25 avqust tarixində saat 15:45 radələrində Gorus-Qafan yolunun Qubadlı rayonunun Aşağı Cibikli kəndi yaxınlığından keçən hissəsi istiqamətində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının sərhəd-döyüş məntəqəsinin ərazisində xidmətdə olan əsgər Şirəliyev Ruslan Nəriman oğlu Ermənistan Silahlı Qüvvələrinin 2 hərbi qulluqçusunun qəfil hücumuna məruz qalıb, əlbəyaxa döyüş zamanı sinə nahiyəsindən süngü bıçaqla xəsarət alıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, digər sərhəd naryadlarının köməyə gəldiyini görən Ermənistan hərbçiləri ərazinin sıx meşəlik olmasından istifadə edərək geri qaçıblar.
Əsgər R.Şirəliyev təcili olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hospitalına təxliyə edilib, hazırda həyatı üçün təhlükə yoxdur.
Baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür və bu təxribata adekvat cavab veriləcəkdir.