Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin bir qrupu bu gün Hatay bölgəsinə göndərilib.
FHN-dən Lent.az-a verilən məlumata görə, bu çərçivədə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Hatayda yerləşən Fövqəladə hallar üzrə Koordinasiya Mərkəzində Türkiyənin daxili işlər naziri Süleyman Soylunun iştirakı ilə keçirilən toplantıya qoşulub. Toplantıda zəlzədən ciddi ziyan çəkmiş Hatay bölgəsində mövcud vəziyyət, görüləcək işlər, o cümlədən Azərbaycan FHN-in xilasetmə qüvvələri tərəfindən bölgədə aparılacaq axtarış-xilasetmə əməliyyatlarının istiqamətləri müzakirə olunub, müvafiq qərarlar qəbul olunub.
Bundan əlavə, Türkiyə daxili işlər nazirinin müavini, Hatay Fövqəladə hallar üzrə Koordinasiya Mərkəzinin rəhbəri İsmayıl Çataklı ilə keçirilən təkbətək görüşdə FHN qüvvələrinin axtarış-xilasetmə əməliyyatları və atılacaq sonrakı addımlar geniş müzakirə edilib.
Türkiyəli rəsmilər göstərilən dəstəyə və yardıma görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürlərini bildiriblər.