Hər qarışı cənnət Laçın -  REPORTAJ  -  FOTOLENT
05 yanvar 2021 13:36 (UTC +04:00)

Hər qarışı cənnət Laçın - REPORTAJ - FOTOLENT

Əvvəli burda: Bir həsrətin sonu: 28 il sonra eyni yolla Laçına dönüş - REPORTAJ

APA-nın əməkdaşlarının Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad etdiyi ərazilərə səfərləri davam edir. Əməkdaşlarımız həmin ərazilərindən “Zəfərin izi ilə” layihəsində silsilə reportajlar hazırlayır. Bu silsilədən Laçın rayonundan növbəti reportajı təqdim edirik:

Bir ailə kimi...

 

Laçın rayonunun Ermənistanla dövlət sərhədində keşik çəkən igid, qəhrəman vətən oğullarının qonağıyıq. Alnımızdakı ləkə məhz bu igidlərin hesabına silinib, sinəmizdə düyünlənən 30 illik həsrət məhz Vətən müharibəsində canı bahasına zəfər qazanan şəhidlərimiz sayəsində sona çatıb.

Laçının Qarıqışlaq kəndində bizim üçün hazırlanmış otaqda gecələyəcəyik. Otağın qapı-pəncərəsini ermənilər söküb aparıb. Hərbçilərimiz pəncərəyə “klyonka” və taxta parçaları vurub, soyuğun qarşısını almağı bacarıb.

Qayıdıb çölə çıxıram. Bayırda mənfi 7-8 dərəcə şaxta var. Hərbçilərin söhbətindən doymaq olmur. Vətən müharibəsində itirdikləri şəhid dostlarının qəhrəmanlığından, ermənilərin postları qoyub, arxalarına baxmadan qaçmağından - hər şeydən danışırlar. Gülüş, qəhqəhə səsləri Laçın dağlarında əks-səda verir. Hərbi hissənin komandiri də hərdən gəlib söhbətə qoşulur. Əslində, bura hərbi hissə yox, bir ailə demək olar. Böyüyü böyük, kiçiyi kiçik olan bir ailə. Hər kəs öz yerini bilir.

Hərbçilərimizlə söhbət etdikcə vətənimizin, onun sərhədlərinin etibarlı əllərdə olduğuna əminliyimiz daha da artır.

Bu gün Laçının başı qarlı dağlarında, qırov tutan kirpiklərini qırpmadan, barmaqları donsa belə, silahın tətiyindən çəkməyən igidlərlə həmsöhbət olmaq insanın köksünü qabardır. Dillərindən düşməyən isə “Biz şəhidlərimizin arzularını gerçəkləşdirmək üçün hələ çox iş görməliyik. Hər an düşmənə qarşı ayıq-sayıq olmalıyıq. Şəhidlərimizin valideynləri qarşısında baş əyirik. Ən əsası odur ki, onların qanı yerdə qalmadı, uğrunda canlarını verdikləri Vətən torpaqları bu gün azaddır” sözləridir.

 

Möcüzəli Minkənd

Gecəni narahat yatağımızda, ana qucağı qədər isti və rahat keçirdik. Səhər hava işıqlaşan kimi əsgərlərimizlə bərabər oyandıq. Bütün qablarda su donub. Yollanıram Minkənd çayının sahilinə. Əl-üzümü dağlardan süzüb gələn göz yaşı kimi təmiz çay suyunda yuyuram. Əsgərlər bir-biri ilə “Bəlkə heç geri qayıtmayaq, adam burda koronavirusa da yoluxmaz” deyib zarafatlaşırlar.  

Ötən gündən hərbçilərdən soruşduğum maraqlı və mənzərəli yerləri görmək üçün darıxıram. Beləcə üz tuturuq Minkəndə…

Minkənd, sadəcə, möcüzədir. Nə qədər tərifləsəm, kimsə sonradan gedib görsə, deyəcək ki, az demişəm. Dağlardan axıb gələn şəffaf çay, sol sahilində cərgə ilə uzanan mağaralar. Sağ sahilində çayın 20 metrlik məsafəsində iki böyük qaynama bulaq. Qaynamaların arasındakı məsafə 50 metri keçməz. Biri içməli, mineral, digəri kükürdlü su. Dayanmadan qaynayıb axır. Möcüzə deyil, nədir?

Mineral suya el arasında “Turşsu”, kükürdlü suya isə “İstisu” deyilir. Suların dadına baxıram. 28 ildir, ermənilər milli sərvətimizi necə talan ediblər?! Müalicə əhəmiyyətli bu sulardan bəlkə də milyonlar qazanıblar...

Üz tuturam mağaralara tərəf. Qədim insan məskənlərindən ermənilər hər cür pul qazanmağa çalışıb. Burdakı böyük mağaralardan kafe-pavilyon kimi istifadə olunub, kiçik mağaralarda isə donuz və xırdabuynuzlu heyvanlar saxlanıblar. Mağaraların ağzını qar tutub. Arxadan hərbçilərimizin səsi gəlir: “Ehtiyatlı olun, ermənilər mina quraşdırmış ola bilər”.

Ətrafa göz gəzdirəndə elektrik dirəklərinin olmadığı diqqətimi çəkir. Bəs onda elektrik enerjisini hardan alıblar? Minkənd çayı boyunca yuxarı qalxıram. Bu sualımın da cavabın tapdım. Ermənilər çayın dar hissəsinin qarşısını kəsib, kiçik Su Elektrik Stansiyası qurublar. Lakin gedəndə söküb aparıblar. Məlum olur ki, onlar bu ərazilərdə, ən çox da çayların üzərində qurulmuş, kiçik Su Elektrik Stansiyalarından istifadə ediblər. Gedərkən də ya özləri ilə aparıblar, ya da dağıdıblar. Ona görə də ərazidə elektrik enerjisi yoxdur.

260 yaşlı Həmzə Sultan sarayı

Buraların hər addımı maraqlıdır. Gəzməli, görməli o qədər yer var ki... Hüsülü kəndində Həmzə Sultan sarayına baş çəkirik. Tarixi sənədlərdə sarayın 1761-ci ildə tikildiyi barədə məlumat verilir. Saray əvvəl böyük bir kompleks olub, dövrümüzə isə yalnız bir saray binası gəlib çatıb. Memarlıq və mühəndislik baxımından binanın dövrünün möhtəşəm tikintilərindən olduğu görünür. Sarayın qapı və pəncərələri incə işləmələrlə qoz ağacından hazırlanıb. Binanın tikintisində şərq memarlıq ənənələrinin geniş istifadə edilib. Saray binası yerli daşlardan və gəc-əhəng qatışığından inşa edilib.

Ermənilərin saraydan hotel kimi istifadə etdikləri barədə məlumatlar var. Əslində isə onların bu binanı əxlaqsız yuvasına çevirdiyi deyilir.

Bu yerlər yenidən cənnətə dönəcək

Sarayın ətrafı çox gözəldir. Düzü o, qədər gözəl bir mənzərə ilə üz-üzəyəm ki, geri qayıtmaq istəmirəm. Amma qayıtmaq məcburiyyətindəyəm. İşimiz hələ bitməyib.

Geri qayıdırıq, sola dönüb keçmiş adı Molla Əhmədli, indiki adı Əhmədli olan kəndə gedirik.

Bizi ilk qarşılayan sahibsiz itlərdir. İtin başımıza dolanması, sevincdən atılıb düşməsi qəlbimizi sızladır. Ermənilər itləri özləri ilə aparmayıblar. Üstümüzdə onlara verəcək heç nə yoxdur. Sadəcə, boyunları sevməklə könlünü alırıq...

Əhmədli kəndi hər iki tərəfdən dağlarla əhatə olunub. Burda da çoxlu sayda qədim yaşayış məskəni olan mağaralar var. Ermənilər bu mağaralarda da donuz saxlayıb. Mağaralarda məzarlıqlardan söküb gətirdikləri dəmir bağlamalarla arakəsmələr düzəldiblər. Kəndin hündür yerinə qalxıb baxdıqda, buranın vaxtilə çox gözəl bir yaşayış məntəqəsi olduğu aydın sezilir. Tək bu kənddə yox, çayboyu yerləşən bütün kəndlərdə gözəl meyvə bağları olduğunu eşitmişdim. Ən çox isə alma, armud və qoz ağaclarının olduğunu demişdilər. Amma indi o ağaclardan əsər-əlamət qalmayıb. Amma dağları yerində gördüm, daşı-torpağı həqiqətən qızıl olan bu yurd yerləri, elə yerində də durur. Az qalıb. Bu yerlər yenidən cənnətə dönəcək. Çünki artıq məkanın sahibi gəlib.

Azərbaycanlılar öz dədə-baba yurduna sahib çıxıb və çıxacaq. 

Beləcə gün sona çatır. Əslində, bizim də Laçına səfərimiz bitir. Sabah artıq həftənin cüt günü - azərbaycanlıların Laçın dəhlizindən istifadə edəcəyi gündür.

Səhər saat 06:00-da oyanıb, Rusiya sülhməramlılarının olduğu posta getməli, onların dəhlizdən keçirəcəyi maşın karvanına qoşulmalıyıq.

Niyə yalan söyləyim ki, heç qayıtmaq istəmirəm. Burda qalıb, burda yaşayıb, burda qocalmaq keçir adamın ürəyindən. Cənnətdə...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1824
avatar

Oxşar yazılar