada təhdid kimi görübdür. 

Politoloqun fikirlərinə görə, türkdilli xalqların inteqrasiyası ulu öndər Heydər Əliyevin daim diqqətdə saxladığı mövzu olub: “Ulu öndər vurğulayırdı ki, türkdilli xalqların müstəqil dövlətləri olduğuna və əlimizdə böyük imkanlar yarandığına görə, bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik. Ulu öndər Heydər Əliyev 1994-cü ilin 18 oktyabrında türk dövlət başçılarının İstanbul sammitində Türk Birliyi məfhumunun vacibliyini çox dəqiq izah etmişdi. O bildirmişdi ki, ötən müddətdə Azərbaycan tərəfinin buraxdığı səhvlər nəticəsində Azərbaycanın Qazaxıstanla, Özbəkistanla, Türkmənistanla, Qırğızıstanla əlaqələri çox zəif olub. Eyni zamanda Azərbaycanın bu əlaqələrin gücləndirilməsinə çalışdığını və çalışacağını söyləmişdi. Heydər Əliyevin bu etirafı onun siyasi lider kimi böyüklüyünün nümayişi idi.

"Azərbaycan Prezidenti bu təmkinli siyasəti sonrakı müddətdə türk dövlət başçıları ilə keçirdiyi bütün görüşlərdə nümayiş etdirmiş, ortaya çıxan müəyyən anlaşmazlıqları səbirlə aradan qaldıraraq qarşılıqlı münasibətlər üçün müsbət zəmin yaradılmasına çalışıb. O, türk dövlət başçılarının 1994-2001-ci illərdə keçirilmiş 6 sammitinin hamısında iştirak edərək formatın gələcək inkişaf meyarlarına danılmaz təsir göstərib.

Heydər Əliyev kursunu davam etdirən İlham Əliyev öz fəaliyyəti dövründə bütün siyasi mərkəzlərə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu göstərdi. Qarabağın azad edilməsinə görə ötən il Prezident İlham Əliyev İstanbulda ordenlə təltif edildi. Bu, türk dünyasının Azərbaycan Prezidentinin fəaliyyətinə verdiyi qiymətdir”,- deyə Tural İsmayılov vurğulayıb.

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov mövzu ilə bağlı Lent.az-a verdiyi açıqlamada bildirib ki, Azərbaycan region dövlətləri ilə iqtisadi faydaya əsaslanan münasibətləri genişləndirir. “II Qarabağ müharibəsindən sonra regional güclü aktorlarla bir sıra mühüm sənədlər imzaladı. İlk növbədə qardaş Türkiyə ilə Şuşa Bəyannaməsi imzalandı və münasibətlərimiz yeni müstəviyə çıxarıldı. Digər tərəfdən Rusiya ilə bir-birinin daxili işlərinə qarışmamaq, sərhədlərin toxunulmazlığını ehtiva edən Müttəfiqlik Bəyannaməsi imzalandı. Cənub qonşumuz İranla Anlaşma Memorandumunun imzalanması ilə Azərbaycan öz ətrafındakı güclü geosiyasi aktorlarla ortaq fikir yaratdı, maraqları uyğunlaşdırdı və təhlükəsizlik həlqəsi yaratmağa nail oldu. Hazırda bir sıra problemlər, götürülən öhdəliklərdən yayınma müşahidə olunsa da, Azərbaycan Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının gücləndirilməsi yönündə addımlar atır. Azərbaycanın son illər xarici siyasətində ən gözəçarpan tendensiya türk dövlətləri birliyinin möhkəmlənməsinə nail olmaqdır. Və Azərbaycan bu işdə ən fəal və aparıcı rola malikdir. Bütün dünyada qalib Azərbaycana münasibət dəyişib. Azərbaycan liderinin artan nüfuzu göz önündədir. Ölkəmiz Şərqlə Qərb arasında mühüm geostrateji mövqeyini iqtisadi dividentlərə çevirir. Bu ölkəmizin gələcək perspektivlərini müəyyənləşdirən vacib amildir”, - deyə İlyas Hüseynov qeyd edir.

Politoloq Əziz Əlibəylinin fikrinə görə, 2000-ci ildən etibarən Azərbaycanın xarici siyasəti fərqli yöndə irəliləyir. O Lent.az-a bildirib ki, yeni minilliyin əvvəllərindən xarici siyasətimizdə regionlaşma xəttinə xüsusi diqqət ayırmağa başlanıldı və biz regionda xüsusi çəkisi olan dövlətə çevrildik. 

“Beynəlxalq birlik indi parçalanma dönəminə qədəm qoyur. Beynəlxalq güclər özləri beynəlxalq hüququ pozdular, bir çox siyasi rıçaqlar işləməməyə başladı və  onlar öz aralarında hesablaşmağa başladılar. Bu mənada yeni güc mərkəzlərinin yaranmasına start verildi. Bu prosesdə kiçik dövlətlərin ayaqda qalması heç də asan deyil və böyük diplomatik gedişlər tələb edir. Məhz bu prosesdə Prezident İlham Əliyevin güclü diplomatik addımlarının şahidi olduq. Müharibədən sonra qalib gələn Azərbaycanın türk dövlətləri üzərində ciddi təsir imkanları yarandı. Türkiyə ilə birlikdə Zəngəzur dəhlizi ideyası üzə çıxdı. Çindən Britaniyaya uzanan yolun Zəngəzurdan keçməsi ideyası önə çəkildi. Zəngəzur dəhlizi mühüm və önəmli həlqə olacaq. Bu gün dünya iqtisadiyyatında nəfəslik, şah damar rolunu oynayacaq bir dəhliz məhz Azərbaycandan, qədim torpaqlarımız olan Zəngəzurdan keçib Türkiyəyə keçməlidir. Yeni şəraitdə Azərbaycan türk dövlətləri birliyi ideyasının mühüm tərəfdaşı olaraq meydana çıxıb. Bizim artıq öz prosesimiz, öz qlobal mərkəzlərimiz var”,- deyə ekspert vurğulayıb.

Bu gün biz, bütün türk dünyası reallaşan xəyalları, arzuları görürük. Çox tezliklə dünya tamam başqa cür görünəcək. Yeni dünyada Azərbaycan da əhəmiyyətli rol oynayacaq.


Yazı MEDİA-nın maliyyə yardımı ilə hazırlanıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2154
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar