Haqlısan, İqor Yuryeviç, bu müharibə hələ çox öyrəniləcək!
26 sentyabr 2021 13:45 (UTC +04:00)

Haqlısan, İqor Yuryeviç, bu müharibə hələ çox öyrəniləcək!


“Bəli, gün həmin məlumatla başlandı. Müdafiə naziri mənə məlumat verdi ki, təmas xəttindəki mövqelərimiz və bəzi yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Adekvat cavab vermək qərara alındı və beləliklə, biz müharibəyə qoşulduq. Məlum oldu ki, bu, labüd idi. Hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda biz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik”. 

Bu sözləri Prezident İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko ilə müsahibəsi zamanı bildirib. Müharibənin Ermənistanın ardıcıl və sentyabrın 27-də isə pik nöqtəyə çatan hərbi təxribatları, yeni müharibə və işğal planları nəticəsində başladığı heç kimə sirr deyil. Savaşın ilk günündən Azərbaycan Ordusunun torpaqları işğaldan azad etməyə başlaması, 44 gün hər zaman hücumda olması və müharibənin Azərbaycanın qəti qələbəsi ilə başa çatacağı da heç kimə sirr deyildi. 
Azərbaycanda güclü iqtisadi potensialın formalaşdırılması, ölkə Prezidenti İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi iqtisadi siyasətin uğurları, güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik ordunun yaradılması, Azərbaycan hakimiyyətinin qısa zamanda, çevik şəkildə bütün resurslarını səfərbər etmək və vahid məqsədə istiqamətləndirmək bacarığı, nəhayət ən əsası, Azərbaycanda xalq-iqtidar birliyi, milli həmrəylik Zəfərin təməlini qoydu. 

“Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı”.  Həmin dəmir yumruq əməliyyatının cənab Prezidentin qeyd etdiyi kimi “ən vacib mərhələlərindən biri, əlbəttə ki, ilk gün – 30 il ərzində yaradılmış və möhkəmləndirilmiş ilk müdafiə xəttinin yarılması oldu”. 
Sitat: “İndi azad edilmiş əraziləri ziyarət edənlər bu sonsuz xəndəkləri, tank əleyhinə qurğuları, tikanlı məftilləri və yüz minlərlə piyada və tank əleyhinə minaları olan nəhəng mina sahələrini görürlər. İlk gündəcə düşmənin müdafiə xəttini yara bilməsəydik, sonradan bizim üçün daha çətin olacaqdı”. 

Və məhz bunun bacaran şanlı Azərbaycan əsgəri sonradan qələbəni qələbə ardınca gətirdi. Ermənistan üçün ciddi sarsıntı olan Hadrut əməliyyatı və Hadrutun azad edilməsi, ilk şəhər kimi Cəbrayılın, onun ardınca Füzuli şəhərinin azad olunması ilə artıq bir həqiqət məlum olmuşdu: az, qalıb. Ən qısa müddətdə Şuşaya zəfər bayrağımız sancılacaq. 

Amma hiyləgər düşmən, yuxarıda da qeyd edildiyi kimi, on illər ərzində ciddi müqavimət xətləri yaratmışdı. Amma Azərbaycan əsgəri, onun rəşadətinin qarşısında heç xətt, maneə tab gətirə bilməzdi. Prezidentin də qeyd etdiyi kimi, 44 günlük savaşda ən əsas məqamlardan biri Soltanlı və Əmirvarlı kəndləri ətrafında yaşandı. 
Sitat: “Mən Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınmasını da qeyd etmək istərdim. Nə üçün? Ona görə ki, orada çox güclü möhkəmləndirilmiş rayon vardı. Biz düşmənin müqavimətini qırmaq üçün bir neçə gün çox fəal hərbi əməliyyatlar aparmalı olduq. Düşmən bəzi istiqamətlərdə silahını ataraq qaçırdı, - ermənilər özləri etiraf edirdilər ki, onlarda 10 min fərari var. Amma bəzi yaşayış məntəqələrində onlar sona qədər dayandılar. Biz bunu qeyd etməliyik. Fikrimcə, heç kəs şübhə etməməlidir ki, bəzi əməliyyatlarda erməni tərəfi dözümlülük göstərdi və heç bir halda düşməni lazımınca qiymətləndirməmək, onun ləyaqətini alçaltmaq və ya azaltmaq olmaz. Buna görə də Zəngilana gedən yolda yerləşən Soltanlının və Əmirvarlının azad edilməsi hadisələrin sonrakı gedişi baxımından çox böyük əhəmiyyət kəsb edirdi. Zəngilan şəhərinin alınmasına gəldikdə isə, onlar, əslində, oradan qaçırdılar, çünki müqavimət göstərməyə gücləri çatmırdı, üstəlik, hələ hərbi əməliyyatların ilk dövründə onlar səhvə yol vermişdi, onların əks-hücuma keçmək cəhdi hərbi baxımdan tamamilə axmaqlıq idi. Onlar müdafiə xəttini möhkəmlətmək əvəzinə qüvvələrini əks-hücuma yönəltdilər və tamamilə məhv edildilər. Əlbəttə, sonrakı əməliyyatı – Qubadlının azad edilməsini və Laçın rayonunun cənubuna çıxmağımızı da qeyd etmək istərdim. Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə nəzarət etməyimizə imkan verdi”.

 Şuşa əməliyyatı isə sözün həqiqi mənasında müharibənin  baş tacı idi. Uzun illər müzakirələrə, səbəb olacaq, araşdırılacaq, dünya hərb tarixinə yazılacaq bir əməliyyat! Sıldırımlı qayaları aşaraq Qafqazın bu incisini düşmən əlindən necə bir hərbi taktikayla azad edilməsini dünyanın hərbi ekspertləri hələ də araşdırmaqda, öyrənməkdədir. 
“44 günlük müharibə bu gün dünyanın aparıcı ölkələrinin baş qərargahlarında öyrənilir. Bunu isə biz demirik. Post-sovet məkanının nüfuzlu hərbi ekspertlərindən biri, adıgedən jurnalın baş redaktoru İqor Korotçenko deyir.

Haqlısan, İqor Yuryeviç. Bu analoqu olmayan bir müharibəydi. Azərbaycanın Ali baş Komandanı, Azərbaycanın qəhrəman ordusu, Azərbaycan xalqı bütün dünyaya dərs keçdi.
Öyrəniləsi çox şeylər var.

# 3693
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar