Bu gün Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən məlumata görə, bununla bağlı təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev yeni hərbi hissənin fəaliyyətə başlaması münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.
Olkəmizin ərazi bütövlüyünün bərpa edilməsi və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının davam etdirilməsi qeyd olunub, işğaldan azad olunmuş müqəddəs sərhədlərimizdə xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olması vurğulayıb.
Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığının şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılan şəraitlə tanış olub, o cümlədən xidməti otaqlara, kazarma və yeməkxanaya, hamam-camaşırxana, anbar, silah və texniki vasitələrə, avtomobil texnikasına baxış keçiriblər.
Tədbirin sonunda xidməti fəaliyyətində fərqlənən hərbi qulluqçular təltif olunub.