Dekabrın 15-i Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirildi. Konstruktiv keçən görüşdə bir sıra önəmli məsələlər müzakirə olunub. Görüşdə Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəlidilər.
Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlindi.
Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yaydı. Bəyanatda Azərbaycanın haqlı mövqeyi tam dəstəkləndi.
“Biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 14-də Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı zamanı bildirdi.
“Zəngəzur dəhlizi ilə bağlı demək istərdim ki, regionda bu kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli bəyannamədə öz əksini tapıb. Beləliklə, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Baxmayaraq ki, bir ildən çox vaxt ərzində irəliləmək asan olmayıb, bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzusudur və biz bunu bu axşam cənab Şarl Mişelin ev sahibliyi edəcəyi üçtərəfli görüşdə mütləq müzakirə edəcəyik”.
Brüsseldə keçirilən üçtərəfli görüşü şərh edən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, bu Azərbaycanın siyasi nailiyyətidir. Növbəti dəfə mötəbər tədbirdə Azərbaycanın mövqeyi səsləndirildi və qərbdə olan partnyorlara Azərbaycan öz mövqeyini çatdırdı.
"Hər kəs gördü ki, Azərbaycanın istədiyi postkonfilikt gündəmi artıq hamı tərəfindən qəbul olunub. Avropanın ən nüfuzlu təşkilatı olan Avropa İttifaqı da bu məsələlərdə Azərbaycanla eyni mövqedədir."
T.Zülfüqarov vurğulayıb ki, indi aktual mövzu regiona lazım olan kömək, bərpa işləri barəsində Avropa İttifaqının bəyanatlar verməsidir. “Hesab edirəm ki, bu əsas nəticələrdən biridir. Çoxdan aktual olan məsələ qismən də olsa, öz həllini tapıb. Müharibədən sonra biz Avropa tərəfindən ciddi yardımları görməmişik. Azərbaycan öz hesabına bu məsələləri həll edirdi. Bu baxımdan hansısa layihələrin gələcəkdə Avropa İttifaqı tərəfindən maliyyələşəcəyi çox müsbət bir iş olacaq", - deyə T. Zülfüqarov qeyd edib.
“Aİ Şurasının Prezidenti Şarl Mişel Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış etdi. Məhz bu çağırış Azərbaycanın mövqeyinin bir daha təsdiq olunması deməkdir”. Bunu isə politoloq Şəbnəm Həsənova bildirib. Onun dediyinə görə, bir digər xüsusi amil və tarixi məsələ odur ki, Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilir. Aİ açıq şəkildə Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstəyini bildirir. “Azərbaycanın istəyi odur ki, 2020-ci il noyabrın 10-da, 2021-ci il yanvarın 11-də və noyabrın 26-da keçirilən görüşləri və imzalanan bəyanatlardan irəli gələn öhdəliklər yerinə yetirilsin. Avropa İttifaqının da bu amilə çağırış etməsi göstərir ki, Aİ ilə Azərbaycanın mövqeyi üst-üstə düşür”.
Politoloqun fikrincə, Aİ-nin Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi reabilitasiya və rekonstruksiya işlərinə dəstək verəcəyini ifadə etməsi də olduqca mühüm məsələdir. Çünki indiyə qədər Azərbaycan bütün işləri öz resursları hesabına görüb. “Eyni zamanda, qurum sərhədlərin demarkasiyası və delimitasiyası məsələsini məşvərətçi statusda dəstəkləyəcək. Deməli, Ermənistana hərtərəfli təzyiq mövcuddur ki, digər məsələlər üçün açar qismində çıxış edən demarkasiyası və delimitasiyası məsələsi vaxt itirilmədən həll olunsun”.
Ş.Həsənova bildirib ki, nəqliyyat və kommunikasiyaların açılması Ermənistanın üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlikdir. Ermənistana bu öhdəlik Brüsseldə də xatırladıldı və orada da məcbur edildi ki, Zəngəzur dəhlizi açılsın. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Ermənistan dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Aİ regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına dəstəyini ifadə edib. Diqqət çəkən məqam ondan ibarətdir ki, Aİ hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyini bildirir. Kommunikasiyaların açılması ilə bağlı NATO-nun Baş katibi Yens Stoltenberqlə keçirilən birgə mətbuat konfransından danışan politoloq deyib: “Prezident İlham Əliyev açıq şəkildə dedi ki, əgər Ermənistan Zəngəzur dəhlizində gömrük postu qurmaq istəsə, Laçın yolunda da eyni addım atılacaq. Düşünürəm ki, bu, çox yerində vurğulanmış bir məsələdir. Azərbaycan bu işdə prinsipialdır. Görünən odur, Nikol Paşinyana aydın şəkildə başa saldılar ki, mövcud reallığa utopik yanaşma sərgiləməsin, daha real və soyuq başla baxsın, Zəngəzur dəhlizində gömrük postu qurmaq xəyallarından əl çəksin”.
Bütün bunlar Azərbaycanın haqlı mövqeyini bir daha təsdiqləyir. Bu, Azərbaycan Prezidentinin növbəti qələbəsidir.
Və sonda bir maraqlı məqama da diqqət yetirək: Yayılan bəyanatın heç bir yerində ATƏT-in Minsk Qrupunun adı çəkilmir. Təkcə bu detal sizə heç nə demir?