“İran hakimiyyətini Ermənistanla təkcə Azərbaycan əleyhinə fəaliyyət birləşdirmir. Uşaq qatilliyi, zorakılıq kimi ortaq xüsusiyyətləri də var”.
Bu sözləri Lent.az-a Milli Məclisin deputatı Aydın Hüseynov İranda azərbaycanlıların və ermənilərin hüquq və azadlıqlarına olan münasibət də rəsmi Tehranın ikiüzlü siyasət yürütməsi barədə danışarkən deyib.
Onun sözlərinə görə, İran hakimiyyətinin Ermənistan sevgisi heç kimə sirr deyil:
“Birinci Qarabağ müharibəsi, Vətən müharibəsi və nəhayət post münaqişə dövründə bununla bağlı çoxlu sayda nümunələr var. Hər iki müharibə dövründə Ermənistana mütəmadi hərbi və iqtisadi yardımlar, bu ölkəni dəstəkləyən açıq siyasi bəyanatlar, və s. Görünən odur ki, İranın erməni sevgisi, onun Azərbaycana əleyhinə sistemli fəaliyyəti ilə paralel inkişaf edir. Azərbaycanın qələbəsini və güclənməsini həzm edə bilməyən İran Ermənistana hərtərəfli dəstəyini artırır. Qafanda konsulluq açan İranın xarici işlər naziri Abdullahianın “Qafanlılara demək istəyirəm ki, narahat olmasınlar, biz erməni xalqı üçün buradayıq” sözləri, ticarət dövriyyəsinin artırılması vədləri göstərir ki, Ermənistanın düşdüyü vəziyyət İranın iştahasını qabardıb. İran Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi vəziyyətdə özünə yer etmək istəyir. İşğalçı siyasətinin bədəlini ağır şəkildə ödəyən Ermənistan isə “dənizdə boğulan ilana sarılar” məsəlində olduğu kimi İrana meydan verir. İran isə, buna Azərbaycanı hədəf alaraq nail olmaq istəyir”.
Deputat qeyd edir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrdə bir dəfə də olsun Araz çayı ətrafında hərbi təlim keçirməyən İran indi bunu ənənəyə çevirib:
“Müxtəlif səviyyəli rəsmilər də açıqlamalarında bu təlimlərin Azərbaycana qarşı olduğunu gizlətmirlər. Maraqlısı budur ki, İran daxilindəki gərginliklərin səbəbini də Arazın bu tayında axtarır. Uşaqları, qızları qətlə yetirməklə daxildəki etirazların qarşısını ala bilməyən İran hakimiyyətinə indi bütün bunların “günahkarı” olan xarici bir “düşmən” də lazımdır.
Görünən odur ki, İran hakimiyyətini Ermənistanla təkcə Azərbaycanın güclənməsini həzm etməmək birləşdirmir. Uşaq qatilliyi, zorakılıq kimi ortaq xüsusiyyətləri də var”.