Milli Məclis Fransa Senatının qətnaməsi ilə bağlı bəyanat müzakirəyə çıxarılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, Bəyanatı Ramin Məmmədov oxuyub.
Bəyanatda deyilir:
- Fransa Senatının hər iki palatasında qəbul edilən sənədlər Azərbaycan və Fransa arasında münasibətləri, o cümlədən 1993-cü ildə Fransa və Azərbaycan arasında imzalanan müqavilənin bəndlərini pozur. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə hörmət edilməlidir. Erməni qruplarının Azərbaycanın Fransadakı səfirliyinə qarşı faşist əməllərinin qarşısının alınmaması Fransanın Ermənistanı müdafiə etdiyini göstərir. 30 ildir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsinin səbəblərindən biri də Fransanın Ermənistanı müdafiə edərək, status-kvonu saxlamaq cəhdləri olub. Azərbaycanın guya Ermənistana qarşı hücumunun BMT Təhlükəsizlik Şurası tərəfindən qınandığını ifadə edən Fransa deputatları BMT Təhlükəsizlik Şurasında keçirilən iclasda əksər dövlətlərin iki dövlət arasında sərhədlərin delimistasiyasının həyata keçirilməsi ilə bağlı çağırışlarını görməzdən gəlir. Senat Fransanın BMT Təhlükəsizlik Şurasının üzvlüyündən öz çirkin əməlləri üçün istifadə etdiyini sübut edir. Qətnamədə Laçın dəhlizi ilə bağlı bənd bu qətnamə müəlliflərinin yerdəki vəziyyətdən nə qədər bixəbər olduğunu göstərir. Fransanın bu addımı Cənubi Qafqazda iki ölkə arasında bütün münasibətlərə zərbə vurur.
Fransaya törətdiyi bəzi həqiqətləri xatırladırıq. Fransanın törətdiyi müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Fransa tərəfindən törədilmiş soyqırım cinayətləri Fransa tarixində silinməsi mümkün olmayan qara ləkədir. Eyni zamanda Fransa işğal etdiyi Əlcəzair ərazisində 1,5 milyon mina basdırıb. Ermənistan da işğal etdiyi Azərbaycan torpaqlarında 1 milyondan artıq mina basdırıb. Əlcəzairin işğalı dövründə 1 milyondan çox insan fransızlar tərəfindən qətlə yetirildiyindən bu ölkə "şəhid ölkə" adlanır. Əlcəzair adlı dövlətin mövcud olmasını inkar edən Fransa bu ölkəni özünün bir hissəsi kimi qəbul edir.
Fransa məqsədli şəkildə Əlcəzairdə qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Eyni şəkildə Ermənistan da işğal etdiyi Azərbaycan torpaqlarında bunu edib. Tarixə elm adamlarının soyqırımı kimi həkk olunan hadisəni də fransızlar təşkil edib. Çadda 400-ə yaxın müsəlman elm adamlarının hamısını Fransa güllələyib. 1994-cü ildə Fransa Ruandada təhlükəsiz zona yaratmaq adı ilə Tutsi qəbiləsinin 800 mindən çox üzvü öldürülüb. Qətliamda Fransa məsuliyyət daşıyıb.
Fransanın himayə etdiyi erməni terrorçular müttəfiqi olduğu Ermənistanda qəhrəman kimi qəbul edilib və sonradan Azərbaycanda qarşı terror aktları törədiblər. Fransa parlamentarilərini ilk öncə öz ölkəsini müstəmləkəçilik siyasətindən çəkindirməyə çağırırıq. Fransanı törətdiyi insanlığa qarşı cinayətləri tanımağa, Fransanı təbii sərvətlərini taladığı ölkələrə kompensasiya ödəməyə, Fransanı cinayət törətdiyi ölkələrdən üzr istəməyə çağırırıq.
Milli Məclis Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq Azərbaycan hökumətinə aşağıdakı tədbirlərin görülməsi ilə bağlı çağırış edir:
- Fransa hökuməti tərəfindən birtərəflik təminatı verilməyən qədər, onun Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar təşəbbüs və fəaliyyətlərdə iştirakına cəlb edilməsinə imkan verilməməsi, bu məsələlərlə bağlı Fransa rəsmiləri ilə hər hansı müzakirənin aparılmaması.
- Fransa rəsmilərinin Azərbaycanda hər hansı aktivləri aşkar edildiyi təqdirdə, onların dondurullması.
- Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişləri həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi,
- Fransa şirkətlərinin enerji sektorunda Azərbaycan tərəfi ilə əməkdaşlığına yenidən baxılması,
- Azərbaycanla Fransa arasında mövcud olan siyasi, iqtisadi münasibətlərə yenidən baxılması,
- Qoşulmama Hərəkatının sədri kimi Fransanın müstəmləkəçilik siyasi, insanlıq əleyhinə cinayətlərin və hərbi cinayətlərin beynəlxalq təşkilat çərçivəsində qaldırılması.
- İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Fransanın islamafobiya siyasətinin məsələsinin gündəliyə çıxarılması.
- Türk dövlətləri təşkilatları çərçivəsində Fransanın türkəfobiya siyasətinin gündəliyə çıxarılması.
Müzakirələrdən sonra Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.
***
Saat: 15:31
Milli Məclisdə Fransa Senatının qətnaməsi ilə bağlı bəyanatla əlaqədar komissiya yaradılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, komissiya spiker Sahibə Qafarovanın təklifi ilə yaradılıb.
Komissiyanın sədri Səməd Seyidov, Komissiyanın üzvləri Zahid Oruc, Asim Mollazadə, Sədaqət Vəliyeva, Ramin Məmmədov və Sabir Hacıyev olublar.
***
Saat: 11:23
“Təklif edirəm ki, İşçi qrup yaradılsın və Milli Məclis adından Fransaya siyasi cavabımızı verək”.
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Fransa Senatının Azərbaycanla bağlı qətnaməsi ilə bağlı çıxış edən deputat Vahid Əhmədov deyib.
Deputat təklif edib ki, iclasın sonuna qədər bəyanatın mətni hazırlansın”.
Sədr Sahibə Qafarova təklifə görə təşəkkür edib və bildirib ki, sabahkı iclasda bu məsələyə baxarıq.